• Təqvim

  • Maraq



Qazaxda vətəndaşlara göstərilən xidmətlərlə bağlı iclas keçirilib


Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikri Qazax rayonunda hər zaman nümunə götürülür. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək iş fəaliyyətinin tərkib hissəsi hesab edir. Bunu rayon rəhbərliyi tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasından, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi və ya ümumi şəkildə keçirilən qəbullardan aydın şəkildə görmək olur. Bu, eyni zamanda, Qazaxda vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Onu da qeyd edək ki, rayon rəhbərliyi tərəfindən idarə, müəssisə və təşkilatlarda vətəndaşlara göstərilən qayğı, xüsusilə də xidmət sahələrində vətəndaşlara göstərilən xidmətlər daim nəzarətdə saxlanılır.

Hər kəsə yaxşı məlumdur ki, soyuq hava şəraiti istər kommunal sektorda, istərsə də digər sahələrdə qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradır.
Qazaxda sözügedən məsələ demək olar ki, hər zaman gündəmdədir. Ötən yazımızda rayon rəhbərliyinin vətəndaşlara göstərilən xidmətlərlə maraqlanması, havanın soyuq keçməsi ilə əlaqədar xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verməsi barədə məlumat vermişdik. 

Dekabrın 16-da rayon rəhbərliyi tərəfindən elektrik transformatorları, elektrik xətləri, qaz paylayıcı xətlərin yoxlanılması, elektrik enerjisinin gərginlik düşküsünə, mavi yanacağın təzyiqinə nəzarətin artırılması barədə verilmiş tapşırıqların nəticəsi ilə əlaqədar iclas keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətində keçirilən iclasda icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, təhkim olunmuş digər şəxslər iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən söz açıb. “Nə qədər həyat var, problem də var. Qış mövsümündə isə problemlər çoxalır, müraciətlərin sayı artır. Qarşımızda çox mühüm vəzifələr durur. Xüsusilə də elektrik transformatorları, elektrik xətləri, qaz paylayıcı xətlər yoxlanılmalıdır. Çoxmənzilli yaşayış binalarında elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilməlidir. Elektrik enerjisinin gərginlik düşgüsünə, mavi yanacağın təzyiqinə daim nəzarət olunmalıdır”, - deyən icra başçısı qış mövsümündə vətəndaşların 24 saat fasiləsiz elektrik enerjisi, qaz və su ilə təmin olunması üçün müvafiq işlər görüldüyünü söyləyib. Şəhərdə, eləcə də rayonun kəndlərində aidiyyəti şəxslər tərəfindən elektrik enerjisinin gərginlik düşgüsü, mavi yanacağın təzyiqi ilə əlaqədar monitorinqlər aparıldığını, hər hansı bir problem yarandığı halda dərhal xidmət sahələrinə məlumat verildiyini və qısa vaxtda aradan qaldırıldığını qeyd edib. 

“Hər bir dövlət məmuru bilməlidir ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin arxasında vətəndaş məmnunluğu dayanır. Ona görə də hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşa layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı görülmüş bütün işlərin bu məqsədi daşıdığını vurğulayıb.

İcra başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq qeyd edib ki, bundan sonra da səylərimizi artırmalıyıq ki, qış mövsümündə hər hansı bir problem yarandıqda lazımi vaxtda öz həllini tapsın. Rayon rəhbəri sonda bir daha aidiyyəti üzrə xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Məlumat üçün qeyd edək ki, vətəndaşlar qazın təzyiqinin az olması, elektrik enerjisinin verilişində yaranmış fasilələr, işığın tez-tez sönməsi halları baş verdikdə və yaxud da enerjinin gərginlik düşküsü aşağı olduğu halda Qazax Rayon İcra Hakimiyyətinin (02229) 6-56-70 qaynar xəttinə müraciət edə bilərlər. 



Facebook-da paylaş