Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ermənistanın
Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi
təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad
edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının
suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən
əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə
xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək,
düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən
düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə
cinayətləri törətmişdir. Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş,
yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin,
əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad
edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf
edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda,
regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin
edən mühüm amildir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının
şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir,
xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan
Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi
bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün
şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara
alıram: 1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında
Anım Günü kimi qeyd edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham
Əliyev Azərbaycan
Respublikasının Prezidenti Bakı
şəhəri, 2 dekabr 2020-ci il.
Facebook-da paylaş