• Təqvim

  • Maraq



Şura gəncləri Qazax rayonunda yerləşən dövlət müəssisələrinə ekskursiya ediblər


Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri hər zaman nümunəvi təşəbbüsləri ilə seçilirlər. Gənclər bu dəfə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara səfər ediblər. 

Dekabrın 17-də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanovun, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura gənclərinin qatıldığı ekskursiya zamanı gənclər Qazax rayonunda yerləşən dörd dövlət müəssisəsində olublar.

“Arkoz Qazax Sement Zavodu” MMC-də olan zaman gənclərə müəssisə haqqında ətraflı məlumat verilib. Bildirilib ki, adı çəkilən müəssisə regionda sement istehsalı sahəsində fəaliyyət göstərir və inşaat sektorunun tələbatını ödəyir.

Qazax Rayon Prokurorluğunda olan zaman gənclərin diqqətinə çatdırılıb ki, hüquq-mühafizə orqanı olaraq, rayon ərazisində qanunların icrasına nəzarət edir və hüquqi məsələlərin həllində mühüm rol oynayır.

“Azərxalça” ASC-nin Qazax filialının fəaliyyəti ilə tanış olan gənclərə bildirilib ki, ənənəvi xalçaçılıq sənətini yaşadan bu müəssisə yüksək keyfiyyətli xalçaların istehsalı ilə məşğuldur. Respublika Prezidenti İlham Əliyev 2020-ci il martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə səfər zamanı gənclərə qeyd olunub ki, kənd təsərrüfatının inkişafına dəstək verən bu mərkəz fermerlərə aqrar sahədə məsləhət və xidmətlər təqdim edir.

Qeyd edək ki, səfərin əsas məqsədi gənclərin bu müəssisələrin iş prinsipləri ilə tanış olması, onların fəaliyyətləri haqqında ətraflı məlumat əldə etməsi və gənclərin fikirlərinə əsaslanan yeni layihələrin qəbul edilməsidir. Bu təşəbbüs gənclərin səsinin daha yaxşı eşidilməsini və dövlət qurumları ilə qarşılıqlı inamın yaranmasını təmin etməyi hədəfləyir. Bu cür səfərlər gənclərin dövlət qurumları ilə əlaqələrinin gücləndirilməsi, onların idarəetmə proseslərinə cəlb edilməsi və gələcəkdə daha fəal vətəndaş olmaları üçün mühüm əhəmiyyət kəsb edir.

Görüşlərdə Şuranın 20 nəfər üzvü iştirak edib ki, onlar hər bir müəssisədə iş prosesi ilə yaxından tanış olaraq suallarını verib, qarşılıqlı fikir mübadiləsi aparıblar.



Facebook-da paylaş