• Təqvim

  • Maraq



Qazaxda kənd təsərrüfatının mövcud vəziyyətinə və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib

Hazırda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərir. Dövlət tərəfindən sahibkaralara, kəndli fermerlərə göstərilən dəstək ölkə iqtisadiyyatında böyük paya sahib olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir. Qeyd edək ki, kənd təsərrüfatı sahəsi neft sənayesi və tikinti sektorundan sonra Azərbaycan iqtisadiyyatında üçüncü böyük sahədir. Burada digər iqtisadi göstəricilərlə yanaşı, aqrar sektorun işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasındakı rolunu da vurğulamaq vacibdir. Həmçinin, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.

Sevindirici haldır ki, son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir.

Bu gün bu fikirlər Qazax rayonunda kənd təsərrüfatının mövcud vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirədə səslənib.

Gənclər Mərkəzində keçirilən müşavirədə RİHB aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələri, tarla agentləri, idarə və müəssisə rəhbərləri, məsul işçilər, işçi qrupunun üzvləri, kənd ağsaqqalları, sahibkarlar və KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq bildirib ki, bu ilin son iki ayında artıq ikinci dəfədir ki, belə geniş tərkibdə müşavirə keçiririk. Bugünkü müşavirənin əsas məqsədi kənd təsərrüfatında olan mövcud vəziyyəti öyrənmək və qarşıda duran vəzifələri müzakirə etməkdir. Bundan əlavə, taxıl səpininin, arx və kanallarda aparılan təmizlik işlərinin, suvarma ilə bağlı mator və nasosların mövcud vəziyyəti ilə yaxından tanış olmaq, torpaqdan səmərəli istifadənin vacibliyini önə çəkməkdir.


Sonra icra başçısı rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi 2018-ci ildə kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələrdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmaqla yanaşı, 2019-cu ildə qarşıda duran vəzifələrdən də danışmaqdır. Məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir.

Rayon rəhbəri bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. 


Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.

2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini verir. Bu gün istər sahibkarların, istərsə də sadə kəndlilərin torpağa qayıdışı, münasibəti yüksək səviyyədədir. Əvvəllər arx və kanalların təmizlənməsində 5-6 nəfər iştirak edirdisə, bu gün sakinlər kütləvi şəkildə iştirak etməyə üstünlük verirlər. Ümumrayon işində kənd təsərrüfatının inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

Rayonda mövcud olan subartezian quyularından danışan icra başçısı bildirib ki, əgər 2016-cı il tarixə rayonda 157 subartezian quyusu vardısa, bu gün bu rəqəm 188-ə çatdırılıb. Son iki ildə - 2016 və 2017-ci illərdə hər il üzrə 11 subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi rayonda əhalinin su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlərin bariz nümunəsidir. 2019-cu ildə də daha 11 subartezian quyusunun qazılmasının nəzərdə tutulması bu sahədə həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.  Bundan başqa, diqqət çəkən məqamlardan biri isə odur ki, bu gün kəndlinin fikri nəzərə alınır. Belə ki, qazılması nəzərdə tutulan subartezian quyularının hansı ərazidə qazılması işçi qrupunun, kənd camaatının iştirakı ilə seçilir. Bu, isə yenə də vətəndaş amilinin ön planda olmasından xəbər verir.


İcra başçısı bildirib ki, bu gün rayonda sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bu sahədə çalışan insanlara dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Məhz bu qayğı nəticəsində yeni sosial obyektlər, fabriklər, ən əsası isə yeni iş yerləri yaradılır. Əgər bu sahə üzrə 2016-cı ildə 8153 adam işləyirdisə, 2018-ci ildə bu rəqəm 13500-ə çatdırıldı.     Bütün bunlar o deməkdir ki, kənd təsərrüfatının inkişafı üçün dövlət hər bir vətəndaşın yanındadır. Ölkə başçısının siyasətinin əsasını da vətəndaş amili təşkil edir. Dövlətimiz vətəndaşı üçün bütün imkanları yaradırsa, biz də öz növbəmizdə bundan sonra da çalışmalıyıq ki, bütün sahələr üzrə, o cümlədən də kənd təsərrüfatı üzrə töhfəmizi verək.

Müşavirədə çıxış edən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını rayonda əkilən taxıl sahəsinin hektarından da aydın şəkildə görmək olar. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahəsinin inkişafı üçün böyük səylə çalışırlar.


Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. Rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11040 hektar taxıl sahəsindən 8289 hektarında buğda, 2751 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.

Qeyd edib ki, 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 12601 hektar sahədə şumlanma aparılmış, 6967 hektar buğda, 3683 hektar arpa olmaqla, cəmi 10650 hektarda taxıl səpilmişdir.

Bildirib ki, 2018-ci ilin məhsulu üçün rayonda kənd təsərrüfatı sahəsində 9102 hektar buğda sahəsindən 33309,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 36,6 sentner, 3527 hektar arpa sahəsindən 8676,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 24,6 sentner olmuşdur.  


Qeyd edilib ki, 2018-ci ildə səpin üçün proqnozlaşdırılmış 13180 hektar payızlıq taxıl səpini üçün cəmi 27484 ton olmaqla, 20680 ton buğda, 6804 ton arpa toxumuna ehtiyac olmuşdur. Ondan da 540 ton buğda, 7 ton arpa toxumu rayonda olan toxumçuluq təsərrüfatlarında istehsal olunmuşdur. 201 ton buğda və 71 ton arpa toxumu respublikamızın başqa toxumçuluq təsərrüfatlarından gətirilmişdir.

H.Pənahov qeyd edib ki, 2018-ci ilin 11 ayında kənd təsərrüfatı məhsulu istehsalçılarına güzəştli qiymətlərlə satılmaq üçün 2624 ton mineral gübrələr gətirilmiş, 2012,5 ton satılmışdır ki, bunun da 454 tonu ammofos, 1258 tonu ammonium-nitrat, 589 tonu nitroammofoska, 243 tonu karbomid, 80 tonu ammonium-sulfat gübrəsi olmuşdur. 1 dekabr tarixinə "Aqrolizinq” ASC-nin Qazax bölməsində 611,5 ton gübrə qalmışdır ki, bundan da 549 ton ammonium-nitrat, 62,5 ton karbomid gübrələridir. Bundan əlavə, 2018-ci ilin payızında səpilən taxıl sahəsi üçün 454 ton ammofos və 289 ton nitroammofoska gübrələri güzəştli qiymətlə satılmışdır.

Geniş müzakirə şəraitində keçən müşavirədə bildirilib ki, rayonumuzda barama istehsalı da ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Rayon üzrə 2018-ci ildə Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi  nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir. Kiloqramla müqayisə etsək 1637,3 kq çox deməkdir.

Qeyd olunub ki, Qazax rayonunda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə də böyük önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmçinin. 2019-cu ildə isə tütün sahəsinin 65 hektara çatdırılması nəzərdə tutulmuşdur.

Tütünçülüyün inkişafı məqsədilə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir. Sahələrdən bu günədək 56 tondan çox məhsul tədarük edilərək "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi davam edir.


Müşavirədə iştirak edən Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov də çıxış edərək payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsinin vacibliyindən söz açıb. Qeyd edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 91,81 km-i təmizlənib. Bunun da 51,37 km-i əl əməyi, 40,44 km-i isə texnika vasitəsilə həyata keçirilib.


A.Göyüşov müşavirədə diqqətə çatdırıb ki, bu gün Suvarma Sistemləri idarəsi rayonun 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kub.m olan Ağstafaçay su anbarı, tutumu 20 milyon kub.m olan Coğazçay su anbarı, tutumu 2,6 milyon kub.m olan İncəsu çay su anbarı, tutumu 0,2 milyon  kub.m olan "Acı dərə” kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır.

Qarşlıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə Sudan İstifadə Birliklərinin icraçı direktorları da çıxış edərək rəhbərlik etdikləri birliklər üzrə gördükləri işlərdən söz açıblar.


"Umud” SİB-in icraçı direktoru Mikayıl Umudlu çıxış edərək bildirib ki, birlik olaraq 6 kəndin - Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı və Yuxarı Salahlı   kəndlərininin 4744 hektar sahəsinə xidmət edir. Qeyd edib ki, 2018-ci il bizim üçün uğurlu il olmuşdur. Bu il əkin sahələrinin suvarılması üçün Suvarma Sistemləri İdarəsindən 7452 kubmetr suvarma suyu qəbul olunmuş və su istifadəçilərinə verilmişdir. Sib direktoru 2019-cu ildə də qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlinməsi üçün lazımi tədbirlərin həyata keçirildiyini də qeyd edib.   


"Daş Salahlı” SİB-in icraçı direktoru Almara Abdullayeva çıxışı zamanı qeyd edib ki, birlik olaraq 5 kəndi - Daş Salahlı, Ürkməzli, Alpout, Abbasbəyli və Fərəhli kəndlərini əhatə etməklə, 3905 hektar əraziyə xidmət göstərilir. Bunlardan Daş Salahlı kəndi ərazisində 2061 ha, Ürkməzli kəndində 406 ha, Abbasbəyli kəndində 154 ha, Alpout kəndində 284 ha, Fərəhli kəndində isə 1000 ha-dır. Cari ilin əvvəlindən 30 noyabr 2018-ci il tarixədək Suvarma Sistemləri İdarəsindən 10217 kubmetr su götürülmüş və buna müvafiq olaraq 6385 hektar həyətyanı və pay torpaq sahələri suvarılmışdır. Rayonun digər kəndlərində olduğu kimi, Daş Salahlı kəndində də arx və kanalların təmizlənməsi sahəsində görülən işlərin sürətlə davam etdirildiyini bildirib. Eyni zamanda, taxıl sahələrində növbəlilik əsasında suvarma işlərinin aparıldığını, Qazax SSİ-nin tələbatına uyğun suyun verilməsinin təmin olunduğunu diqqətə çatdırıb. Qarşıdan gələn 2019-cu ildə də əhalinin suvarma suyu ilə vaxtında və itkisiz təmin olunması üçün birlik olaraq var qüvvələri ilə çalışacaqlarını qeyd edib.


"Xanlıqlar” SİB-in icraçı direktoru Qədir Mustafayev də 2018-ci ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Bildirib ki, 4 kəndi - Xanlıqlar, Ağköynək, Qarapapaq və Cəfərli kəndlərini əhatə edən bu birlik öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. 2017-ci ildə 2115 hektar suvarılan əkin sahəsi mövcud olmuş, həmin sahələrə 8112 kubmetr verilmişdir. 2018-ci ildə də 2115 hektar suvarılan əkin sahəsinə 7829 kubmetr su alınaraq istehlakçılara satılmışdır. Digər kəndlərdə olduğu kimi, əkin sahələrinin suvarılması növbəlilik əsasında həyata keçirilmişdir. Bildirib ki, Xanlıqlar kəndində 21,20 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 9,60 km-i əl əməyi, 11,60 km-i isə texnika vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə 7,38 km arx təmizlənib ki, bunun da 4,90 km-i texnika vasitəsilə, 2,48 km-i isə əl əməyi ilə həyata keçirilib.


Görülən işlərdən söhbət açan "Çaylı” SİB-in icraçı direktoru Asim Carçıyev də rayonumuzda kənd təsərrüfatının ildə-ilə inkişaf etməsini yüksək qiymətləndirib. Bildirib ki, rəhbərlik etdiyi sudan istifadə birliyi 3 kəndi - Çaylı, Bala Çaylı və Dəmirçilər kəndlərini əhatə edir. 2565 hektar suvarılan əkin sahələrinin suvarılmasında kənd saklinlərinə xidmət göstərir. Çaylı kəndində 1338 ha. Bala Çaylı kəndində 417 ha və Dəmirçilər kəndində 810 ha əkin sahəsi suvarılır. Başqa kəndlərdə olduğu kimi, birliyin əhatə etdiyi kəndlərdə də payızlıq əkin sahələrinin suvarılmasına başlanıldığını və növbəlilik əsasında həyata keçirildiyini vurğulayıb. Bu günə kimi növbəlilik əsasında 145 hektara yaxın ərazidə suvarılma aparıldığını qeyd edib. 2019-cu ilin vegetasiya suvarmasına hazırlıq məqsədilə birliyin ərazisinə daxil olan kəndlərdə də arx və kanallarda təmizlik işlərinin həyata keçirildiyini, kol-kosdan, lildən təmizləndiyini bildirib.

Çaylı-Bala Çaylı kəndlərində 25,10 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 9,40 km-i texnika, 15,70 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 5,43 km təmizlənib ki, bunun 1,50 km-i texnika, 3,93 km-i əl əməyi ilə həyata keçirilib.

Dəmirçilər kəndi üzrə 27,10 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 14,00 km-i əl əməyi, 13,10 km-i isə texnika vasitəsilə təmizlənir. Kənddə hələ ki, bu günə kimi 2,85 km arx təmizlənib ki, bu da əl əməyi ilə həyata keçirilib. SİB direktoru qeyd edib ki, ümumrayon işində kənd sakinləri ilə yanaşı, pay torpaqları arx və kanallara yaxın məsafədə yerləşən sakinlər də fəallıqla iştirak edirlər.

 

"Hüseynbəyli” SİB-in icraçı direktoru Əsəd Mahmudov rəhbərlik etdiyi birliyin 2 kəndi - Hüseynbəyli və Canalı kəndlərini əhatə etdiyini qeyd edib. SİB direktoru əvvəlcə kənd ağsaqqalı kimi rayonda görülən işlərə, xüsusilə də son iki il yarımda kənd təsərrüfatının belə yüksək səviyyədə inkişaf etdirilməsinə görə rayon rəhbərliyinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün biz rayon sakinləri sevinirik ki, hər zaman bütün sahələrdə öncül yerlərdə dayanan Qazaxda kənd təsərrüfatı belə inkişaf edir. Kəndlinin torpağa olan inamı qayıdır. Ən əsası da rayonda yeni iş yerlərinin açılmasında kənd təsərrüfatı əsas sahə kimi ön plana çəkilir. Ə.Mahmudov rəhbərlik etdiyi birliyin əhatə etdiyi kəndlərdə arx və kanallarda görülən işlərdən də söz açıb. Qeyd edib ki, Canalı kəndi üzrə 10,83 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 4,60 km-i texnika, 6,23 km-i isə əl əməyi ilə təmizlənəcəkdir. Artıq bu günə kimi qeyd olunan məsafədən 2,90 km təmizlənib ki, 1,55 km-i texnika, 1,35 km-i isə əl əməyi vasitəsilə aparılıb.

Bildirib ki, Hüseynbəyli  kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük sürətlə start verilib. Təmizlənməsi nəzərdə tutulan 6,10 km məsafənin 2,40 km-i texnika, 3,70 km-i isə əl əməyi ilə həyata keçiriləcəkdir. Bu günə kimi 1,45 km artıq təmizlənib. Əl əməyi ilə 0,20 km, texnika ilə 1,25 km arx və kanal kol-kosdan və lildən təmizlənib.


Müşavirədə çıxış edən "Kosalar” SİB-in icraçı direktoru Məzahir Şıxəliyev də rəhbərlik etdiyi birliyin 4 kəndi - Kosalar, Qazaxbəyli, Orta Salahlı və Aşağı Salahlı kəndlərini əhatə etdiyini bildirib. Birliyə daxil olan kəndlərin hər birində arx və kanallarda görülən işlər barədə məlumat verib. Kəndlilərin də yaxından iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün indidən lazımi hazırlıq işləri görülür.

Kosalar kəndi üzrə 24,80 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 18,00 km-i əl əməyi, 6,80 km-i isə texnika vasitəsilə təmizlənir. Bu günə kimi isə 9,78 km arx təmizlənib ki, bunun da 7,09 km-i texnika vasitəsilə, 2,69 km-i isə əl əməyi ilə həyata keçirilib.

Qazaxbəyli kəndi üzrə 11,10 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 3,80 km-nin texnika, 7,30 km-nin isə əl əməyi ilə təmizləndiyi qeyd olunub. Artıq bu günə kimi qeyd olunan məsafədən 1,80 km təmizlənib ki, 0,40 km-i texnika, 1,40 km-i əl əməyi vasitəsilə aparılıb.

Orta Salahlı kəndində də arxlar alaq otlardan, lildən təmizlənir. 12,70 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 6,60 km-i texnika, 6,10 km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 2,65 km təmizlənib ki, bu da əl əməyi ilə həyata keçirilib.

Aşağı Salahlı kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük sürətlə start verilib. Təmizlənməsi nəzərdə tutulan 25,50 km məsafənin 10,40 km-i texnika, 15,10 km-i isə əl əməyi ilə görülür. Görülən işlərin nəticəsidir ki, bu günə kimi 4,39 km artıq təmizlənib. Əl əməyi ilə 3,69 km, texnika ilə 0,70 km arx və kanal kol-kosdan və lildən təmizlənib.


RİHB-nin Daş Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Tahir Hüseynli çıxış edərək bildirib ki, bu gün Daş Salahlı kəndinin 10585 nəfər əhalisi var və ərazisi 6832 hektardır. Kənd ərazisinin 2773 hektarı xüsusi mülkiyyətə, 3563 hektarı bələdiyyə mülkiyyətinə və 496 hektarı isə dövlət mülkiyyətinə aiddir. Kəndin ərazisində olan 2519 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur ki, bunun da 2061 hektarı suvarılan sahədir. Kənddə aparılan abadlıq və quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının da inkişaf etdiyini diqqətə çatdırıb.


İcra nümayəndəsi qeyd edib ki, rayon rəhbərliyinin bilavasitə təşəbbüsü ilə 2016-cı ildən reallaşan arx və kanallarda aparılan təmizlik işlərinin nəticəsidir ki, əhalinin suya olan tələbatı vaxtında və itkisiz ödənilir. Eyni zamanda, görülən bu məqsədyönlü işlər nəticəsində kənd təsərrüfatı sürətlə inkişaf edir. Bütün kəndlərdə olduğu kimi, Daş Salahlı kəndində də kənd sakinlərinin birgə əməyi sayəsində bu iş layiqincə həyata keçirilir. Hər il olduğu kimi, bu il də arx və kanallarda aparılan işlərə ilk gündən böyük sürətlə start verilib.

Daş Salahlıda 17,25 km məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 12,80 km-i texnika, 4,45 km-i əl əməyi ilə həyata keçirilib. Bu günə kimi 14,85 km təmizlənib ki, bunun 11,27 km-i texnika, 3,58 km-i əl əməyi ilə təmizlənib.

 

RİHB-nin Çaylı kənd İƏD-si üzrə nümayəndəsi Mehman Eyvazov müşavirədə ürək sözlərini çatdıraraq son iki il yarımda Qazax rayonunda bütün sahələrdə köklü şəkildə dəyişikliklərin baş verdiyini bildirib. Rayonda istər tikinti-quruculuq işlərinin, istərsə də aqrar sahənin sürətlə inkişaf etdiyini qeyd edib. Rayonda yeni istehsal sahələrinin açılmasını, qeyri-neft sektorunun durmadan inkişaf etməsini, əhalinin faydalı məşğulluğunun artırılmasını dövlətin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atdığı uğurlu addımlar kimi qiymətləndirib. Şəhər mərkəzində aparılan quruculuq işlərinin Çaylı və Bala Çaylı kəndlərində də uğurla davam etdirildiyini qeyd edib. Görülən işlərin kənd sakinləri tərəfindən də minnətdarlıqla qarşılandığını bildirib. Qeyd edib ki, Çaylı kənd icra nümayəndəliyinin ərazisində iki kənd – Çaylı və Bala Çaylı kəndləri yerləşir. İki kəndin birlikdə inzibati ərazisi 2411 hektar sahəni əhatə edir. Nümayəndəliyin ərazisində 9100 nəfər əhali yaşayır.

Çıxış edənlər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsində keçirilən bu cür müşavirələrin böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Respublikamızda iqtisadiyyatın, aqrar sahənin bir qolu olan kənd təsərrüfatının inkişaf etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qazax rayonunda kənd təsərrüfatı sahəsində qazanılan uğurlu nəticələrə və göstərilən hər cür dəstəyə görə rayon rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər bildiriblər ki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsini həm də yeni iş yerlərinin yaradılması kimi qiymətləndiriblər. Qeyd ediblər ki, kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir. Qazax rayonunda əkin sahələrinin ildən-ilə artması da bunun bariz nümunəsidir.

İşgüzar şəraitdə keçən müşavirədə rayon rəhbəri qarşıda duran vəzifələrlə bağlı bir sıra - arx və kanalların təmizlənməsində kənd sakinlərinin iştirakını təmin etmək üçün bildirişlərin paylanması, həşəratlara və ziyanvericilərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, büdcə təşkilatlarından maliyyələşən təşkilatların ödənişlərinin vaxtında ödənilməsi, qış mövsümi ilə əlaqədar olaraq aidiyyəti təşkilatların üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməsi üçün lazımi tədbirlərin görülıməsi barədə tapşırıq və tövsiyələrini verib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.

Sonda müşavirə iştirakçılarını qarşıdan gələn yeni il münasibətilə səmimi qəlbdən təbrik edən icra başçısı bildirib ki, 2018-ci il rayonumuz üçün uğurlu bir il oldu. Arzu edək ki, 2019-cu il daha da məhsuldar, ən əsası rayonumuz üçün sülh və əmin-amanlıq ili olsun.



 

GOYEZEN.AZ




Facebook-da paylaş