• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın”


27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi. Ən əsası da bütün dünya bir daha şahidi oldu ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edərək bildirib ki: "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir”.

Ermənistan iqtidarı çirkin üsullara müraciət edir.27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır. Ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Sentyabrın 27-də səhər tezdən bizə qarşı edilən hərbi hücum planlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında itkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizədir. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir. Xalq və ordu birliyi isə sarsılmazdır.On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Qələbələrimiz də xalqın ruh yüksəkliyinin səbəbidir. Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. Orduya inam, əsgərlərə güvən yüksək səviyyədədir. Orduya könüllü kimi yazılanların sayının dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir.

 

Bu gün Azərbaycan bütün dünyaya güclü dövlət və güclü ordunun var olduğunu bir daha nümayiş etdirir. Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir.

Bütün dünya yaxşı bilirdi ki, Ermənistan hökuməti işğalçıdır. 27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib. Azərbaycanın mübarizəsi isə haqq mübarizəsidir. 27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiş təxribatlar və Respublika Prezidenti İlham Əliyevin: "Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməninin işğalçı siyasətini ifşa edir.

Qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində bizi Şuşaya yaxınlaşdıran qələbələrin sayı durmadan artır. 27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqəsinin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırdı.

Ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

GOYEZEN.AZ



Facebook-da paylaş