• Təqvim

  • Maraq



Yaşasaydı igid Vətən oğlunun bu gün 30 yaşı tamam olacaqdı...

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına və hərb tariximizə bizi Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc günü kimi əbədi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları, şəhidlərimiz, qazilərimizlə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...


İllərdir həsrəti ilə yaşadığımız doğma torpaqlarımız uğrunda başladığımız haqq savaşında, müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalanlardan biri də şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur.

Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Adil Əfəndiyevin cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 30 yaşı tamam olacaqdı... 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Adil Əfəndiyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Adil kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Adil tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! 


Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb.



Facebook-da paylaş