İcra başçısı Vətən müharibəsi şəhidi Asəf Nəsibovun babasının hüzr mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
2020-ci ilin 27 sentyabr tarixi müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları, şəhidlərimiz, qazilərimizlə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır... Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində 26 yaşında müqəddəs Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Nəsibov Asəf Səfəralı oğludur. 2024-cü ilin 15 avqustunda qəhrəman şəhidimizin babası Şöyübov Şəmkət Abdulla oğlu dünyasını dəyişdi. Qaymaqlı kənd qəbiristanlığında dəfn edilmiş mərhumun bu gün il mərasimi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qaymaqlı kəndində olub, şəhidimizin babasının il mərasimində iştirak edərək mərhumun vəfatı ilə əlaqədar bir daha ailəsinə və yaxınlarına başsağlığı verib. İcra başçısı Rəcəb Babaşov mərhum Şəmkət Şöyübovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin atasına və anasına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, şəhidlərimizlə yanaşı, onların ata və analarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. Şəhid Asəf Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi fakültəsinə qəbul olmuş, 2015-ci ildə həmin universiteti bitirmişdir. 25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 10.09.2016-cı ildən 13.09.2017-ci ilədək Bakı Şəhər Xəzər Firmasında xəritə mühəndisi vəzifəsində işləmişdir. 14.09.2017-ci ildən 01.05.2018-ci ilədək Qazax rayon Yol İstismar İdarəsində kiçik mühəndis olaraq işləmişdir. 01.05.2018-ci ildən 12.11.2018-ci ilədək fərdi əməklə məşğul olmuşdur. 12.11.2018-ci ildən 28.09.2020-ci il tarixədək İqtisadiyyat Nazirliyi tabeliyində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş-mütəxəssis olaraq işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Müharibə Asəf Nəsibova tanış idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acılarını görmüşdü. Ona görə də Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərə qatılanda müharibə heç də ona çətin gəlmədi. Asəf Nəsibov Cəbrayılın, Qubadlının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. “N” saylı hərbi hissənin 3-cü taborun 7-ci bölüyün 2-ci tağımın 2-ci manqasının heyət nəfəri-atıcısı əsgər Asəf Nəsibov 28.10.2020-ci il tarixdə Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 31.10.2020–ci ildə doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Nişanlı idi. Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Asəf Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”medalları ilə təltif edilmişdir.
Facebook-da paylaş