Onlara ehtiram və qayğı mənəvi borcumuzdur
Respublika mətbuatı Qazax haqqında Qazaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tibb xidməti leytenantı Adil Qədir oğlu Əfəndiyevin doğum günü ailəsi ilə birlikdə qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri qəhrəman şəhidimizin ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Rayon rəhbəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışaraq həmin zəfərdə payı olan Adil kimi qəhrəman oğullarımızla bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Torpaqlarımızın işğaldan azad olunması ilə şəhidlərimizin qisasının alındığı vurğulanıb. Şəhidlik zirvəsinə ucalan Adil tək oğullarımızla illər ötsə belə gələcək nəsillər qürur duyacaq, Azərbaycan xalqı şəhidlərimizi daim yad edəcək, onlar qəlblərdə əbədi yaşadacaq. Şəhid atası Qədir Əfəndiyev ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Şəhidimizin doğum günündə xatirəsinin yad olunmasını Adilin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2012-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi" ixtisasına yiyələnmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N" saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Oktyabrın 25-də Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. 25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində küçələrdən birinə şəhidin adı verilib, yaşadığı evin önünə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə büstü ucaldılıb. Vəli VƏLİYEV, "Respublika" qəzetinin bölgə müxbiri, 16 avqust 2025-ci il, səhifə 9 https://respublika-news.az/az/news/onlara-ehtiram-ve-qaygi-menevi-borcumuzdur
Facebook-da paylaş