• Təqvim

  • Maraq



Vətən müharibəsi qazisi qardaş Türkiyədən xoş təəssüratla qayıdıb


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, Prezident İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan güclü bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan və 30 illik həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. 

44 günlük Vətən müharibəsində şanlı tarix yazan, qazanılan qələbədə payı olan oğullarımızdan biri də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Çobanov Samir Natik oğludur.

Xidməti dövründə Vətənə olan sədaqət borcunu şərəflə yerinə yetirən Samir Çobanov bu gün öz peşəsini ləyaqətlə yerinə yetirməsi, ən əsası isə Vətəni canı qədər sevməsi, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını qurban verməsi ilə hər bir Azərbaycan gəncinə nümunədir. 

Bu gün qazi Samir Çobanov Respublika Prezidentinin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmana əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yaradılmış  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri olaraq üzərinə düşən vətəndaşlıq borcunu əldə rəhbər tutaraq öhtəsində olan işləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Ona göstərilən etimada görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirən qazi Samir Çobanov şöbəyə müdir vəzifəsinə təyin edilməsini bu gün də özünün timsalında qazilərimizə göstərilən qayğı kimi qiymətləndirir. Döyüş meydanında olduğu kimi, çalışdığı sahədə də öz işində məsuliyyətlə çalışan, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşan S.Çobanov bu gün həm də bir dövlət qulluqçusu olaraq hər kəsə örnəkdir. Çünki, bu, onun həyat amalıdır.

Bu günlərdə qardaş Türkiyədə səfərdə olan qazimiz bu səfərdən xoş təəssüratla qayıdıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Türkiyə Milli Savunma Bakanlığının təşkilatçılığı ilə baş tutan bu səfərdə S.Çobanov qardaş ölkədə 19 Sentyabr – Qazilər Günü münasibətilə keçirilən tədbirdə, “Kafkas İslam Ordusu ve Enver Paşa” mövzulu anma toplantısında iştirak edib, ölkəmizi həm bir qazi kimi, həm də bir azərbaycanlı olaraq yüksək səviyyədə təmsil edib.

Bu gün Samir Çobanov həm də ona görə qürurlanır ki, Qazaxda şəhidlərimizin xatirəsini əbədiləşdirən, igid Vətən oğullarına həsr olunmuş “Şanlı Vətən Oğulları” kitabını qardaş Türkiyədə dövlət rəsmilərinə, Türkiyə Cümhuriyyəti Ankara şəhərində Hava Kuvvetleri Komutanlığına, "Türkiyə Böyük Millət Məclisi”nin kitabxanasına, Türkiyə Milli Savunma Bakanı Yardımçısına, Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyinə, Ankarada Qazi Uyum Evinə təqdim edib. O, bunu böyük coşqu ilə səsləndirir. O, üzərində Göyəzən dağının fotosu olan xatirə hədiyyəsini Türkiyə Milli Savunma Bakanı Yaşar Gülere təqdim edərək doğma Qazaxımız haqqında məlumat verməyi də unutmayıb. 

S.Çobanov səfərdə iştirak edən qazilərlə birlikdə Ankara şəhərində Mustafa Kemal Atatürk'ün anıt məzarının yer aldığı Anıtkabiri ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar. Ankara şəhərində təşkil olunmuş 19 Sentyabr – Qazilər Günü münasibətilə səfərdə iştirak edən hər bir qazi və onların ailələri adından ağac da əkilib.

Ankara Ticaret Odasında “Kafkas İslam Ordusu ve Enver Paşa” mövzulu anma toplantısında iştirak edən qazimizin çıxışında isə bu sözlər yer alır. O, Bakının qurtuluşunun Türk dünyası üçün çox önəmli olduğunu bildirib. Bir millət, iki dövlət sözünün bu gün də önəminin davam etdiyini vurğulayıb. Bakının qurtuluşuna diqqət çəkən S.Çobanov bu gün əldə edilən bu nöqtədə Türkiyə və Azərbaycanın Türk dünyasının işığı olduğunu söyləyib. Öz çıxışını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əlyevin Qarabağ Azərbaycandır! sözləri ilə bitirən S.Çobanov şanlı zəfərdə qardaş Türkiyənin də böyük əməyi olduğunu bildirib. (https://www.demokratdergisi.com/2025/09/20/ankarada-kafkas-islam-ordusu-ve-enver-pasayi-anma-toplantisi/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR40uCTh0dI-0frsgtvc7FrG1nrUmEg0ewTn1yRlFuiiW9U1mzgnePFxRHHbKw_aem_ziDo6jHRl9BSoCAgSv0KCA

Kapitan Çobanov Samir Natik oğlu 18 aprel 1990-cı ildə Rusiya Federasiyasının Primorsk diyarında anadan olub. 1996-cı ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə qədəm qoyan Samir 2004-cü ildə həmin məktəbin 8-ci sinifini bitirərək öz arzularının arxasınca gedib. Həmin il C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olaraq hərb sənətinin sirlərinə dərindən yiyələnib. 2007-ci ildə Hərbi Liseyi bitirdikdən sonra hərbi biliklərini daha da təkmilləşdirmək üçün elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə İdarəetmə mühəndisliyi fakültəsinin inzibati idarəetmə ixtisasına qəbul olub. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirən Samir həmin ildə Leytenant hərbi rütbəsini alıb.

2011-2012-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) “Yerüstü artilleriya tağım komandiri” kursunu bitirib. 2012-ci ildə “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunub. 2014-cü ildə Baş leytenant hərbi rütbəsini alıb. 2016-cı ildə “Batareya komandiri” vəzifəsinə təyin olunub. 

İllərlə çəkdiyi zəhmətin bəhrəsini görən Samir Çobanov 2018-ci ildə növbəti Kapitan hərbi rütbəsini alıb. 

Xidməti dövründə Vətənə olan sədaqət borcunu şərəflə yerinə yetirən Samir Çobanovun döyüşlərdə göstərdiyi igidliklər, öz peşəsini ləyaqətlə yerinə yetirməsi, ən əsası isə Vətəni canı qədər sevməsi hər zaman yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə medallara, fəxri fərmanlara layiq görülüb. 

24.06.2013-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, 26.06.2018-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

2016-cı ilin Aprel döyüşlərində iştirak edərək şanlı tarix yazan, şanlı Qələbəmizin ilk addımlarını atan Samir Çobanov nəhayət 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda “N” saylı hərbi hissənin tərkibində batareya komandiri vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb. 03.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəlpə yaraları alıb. Aldığı yaradan sol gözünü Vətən uğrunda qurban verən qazimizin döyüşdə göstərdiyi igidlik bu dəfə də yüksək qiymətləndirildi.

Vətəni göz bəbəyi kimi qoruyan, bu yolda sağlamlığını itirən qazimizin qəhrəmanlığı Respublika Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək o, ölkə başçısının 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, bundan əlavə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.



Facebook-da paylaş