İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan gizir İlham Şəmşiyevin ailəsini ziyarət edib
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi. Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu gizir Əhmədov Elvin Qələndər oğlu, Qazaxın igid oğulları (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan İlham, Elvin, Ramin, Fərid, Akşin kimi qəhrəman oğullarımızın şücaəti, igidliyi sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Sentyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Yuxarı Salahlı kəndində olub, qəhrəman şəhidimizin ailəsini ziiyarət edib. İcra başçısı Qarabağ uğrunda canını fəda etmiş bütün şəhidlərimiz kimi, İlham Şəmşiyevin də hər zaman yad olunacağını bildirib. Nə qədər ki, Azərbaycan xalqı var İlham kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını qeyd edib. İgid Vətən oğullarının göstərdiyi igidliyin, qəhrəmanlığın hər zaman xatırlanacağını, yaddaşlara əbədi həkk olunacağını söyləyib. Bugünkü və gələcək nəsillərin hər zaman İlham tək oğullarımızdan örnək götürəcəklərini vurğulayıb. Gizir Şəmşiyev İlham Şakir oğlu 9 aprel 1997-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2003-cü ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə başlamış Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2022-ci ildə gizir hərbi rütbəsində xidmətini davam etdirib. Şəmşiyev İlham Şakir oğlu 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı N saylı Komando hərbi hissəsinin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 20.09.2023-cü il tarixdə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İlham Şəmşiyev "Xocavəndin azad olunmasına görə", Baş nazir Əli Əsədovun 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Şəmşiyev İlham Şakir oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir İlham Şəmşiyevin adı verilib.
Facebook-da paylaş