Şura gənclərinin təcrübə proqramı çərçivəsində səfərləri bu gün də davam edib
Artıq bir neçə gündür ki, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri rayonda fəaliyyət göstərən dövlət müəssisələrinə səfər edərək onların iş prinsipləri ilə yaxından tanış olurlar.
Şura Gənclərinin təcrübə proqramı çərçivəsində səfərləri bu gün də davam edib. Dekabrın 20-də baş tutan ekskursiyada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov, Şuranın sədri Pəri İbrahimova və şura üzvləri iştirak ediblər.
Şura gəncləri Qazax rayonu üzrə dörd mühüm quruma – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoruna, Qazax Dövlət Sosial-İqtisadi Kollecinə və Qazax Dövlət Dram Teatrına səfər ediblər. Səfərlərin əsas məqsədi gəncləri müxtəlif sahələrdəki yeniliklər və fəaliyyətlərlə tanış etmək, onların bilik və təcrübə səviyyəsini artırmaq olub.
İlk olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə təşkil edilən səfər zamanı gənclər hərbi xidmətin əhəmiyyəti və vətənpərvərlik dəyərləri barədə geniş məlumat əldə ediblər. Dövlət Xidmətinin nümayəndələri çağırış sistemi, hərbi xidmətə hazırlıq və gənclərin Vətən qarşısında vəzifələri haqqında interaktiv təqdimat keçiriblər. Görüşdə gənclərin sualları cavablandırılıb və onların milli ruhda yetişməsi üçün bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.
Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoruna səfər edən gənclər təhsil sahəsində həyata keçirilən islahatlar və gənclərin təhsildəki rolu ilə bağlı məlumat alıblar. Təhsil sektorunun nümayəndələri gənclərə təhsil keyfiyyətinin artırılması üçün görülən işlər, layihələr və proqramlar haqqında təqdimatlar ediblər. Gənclər həmçinin, öz təkliflərini və suallarını bölüşərək müzakirələrdə aktiv iştirak ediblər.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinə edilən səfərdə isə gənclər tədris prosesləri və kollecin fəaliyyəti ilə tanış olublar. Onlara kollecin tədris imkanları, tələbələr üçün yaradılan şərait və müxtəlif ixtisas proqramları barədə məlumat verilib. Gənclər laboratoriyalar və kitabxanaları ziyarət edərək müasir tədris şəraitini yüksək qiymətləndiriblər. Görüş çərçivəsində tələbələrlə fikir mübadiləsi aparılıb və onların peşəkar inkişafı üçün tövsiyələr verilib.
Sonda Şura gəncləri Qazax Dövlət Dram Teatrını ziyarət ediblər. Teatr rəhbərliyi tərəfindən qonaqlara teatrın tarixi, fəaliyyət istiqamətləri və səhnə arxası proseslər barədə maraqlı faktlar təqdim olunub. Gənclər teatrın milli mədəniyyətin qorunması və təbliğindəki rolunu yüksək qiymətləndirərək, tamaşa hazırlığı prosesi ilə yaxından tanış olublar. Teatr heyəti ilə keçirilən interaktiv müzakirələrdə gənclər öz suallarını ünvanlayıb, gələcək layihələr haqqında fikirlərini bölüşüblər.
Bu səfərlər gənclərin müxtəlif sahələrdə məlumatlılığını artırmaqla yanaşı, onların şəxsi inkişafına və milli-mənəvi dəyərlərin təşviqinə mühüm töhfə verib. Gənclər səfərlərdən məmnun qaldıqlarını bildirərək, bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Facebook-da paylaş