Əsas Səhifə > Mədəniyyət > İki qardaş ölkə arasında münasibətlərin ən ali zirvəsi - Şuşa Bəyannaməsi
İki qardaş ölkə arasında münasibətlərin ən ali zirvəsi - Şuşa Bəyannaməsi16-06-2022, 08:41 |
15 iyun 2021-ci ildə Azərbaycanın şanlı tarixində ilk dəfə olaraq Şuşa şəhərində Azərbaycan liderinin xarici dövlətin - qardaş Türkiyə Respublikasının başçısı ilə müttəfiqlik münasibətləri haqqında imzaladıqları Şuşa Bəyannaməsi xalqımızın qurtuluşu, müstəqilliyimizin xilası gününə daha da möhtəşəmlik qatdı. Eyni zamanda Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində imzalanan Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyə arasında münasibətlərin hərbi-siyasi və iqtisadi sahədə müttəfiqliklərinin rəsmi şəkildə elan edilməsi baxımından böyük rəmzi mənası vardır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi, Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj kimi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı, ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etdi. Şuşa Bəyannaməsi həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi həmçinin bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də əlavə imkanlar yaradır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Əməkdaşlıq sayəsində yeni iqtisadi perspektivlər yaranıb. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Hərbi əməkdaşlıq Bəyannamənin strateji əhəmiyyətini daha da artırır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Geri qayıt |