Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti - VİDEO
Müzəffər
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib. Prezident İlham
Əliyevin müraciəti -Əziz həmvətənlər. Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı
hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi
atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər,
hərbçilər həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə
cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən
İkinci Qarabağ müharibəsində tam Qələbə qazanmışdır. Keçən il dekabrın 2-də
mənim Sərəncamımla sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis
edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin
əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət
diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu
gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq.
Bu da keçən ilin dekabrında mənim Sərəncamımla həll olunan məsələdir. Bakıda,
şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin
qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Onu da bildirməliyəm
ki, bu gün saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcəkdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu
Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində
düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə
demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim
ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq.
Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu
torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki
məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu
gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq
və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan
qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa
etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan
dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib
dövlət kimi əbədi yaşayacağıq. Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən
çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən
çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz
müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan
istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən
istifadə edirdi. Ancaq heç nə bizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm,
iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç
nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət
edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına
çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz
müqəddəs savaşa çıxmışıq. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü
var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm
dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər
və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz
hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar
haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə
addım ataq. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli
mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi,
baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu,
- geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı
Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda
10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik,
eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə,
əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç
vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük
xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh,
milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən
çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək,
şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim
qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30
il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və
ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş
düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur
oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun
nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri
qaytarıldı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq
Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda "Dağlıq Qarabağ” adlı
inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ” adlı ölünü diriltmək
istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ” adlı
qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq,
ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə
hesablaşmalıdır və hesablaşacaqdır. 44 gün ərzində bizə ən böyük dəstək verən qardaş
Türkiyəyə bu gün - Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm.
Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla
həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və
əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar
bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt
unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan
birliyini bir daha göstərdi. Bütün digər ölkələr ki, bizə siyasi dəstək
göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla
azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən
döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər. Onu da bildirməliyəm
ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub
alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də
bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram,
həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq
bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün
bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi
formalaşdıran tərəf də Azərbaycandır. 44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa
etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa
etmədik, biz erməni faşizminin başını əzdik. Bu gün azad edilmiş torpaqlara
gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.
Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz,
məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67
məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən
bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan
saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna
adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə
bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni
faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və
məlumatlandıracağıq. Ona görə də bizim Qələbəmiz qeyd etdiyim kimi, erməni
faşizmi üzərində əldə edilmiş Qələbədir. Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur,
ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya,
islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Azərbaycanlılara qarşı olan
nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər
vəhşilik törədilməzdi. Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir
ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da
deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir,
qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir.
Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də,
görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki,
biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik. 30
il ərzində bizim bütün tarixi abidələrimizi, milli sərvətlərimizi, təbii
resurslarımızı talayan, dağıdan düşmənə dərs verilməli idi, yoxsa yox?! Buna
baxmayaraq, müharibədən əvvəl mən dəfələrlə demişdim ki, əgər Ermənistan rəhbərliyi
öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək
torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Müharibə
dövründə də mən bunu dəfələrlə demişəm. Demişəm ki, Ermənistan rəhbərliyi bizə
tarix versin, hansı gündə hansı torpağımızdan çıxır və biz müharibəni
dayandırmağa hazırıq. Ancaq bunu etmədilər. 44 gündən sonra - artıq Ermənistan
ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən
çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu
dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın! Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri
görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti
üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə
bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz
görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd
etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin
və Qələbənin rəmzi olan "Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin
xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin
ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların
yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə
qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların
qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən
qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı,
onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi
yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara
artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin
etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz
hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ
Azərbaycandır!
Facebook-da paylaş