• Təqvim

  • Maraq



İcra başçısı “Uşaq Səfirlər Məclisi”nin region nümayəndələri ilə görüşüb


Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.2-ci bəndinə uyğun olaraq uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda, sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə 1 iyun 2020-ci il tarixində “Uşaq Səfirlər Məclisi” yaradılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “Uşaq Səfirlər Məclisi”nin əsas missiyası uşaq hüquqları istiqamətində müvafiq maarifləndirmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etməkdir.

Qazax rayonunda təhsil alan fəal məktəblilər arasından təqdim edilmiş namizədlərdən 2 nəfər məktəbli Komitə tərəfindən regional nümayəndə seçilmişdir. Qazax rayonu üzrə “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəsi kimi Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Fəxrəddin Civişov və Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysu Bəndiyeva rayonumuzu təmsil edirlər. Seçilmiş nümayəndələr istər məktəbdaxili, istər rayondaxili, istərsə də rayondan kənar bir sıra tədbirlərdə aktiv iştirak etmişlər.

Dekabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndələri ilə görüşüb.

Qazax Rayon İcra Hakimiyyətində təşkil olunmuş görüşdə icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, regional nümayəndə seçilmiş məktəblilər, onların məktəb direktorları, sinif rəhbərləri iştirak ediblər. 


İcra başçısı Rəcəb Babaşov iştirakçıları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Məktəblilərlə səmimi söhbət edən rayon rəhbəri onları dinləyib, fəaliyyət istiqamətləri, gördükləri işlər, həyata keçirdikləri tədbirlərlə maraqlanıb.


“Uşaq Səfirlər Məclisi”nin Qazax rayonu üzrə Regional nümayəndəsi Fəxrəddin Civişov çıxış edərək öncə onlara göstərilən qayğıya, ayrılan diqqətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Bugünkü görüşü gələcəyimiz olan gənclərə, məktəblilərə olan qayğı kimi dəyərləndirib. F.Civişov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun keçirildiyini bildirib. Ölkənin bütün şəhər və rayonlarından 13-17 yaş arası uşaqların iştirakı ilə baş tutan Forum zamanı iştirakçıların 7 mövzu üzrə qruplaşaraq müzakirələr apardığını, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayaraq və əsaslandırılmış təkliflərlə çıxış etdiklərini qeyd edib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edərək 7 paneldən üçüncüsü olan “Uşaqların internet təhlükəsizliyi” mövzusunda təklif verdiyini söyləyib. Təklifinin “İnternet təhlükəsizliyi” mövzusunda məlumatların sadəcə nəzəri məlumatlarla deyil, oyun və praktik yollarla aşılanması mövzularını əhatə etdiyini, irəli sürdüyü sözügedən təklifin 3-cü panel üzrə ən yaxşı 3 təklifdən 2-cisi olduğunu vurğulayıb. “Uşaq Səfirlər Məclisi”nin Qazax-Tovuz iqtisadi rayonu üzrə “Ekologiya tədbirlər silsiləsi” çərçivəsində 2 (ən çox) tədbiri təqdim olunduğunu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın imzası olan Sertifikat qazandığını qeyd edib. F.Civişov “Uşaq Səfirlər Məclisi”nin 4 illik fəaliyyəti dövründə ilk dəfə olaraq Qazax rayonunun “Ayın ən fəal rayonu” nominasiyasının qalibi olduğunu, bu uğurun özünün nümayəndəlik dövrünə düşdüyü üçün sevindiyini söyləyib. Hazırda Qazaxda “Uşaq Səfirlər Məclisi”nin 34 nəfər üzvü olduğunu və onların silsilə tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb. 25.12.2024-cü il tarixdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçiriləcək “Həmrəy olaq!” adlı tədbirdən söz açan nümayəndə rayon rəhbərliyinin də həmin tədbirdə iştirak etməsini xahiş edib və bu iştirakın onlar üçün böyük əhəmiyyət daşıdığını bildirib. 


“Uşaq Səfirlər Məclisi”nin Qazax rayonu üzrə Regional nümayəndəsi Aysu Bəndiyeva da bugünkü görüşdən məmnun olduğunu söyləyərək buna görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. A.Bəndiyeva Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda II qrupda “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar” mövzusunda çıxış etdiyini, “Ekoloji təhsil və tərbiyə” mövzusunda təklif irəli sürdüyünü, müvafiq Sertifikatla təltif olunduğunu qeyd edib. 

Məktəblilərlə səmimi söhbət edən rayon rəhbərliyi onlara gələcək işlərində bir daha uğurlar arzulayıb, hər zaman olduğu kimi, bundan sonra da dəstək olacağını vurğulayıb. 



Facebook-da paylaş