• Təqvim

  • Maraq



Artıq üçüncü ildir ki, 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur


Bu gün qürurla deyə bilərik ki, 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib qalib Azərbaycanın uğurlarına şahidlik edir. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ölkə başçısının xalqımıza bəxş etdiyi növbəti töhfədir. Sözügedən Sərəncama əsasən 26 avqust - Laçın Şəhəri Günü kimi müəyyən olub. Artıq üçüncü ildir ki, xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Laçın şəhərinin necə işğal olunduğunu da unutmuruq.

Tarixə nəzər salsaq görərik ki, 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

Hər kəsə yaxşı məlumdur ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

O da sirr deyil ki, Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.

Rəsmi İrəvanın cinayətlərinə gəlincə Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

Tarixi ədalətin təntənəsi olan Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

“Laçının azad olunmasına görə” medalın təsis olunması mühüm amildir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün onu da fəxrlə söyləyə bilərik ki, Laçın rayonunun yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. 

 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

Laçın rayonunun enerji potensialına gəlincə ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.

Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.

Bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələr icra olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. 


Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Genişmiqyaslı quruculuq işlərinə nəzər salsaq görərik ki, bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın rayon 2 nömrəli tam orta məktəbin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.

Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır.  2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.

2023-cü ilin avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.

Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində hazırda 54 nəfər çalışır ki, onların da 42-si Laçın sakinidir. İş həcminə görə gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq.

Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

Heyvandarlıq, arıçılıq və balıqçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. 2023-cü ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.

Yerli sakinlərin və turistlərin istirahəti üçün də təqdirəlayiq layihələr icra edilir. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək.

Qürurverici olan odur ki, 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın rayonunun Zabux kəndinə gəlincə ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir. 

Laçın rayonunun Sus kəndinə gəlincə tamamilə yenidən tikilərək istifadəyə verilən və 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

Laçın rayonunun Bəylik kəndinə gəlincə Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır. Bəylik kəndində klub-icma mərkəzində rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Qürur duyulası hadisədir ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir. 


Prezident İlham Əliyevin azad olunmuş Laçına səfərləri yaddaşlara hər zaman əlamətdar hadisələrlə yazılır.

14.02.2021-ci il tarixli səfər Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması, su elektrik stansiyasının açılışı, 16.08.2021-ci il tarixli səfər Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi ilə yadda qaldı. 

26.06.2022-ci il tarixli səfər Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıqla yaddaşlara yazıldı.

21.09.2022-ci il tarixli səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq oldu. Laçın şəhərində Azərbaycan Bayrağı ucaldıldı. Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi keçirildi.

28.05.2023-cü il tarixli səfər zamanı Laçın şəhərinin Baş planın təqdimatı, Laçın şəhərinə köçmüş sakinlərlə görüş oldu.

25/26.08.2023-cü il tarixli səfərdə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanışlıq oldu. Mehmanxana kompleksinin təməlqoyma mərasimi, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra, “Həkəri Balıq Təsərrüfatı”nın açılışı oldu. Laçının Zabux kəndində görülmüş işlərlə tanışlıq və sakinlərlə görüş keçirildi. Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirakla yaddaqalan oldu.

10.05.2024-cü il tarixli səfərdə Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanışlıq və sakinlərlə görüş oldu. Ölkə başçısı “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak etdi.

27.05.2025-ci il tarixli səfər zamanı “LATIFA” Laçın tikiş fabrikinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, Laçın rayonunun Bəylik kəndinin, Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, “Laçın” İstirahət Kompleksinin, Laçın Beynəlxalq Hava Limanının açılışları oldu. Laçın kanat yolunun təməlqoyma, Laçının Bəylik kəndinə köçən sakinlərlə görüş, onlara evlərin açarlarını təqdim etmə mərasimi, Laçın şəhərində sakinlərlə görüşü, Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü, Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanışlıq, Laçında Azərbaycan Prezidentinin Türkiyə Prezidenti ilə təkbətək görüşü, Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü, Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert proqramı ilə əlamətdar oldu, Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar.



Facebook-da paylaş