• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir”


Cari ilin 24 fevral tarixi Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü ilə yadda qaldı. 

Prezident İlham Əliyev bildirdi ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq almışıq və heyətlərimiz onları dəyərləndirir. Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və hesabat vermək üçün bir ay müddət veririk. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir.

Ölkə başçısı qeyd etdi ki, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. İqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.

Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü çərçivəsində mətbuata bəyanatla çıxış etdilər. 

Dövlət başçısı vurğuladı ki, bu dinamika ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

Ölkə rəhbəri bildirdi ki, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Bu gün zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Bu gün çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir.

Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, ticari dövriyyəmizin artımını da görəcəyik.


Ölkə başçısı qeyd etdi ki, bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.

Nəqliyyat və kommunikasiyalar əsas müzakirə mövzusudur. Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim - istər Şimal-Cənub və ya Şərq-Qərb. Azərbaycan hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.


Ölkə başçısının söylədiyi kimi, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Bu gün güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq.

Prezidenti İlham Əliyev Azərbaycan-Pakistan biznes-forumunda da çıxış etdi. Dövlət başçısı vurğuladı ki, biznes forum ikitərəfli gündəliyimizi əks etdirir. Sizin dövlət səfəriniz çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes-forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir. Biz çox məmnunuq ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Əminəm ki, Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.


Ötən ilin yayında Pakistana səfərim zamanı bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.

Ölkə başçısı söylədi ki, biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, - bu gün bu sahəyə maye qaz daxildir, - əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan söz açan ölkə rəhbəri qeyd etdi ki, eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.

Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik. Bir daha, əziz qardaşım, Azərbaycana səfər etdiyinizə görə Sizə təşəkkür edirəm. Təşəkkür edirəm ki, Sizi biznesmenlərdən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Siz vətəninizə gəlmisiniz. Biz də, eyni zamanda, Sizin gözəl ölkənizdə olarkən özümüzü evimizdəki kimi hiss edirik. Biz əziz qardaşımla verdiyimiz bütün təlimatların tam icra olunacağına əminik. Aprel ayında sənədlərin hazır olmasını gözləyirik.


Fevralın 24-də Bakıda imzalanan sənədlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə, “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişi, “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi-tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” həmin əhəmiyyətli sənədlərdir.


Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.

Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır.

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi,   2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.

Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir.

Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.

İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.


Dövlət başçılarının qarşılıqlı səfərləri tarixi əhəmiyyət daşıyır. 12 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına rəsmi səfər etmişdir.

13-16 oktyabr  2012-ci il tarixində Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı).

11-14 mart  2015-ci il tarixində Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər etmişdir.

28 fevral - 1 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı).

25-26 oktyabr 2019-cu il tarixində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycana işgüzar səfər etmişdir (Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı).

11-12 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfəri etmişdir.

Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 5-7 may  2006-cı il tarixində Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).

14-15 iyun 2023-cü il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdir.


13 noyabr 2024-cü il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif COP29 çərçivəsində “İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində iştirak etmişdir.

23 fevral 2025-ci il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfəri etmişdir. 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 3 may 2006-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı).

19-21 iyun 2006-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri X.M.Kasuri Azərbaycana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici işlər Nazirlərinin 33-cü Sessiyası).

15-17 may 2007-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri şurasının 34-cü konfransı).

15 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir.

13-16 oktyabr 2012-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri Hina Rabbani Xar Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı).

28 fevral-1 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistana işgüzar səfər etmişdir (İslam Konfransı Təşkilatının 13-cü Zirvə Toplantısı).

30 noyabr-1 dekabr 2017-ci il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asif Azərbaycana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşü və “Asiyanın ürəyi-İstanbul Prosesi”nin 7-ci Nazirlər Toplantısı).

13-14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin ikinci görüşü).


18-19 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədən kənar iclası).

11 oktyabr 2023-cü il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri Cəlil Abbas Cilani İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində Azərbaycana səfər etmişdir.

30 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistanda rəsmi səfərdə olmuşdur.

Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Qafarov Kamaləddin Nəsrəddin oğludur. Senatda Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Senator Prince Ahmed Omer Ahmedzaidir.

Müqavilə-hüquq bazasına gəlincə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında bu vaxta qədər 50 sənəd imzalanmışdır.



Facebook-da paylaş