• Təqvim

  • Maraq



Qazaxda yaz-tarla işlərinə hazırlığın mövcud vəziyyətinə dair müşavirə keçirilib


Aprelin 16-da 2024-cü ilin məhsulu üçün yaz-tarla işlərinə hazırlığın mövcud vəziyyətinə dair müşavirə keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı bildirib ki, ölkə başçısının da səsləndirdiyi kimi, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir. 

Müşavirədə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri son illər bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlər sayəsində son illər əkin sahələrində xeyli sayda artım olmuşdur. 


Bildirilib ki, 2016-cı ildə 16520,6 hektar sahədə əkin aparılmışdısa, 2024-cü ildə 20640,0 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. İllər üzrə olan fərqi müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir. Bu inkişafın ən bariz nümunəsi isə rayonda əkilən taxıl sahəsidir. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahənin inkişafı üçün böyük səylə çalışırlar. Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. 

2016-cı ildə 7820 hektar sahədə taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2024-cü ildə 11445,0 hektar sahədə taxıl əkilmişdir ki, bunun 4507,0 hektarını buğda, 6938,0 hektarını arpa təşkil edir. 

Müşavirədə Qazaxda kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluğun da ənənəvi sahələrdən biri hesab edildiyi vurğulanıb. Qeyd edilib ki, rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlərin görüldüyünü ildən-ilə artan kartof sahələrinin hektarından, əldə edilən bol məhsuldan da aydın şəkildə görmək olar. İşçi qüvvəsi baxımından tələbatın çox olduğu bu sahə rayonda yeni iş yerlərinin açılmasında da böyük əhəmiyyət kəsb edir. Əgər 2016-cı ildə rayonda 433 hektar sahədə kartof əkilmişdisə, 2024-cü ildə 1320 hektar sahədə kartof əkilib.  

Rayon rəhbəri bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan icra başçısı statistik rəqəmləri diqqətə çatdırıb. Bildirib ki, 2016-2017-ci illərdə 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır ki, bunun da 153,99 km-i texnika, 120,79 km-i əl əməyi ilə həyata keçirilib. 2017-2018-ci illərdə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür ki, 151,43 km-i texnika, 151,01 km-i əl əməyi ilə aparılıb. 2018-2019-cu illərdə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi ilə olmaqla, 303,23 km məsafədə təmizlik işləri görülüb. 2019-2020-ci illərdə əkin sahələrinin suvarılması məqsədilə 124,67 km-i texnika, 206,82 km-i əl əməyi ilə olmaqla, 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. 2020-2021-ci illərdə işlər eyni qaydada həyata keçirilib. Bu məqsədlə 106,02 km-i texnika, 189,51 km-i əl əməyi ilə olmaqla, 295,53 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilib. 2021-2022-ci illərdə 347,60 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 163,30 km-nin texnika, 184,30 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. 2022-2023-cü illərdə 358,09 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 198,80 km-nin texnika, 159,29 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. Son 7 ildə 1051,70 km-i texnika, 1161,46 km-i əl əməyi ilə olmaqla, 2213,16 km məsafədə təmizlik işlərinin aparıldığını qeyd edib. 2023-2024-cü illərdə 344,75 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılmasının nəzərdə tutulduğunu, bunun da 193,40 km-nin texnika, 151,35 km-nin əl əməyi ilə həyata keçirildiyini bildirib. Faktiki olaraq 387,47 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 229,70 km-nin texnika, 157,77 km-nin əl əməyi ilə həyata keçirildiyini vurğulayıb. 


Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük” fikrinin hər birimizə örnək olduğunu söyləyib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyindən söz açıb. Bunun üçün SİB-lərin, eləcə də digər aidiyyəti şəxsləri üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Eyni zamanda, hazırda rayonda 214 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.



Facebook-da paylaş