• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda mülki müdafiə sahəsində 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib


Bu gün müstəqil Azərbaycanın bütün sahələrində olduğu kimi, insanların, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin oluması da dövlətin qarşısında duran prioritet məsələlərdəndir. Ulu öndər Heydər Əliyevin əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı söylədiyi "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” dəyərli fikirlərinə bu gün də böyük hörmətlə yanaşılır.

Ümummilli liderin layiqli davamçısı ölkə başçısının əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə, imzaladığı çoxsaylı Sərəncamlara, Fərmanlara uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahəyə xüsusi diqqət ayrılır. Rayonun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərzisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq müvafiq Qanun və Qərarların tələblərinə uyğun olaraq fövqəladə hadisələrdən mühafizəyə dair rayonun bütün əhalisinin hazırlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu gün Qazax rayonunun mülki müdafiə sahəsində 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bu fikirlər səslənib.

Gənclər Mərkəzində keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, məktəb direktorları, körpələr evi-uşaq bağçalarının müdirləri, MMQ rəisləri və mütəxəssisləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Məmməd Alıyev müşavirəni giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda hər an düşmən təhlükəsi ilə üz-üzə dayanan rayon sakinlərinin təhlükəsizliyini təmin etmək, baş verə biləcək fövqəladə hadisələr zamanı əhaliyə ilk yardımın göstərilməsi və çıxış yollarının tapılması istiqamətində məqsədyönlü işlərin həyata keçirildiyini bildirib.

M.Alıyev qeyd edib ki, son iki il yarımdır ki, Qazaxda rayon rəhbərliyinin qayğısı sayəsində rayonda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmamazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunmaya dair biliklərin təbliği, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin hazırlığının təmin edilməsi işi də daim diqqət mərkəzində saxlanılır.

Bildirib ki, məhz bu qayğının nəticəsidir ki, 2016-cı ildən başlayaraq rayon rəhbərliyi yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq ilk növbədə atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermişdir. Məzəm kəndində çəkilən istinad divarlarından söz açan birinci müavin ötən il kənddə 21 evin qarşısına 1381 p/m uzunluğunda, bu il isə 12 evin qarşısına 244 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarlarının çəkilməsini qeyd edib. Bildirib ki, bu müdafiə hasarları sayəsində kənd sakinləri öz həyətlərində qorxusuz hərəkət edirlər. Bu divarlar kənd sakinlərini düşmənin atdığı güllələrdən qoruyur. Daha yaşlı adamlarla yanaşı, uşaqlar da öz evlərində rahat yaşaya bilirlər. Bundan əlavə, vətəndaşların xahişinin nəzərə alınaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsinin nəzərdə tutulması bu sahəyə olan diqqətin bundan sonra da davam etdirilməsindən xəbər verir.

 

RİHBA-da Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov geniş məruzə ilə çıxış edərək 2018-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb. Qeyd edib ki, Mülki Müdafiənin - ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olduğu, eyni zamanda dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin (torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi olduğu nəzərə alınaraq Qazax rayonunda bu sahəyə xüsusi diqqət yetirilmişdir. Belə ki, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması məqsədilə tədris ilinin əvvəlində Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı verilmiş (9-21/176 nömrəli 20.12.2017-ci il tarixli), rayon ərazisində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasında əsas məqsəd - mülki müdafiə idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mülki müdafiə qərargahlarının rolunun artırılması, əhalinin və işçilərin mülki müdafiəyə hazırlanması, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi olmuşdur. Bu məqsədlə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, mülki müdafiə xidmətləri və xidmətlər üzrə ərazi qüvvələri, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili ilə əlaqədar ərazi xilasetmə dəstəsi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış, Qazax Rayon İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə "Qarşılıqlı fəaliyyət planı” hazırlanmışdır.

Rayon ərazisində baş verə biləcək fövqəladə hallar zamanı mülki müdafiənin fasiləsiz olaraq idarə olunmasını təmin etmək üçün rayonun mülki müdafiə ehtiyat idarəetmə məntəqəsinin yaradılması və təşkili məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 13 mart 2018-ci il tarixli 9-21/29 nömrəli Sərəncamı verilmiş, həmin Sərəncama uyğun olaraq ehtiyat idarəetmə məntəqəsi hazır vəziyyətə gətirilmişdir.

"Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1992-ci il tarixli 700 saylı Qərarının tələblərinə müvafiq olaraq fövqəladə hadisələr zamanı Qazax rayonu əhalisinin mühafizəsini təmin etmək üçün ikinci qrup mülki müdafiə əmlakının rayon ərazisinə gətirilməsi və bölüşdürülməsini təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına uyğun olaraq əmlakın gətirilmə və bölüşdürülməsi ilə bağlı işlər görülmüşdür.

 

Respublika Prezidentinin 18 aprel 1998-ci il tarixli 700 saylı Fərmanı ilə təsdiq edilmiş "Mülki müdafiə haqqında” 30 dekabr 1997-ci il tarixli 420-1Q saylı Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə” 25 sentyabr 1998-ci il tarixli 193 saylı Qərarını və yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.15.7., 4.15.8. və 4.15.14. bəndlərini rəhbər tutaraq dinc və müharibə dövrlərinin fövqəladə hadisələri zamanı mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək məqsədilə "Qazax rayon mülki müdafiə idarəetmə orqanlarının yaradılması haqqında” Rayon İcra Hakimiyyəti başçısının 10 may 2018-ci il tarixli 9-21/54 nömrəli Sərəncamı verilmiş;

Sərəncamla: 11 xidmət (rabitə və xəbərdarlıq, ictimai asayişin mühafizəsi, tibb,  sığınacaq və daldalanacaq, yanğın təhlükəsizliyi, avtonəqliyyat, elektrik qəza, qaz qəza, su-kanal, baytarlıq və yol istismar xidmətləri) və ərazi qüvvələri (ərazi kəşfiyyat və xilasetmə dəstəsi ) yaradılmış;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 1993-cü il tarixli 438 saylı Qərarı ilə təsdiq edilmiş "Sülh və müharibə dövrlərində fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında” Əsasnaməyə əsasən, yaranmış vəziyyətlə əlaqədar olaraq, rayon əhalisini qeydiyyata almaqla və bütün köçürmə üsullarından (avtomobil, dəmir yolu nəqliyyatından və piyada) istifadə etməklə qısa vaxt ərzində təhlükəli zonadan planlı surətdə köçürülməsi məqsədilə toplanış-köçürmə (qəbuletmə) məntəqələri Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində yaradılmış və toplanış-köçürmə məntəqə rəisləri İnzibati Ərazi Dairələrinin nümayəndələri təyin edilmişlər.

Tədris ilinin əvvəlindən rayonun idarə, müəssisə və təşkilatlarının, Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin, ümumtəhsil məktəblərinin və uşaq bağçalarının (180 təşkilat) 2018-ci il üçün mülki müdafiə tədbirləri planı işlənilərək FHN-nin Gəncə Regional Mərkəzi ilə razılaşdırılmış və planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə nəzarət edilmişdir. Belə ki, tədbirlərin yerinə yetirilməsi barədə müvafiq Sərəncamlar verilmiş, təşkilati göstərişlər aidiyyəti üzrə müəssisə və təşkilatlara göndərilmiş, tədbirlərin keçirilmə planları, iş sxemləri hazırlanmış, yoxlama aktları tərtib edilmiş, tədbirlər planına uyğun olaraq planlaşdırılmış tədbirlər tədris ilinin ötən dövrü ərzində yerinə yetirilmişdir.

"1 mart - Ümumdünya mülki müdafiə günü” ilə bağlı rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda "Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan maarifləndirici və təbliğat xarakterli tədbirlərin əməli olaraq təşkil olunub keçirilməsini təmin etmək məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 fevral 2018-ci il tarixli 9-21/11 nömrəli Sərəncamı verilmiş və tədbirlər planı hazırlanmışdır.

Rayon İcra Hakimiyyətinin nəzarəti və əməli köməkliyi ilə Qazax şəhər 2 nömrəli tam orta məktəbində və Qazax Müalicə Diaqnostika Mərkəzində nümunəvi "1 mart - Ümumdünya mülki müdafiə günü” keçirilmiş, eyni zamanda, rayonun idarə, müəssisə və təşkilatlarında mülki müdafiənin rolunu və vəzifələrini təbliğ edən silsilə tədbirlər həyata keçirilmişdir. Məqsəd - rayon ictimaiyyətinin diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəltmək olmuşdur.

Rayonun təhsil müəssisələrində "Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda silsilə tədbirlər keçirilmişdir. Belə ki, Bakı Dövlət Universitetinin Qazax filialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində, Qazax Peşə Liseyində, rayon Təhsil şöbəsində, rayonun şəhər və kənd ümumtəhsil məktəblərində  keçirilən tədbirlər zamanı əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığı ölkə qarşısında duran əsas məsələlərdən biri olduğu, mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımı biliklərin öyrədilməsi və bu sahədə hazırlanmasının təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələ olduğu vurğulanmışdır.

Tədbir iştirakçılarına fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər geniş izah edilmiş, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması bu gün qarşıda duran ən vacib məsələlərdən olduğu bildirilmişdir.

Mərkəzi və regional mülki müdafiə kurslarının 2018-ci ildə dinləyicilərlə komplektləşdirmə təqvim planına uyğun olaraq 2018-ci ildə rəhbər və komandir–rəis heyətindən 32 nəfərin (Mərkəzi mülki müdafiə kurslarında rayonun mülki müdafiə rəhbər heyətindən 22 nəfərin, Gəncə Regional kurslarında isə obyektlərdə yaradılmış qüvvələrin komandir-rəis heyətindən 10 nəfərin) kurslarda hazırlığı təmin olunmuşdur.

"Azərbaycan Rеspublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında” Azərbaycan Rеspublikası Nazirlər Kabinеtinin 700 nömrəli 28 dеkabr 1992-ci il tariхli Qərarının tələblərinin yerinə yetirilməsi məqsədilə rayon ərazisində kollektiv mühafizə qurğularının tələb olunan tехniki istismar vəziyyətinə gətirilməsi üçün Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Qazax Mənzil İstismar Sahəsi tərəfindən ictimai binaların altında yerləşən kollektiv mühafizə qurğuları təmizlənmiş və lazımi tədbirlər həyata keçirilmişdir. Qazax şəhərində yerləşən ictimai yaşayış binalarında insanların həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülmüş, bu sahəyə diqqət artırılmışdır. Belə ki, şəhərdə yerləşən ictimai yaşayış binalarının çardaq sahələrində, eyvanlarında, zirzəmilərində, pilləkən qəfəslərində lazımi təmir işləri görülmüş, binaların zirzəmi və çardaq hissələrinin vətəndaşlar tərəfindən zəbt edilərək oradan saxlanc yeri və ya yaşayış məqsədi üçün istifadə edilməməsi, pilləkən qəfəslərinə müxtəlif əşyalar qoyularaq maneələr yaradılmaması, çardaq sahələrinə qalxmaq üçün yanmayan materialdan nərdivanlar quraşdırılması və digər yanğına qarşı tələblərin icrası təmin edilmişdir.


Tədris ili ərzində mülki müdafiənin maddi-texniki bazasının, mühafizə qurğuları fondunun, fərdi mühafizə vasitələri və digər mülki müdafiə avadanlıqları ehtiyatının yaradılmasına və hazır vəziyyətdə saxlanılmasına, müşahidə və laboratoriya nəzarəti şəbəkəsinə daхil olan obyеkt laboratoriyalarının hazırlığına, avadanlıq və cihazlarla təmin olunmasına diqqətin artırılması üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilmiş, rayonun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlığı və toplanışı üzrə məşqlər keçirilmiş, təhsil müəssisələrinin tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində mülki müdafiə günləri keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərində mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı siniflərin sinif rəhbərləri ilə 12 sentyabr 2018-ci il tarixdə Gənclər Mərkəzində metodiki toplantı keçirilmişdir. (toplantıda 202 nəfərə qarşı 195 nəfər sinif rəhbərinin iştirakı təmin edilmişdir)

Rayon əhalisinə mühafizə biliklərinin öyrədilməsində təbliğatın böyük rol oynadığını nəzərə alaraq rayonun kütləvi informasiya vasitələrindən səmərəli istifadə edilmiş, müvafiq mövzuda yazıların "Göyəzən” rayon qəzetində dərc edilməsinə, GOYEZEN.AZ və Rayon İcra Hakimiyyətinin elektron saytlarında verilməsi təmin edilmişdir. 

Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması, nəticələrinin aradan qaldırılması və qəza-xilasetmə işlərinin aparılmasının təşkili üzrə yaradılmış təcili yığma qruplarının tərkibinin dəqiqləşdirilməsi və yenidən təsdiqi üçün aidiyyəti üzrə tapşırıqlar verilmiş və icrası təmin edilmişdir.

Azərbaycan Rеspublikası Nazirlər Kabinеtinin 8 dekabr 1992-ci il tariхli 655-32 nömrəli Qərarına müvafiq olaraq хəbərdarlıq və rabitə sistеmlərinin hazır vəziyyətdə saхlanılması, fövqəladə hadisələr zamanı idarəеtmənin opеrativ təşkili üçün TKQ-da mərkəzi çağırış dayağının və elektrik sirenalarının qorunub saxlanması və işlək vəziyyətdə olması təmin edilmişdir.

Tədbirlər planına uyğun olaraq Qazax rayonunda 27-29 iyun 2018-ci il tarixlərində kompleks mülki müdafiə təlimi ilə əlaqədar "Rayon ərazisində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hazırlığı üzrə” Rayon İcra Hakimiyyəti tərəfindən təşkilati göstərişlər hazırlanmış, idarə, müəssisə və təşkilatlarda həyata keçiriləcək tədbirlər və görüləcək işlər müəyyən edilərək geniş toplantılar keçirilmiş, aidiyyəti üzrə tapşırıqlar verilmişdir. 12 iyun 2018-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə "Mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması, bu sahədə nazirlik, dövlət qurumları və yerli İcra Hakimiyyəti orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirlməsi" mövzusunda müşavirə keçirilmişdir. Müşavirənin keçirilməsində əsas məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunmaya dair biliklərinin təbliği, əhalinin hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsi işinə diqqətin artırılması olmuşdur. Müşavirədə kompleks mülki müdafiə təliminə hazırlıqla bağlı məsələlər rayonun mülki müdafiə xidmətləri ilə birgə müzakirə olunmuşdur. Azərbaycan Respublikasının 2018-ci il üçün Mülki müdafiə tədbirləri planına müvafiq olaraq, Qazax rayonunda 27-29 iyun 2018-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.

Təlimə Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı, fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunmuşdur.

Kompleks təlimin keçirilməsində məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarət olmuşdur.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi tədbirlərini yerinə yetirmişlər. Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə Qazax rayonunun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir. Kompleks təlimə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 242 nəfər şəxsi heyəti və 50 ədəd texnikası, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının hərbi hissələrinin ümumilikdə 60 nəfər şəxsi heyəti və 10 ədəd texnikası cəlb edilmişdir. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş, qarşıya qoyulmuş məqsədə nail olunmuşdur. Kompleks mülki müdafiə təlimi ilə bağlı Qazax rayonunda təşkil edilmiş silsilə tədbirlər yüksək səviyyədə yerinə yetirilmişdir.

Qazax rayonunun Ermənistan respublikası ilə 168 km həmsərhəd olmasını və döyüş bölgəsində yerləşməsini nəzərə alaraq "Mina təhlükəsizliyi” ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rayonumuzda keçirdiyi tədbirlərdə yaxından iştirak edilmiş, rayonun cəbhəboyu zonada və digər yaşayış məntəqələrində aşkar edilmiş 14 ədəd müxtəlif növ partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün lazımi tədbirlər görülmüşdür.

Respublika Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”na uyğun olaraq Qazax rayonunun cəbhəboyu zonada yerləşən 13 yaşayış məntəqələrində (Quşçu Ayrım, Məzəm, Fərəhli, Abbasbəyli, Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Ağköynək, Daş Salahlı kəndlərində) gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi ilə bağlı tədbirlər görülmüşdür. Belə ki, rayonun cəbhəboyu zonasında yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi məqsədilə mütəmadi olaraq həmin yaşayış məntəqələrində rayon rəhbərliyinin, rayonun hüquq-mühafizə orqanlarının, hərbçilərin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə geniş müşavirələr keçirilmiş, sərhəd kəndlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı görülməsi vacib olan məsələlər araşdırılmış, aidiyyəti üzrə konkret tapşırıqlar verilərək icrası təmin edilmişdir. Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinlərinin ehtiyac olarsa təxliyə edilməsi üçün alternativ yollar hazırlanmışdır.

Rayon ərazisində güclü leysan yağışları nəticəsində evlərin zirzəmi mərtəbəsinə və həyətlərə dolan sel sularının çıxarılması məcburiyyətində qalındığı üçün Rayon İcra Hakimiyyəti tərəfindən 2018-ci ildə 4 ədəd yeni su nasosu alınmış və 1 ədəd Qaz-53 su avtomaşını tam təmir olunaraq hazır vəziyyətdə saxlanılmışdır.

Hesabat dövründə Qazax rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilmişdir.  Belə ki,

- Yanğın təhlükəsizliyi qaydalarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün idarə, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər planı hazırlanmışdır.

- İdarə, müəssisə və təşkilatlarda bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhələr asılmış, bildirişlər vurulmuşdur.

- Hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilmiş, yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin edilmiş, baş verə biləcək yanğının qarşısının alınması və söndürülməsi üçün müəssisə daxilində  yanğından mühafizə dəstələri (qrupları) yaradılmış, yanğın zamanı rəhbər və cavabdeh şəxslərin hərəkətləri müəyyənləşdirilmişdir.

- Yanğınların söndürülməsi üçün istifadə edilən ilkin yanğınsöndürmə vasitələri saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yollar, keçidlər və girişlərdə olan maneələr açılmışdır.

- Müəssisələrin ərazilərində yanar tullantılar təmizlənmiş, onların yandırılmasına yol verilməməsinə və ilkin yanğınsöndürmə vasitələrinin başqa məqsədlər üçün istifadə olunmamasına nəzarət  artırılmışdır.

- Baş verə biləcək yanğın və digər hadisələr zamanı insanların köçürülməsi üçün təxliyyə (köçürmə) planları işlənib hazırlanmış və görünən yerlərdən asılması təşkil edilmişdir.

Rayonda açıq səhralarda, meşə ərazilərində müxtəlif səbəblərdən baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması istiqamətində tədbirlər görülmüş, digər yanğın hadisələrinin qarşısı dərhal alınmışdır.

Taxıl sahələrinin biçin vaxtı yanğından mühafizə olunmasını daha da etibarlı təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 08 iyun 2018-ci il tarixli 9-21/77 nömrəli Sərəncamı verilmiş, ərazilərə 175 traktor və 102 ədəd şum kotanı cəlb edilmiş, rayonun Yuxarı Salahlı kəndi ərazisində yanğınsöndürmə növbəsinin yaradılması təşkil edilmiş, yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə taxıl biçininin qısa müddətdə məhsul itkisinə yol vermədən başa çatdırılması təmin olunmuşdur. Qeyd olunan məsələnin vacibliyini nəzərə alaraq 10 sentyabr 2018-ci il tarixdə rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon fövqəladə hallar komissiyasının üzvlərinin iştirakı ilə Qazax Rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi hallarının pozulmasının qarşısının alınması ilə bağlı növbəti müşavirə keçirilmiş, keçirilən müşavirədə mövcud vəziyyət və gələcəkdə qarşıya çıxa biləcək hadisələrlə bağlı məsələlər müzakirə olunmuş, yüksək gərginlikli elektrik naqillərinin altında əkin sahələrinin salınması və yaşayış evlərinin tikilməsinin olduqca təhlükəli olması ilə bağlı məsələnin əsas mahiyyəti bir daha diqqətə çatdırılmışdır.

Rayonun enerji təchizatında, eləcə də tibb müəssisələrində yarana biləcək hər hansı hadisənin qarşısının alınması istiqamətində silsilə tədbirlər təşkil olunmuş, 2018-2019-cu tədris ilinin başlanması ilə bağlı təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir.

Yanğın təhlükəsizliyi qaydalarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının "Qazax rayonu  ərazisində  yanğın təhlükəsizlik tədbirlərinin görülməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 12 sentyabr 2018-ci il tarixli 9-21/117 nömrəli Sərəncamı verilmiş və yaradılmış işçi qrupuna müvafiq tapşırıqlar verilmiş,  Sərəncama uyğun olaraq işçi qrupu tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir.

Hesabat dövründə rayonun idarə, müəssisə və təşkilatlarında görülmüş işlər Rayon İcra Hakimiyyəti başçısının yanında Şura iclasında müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.

Görülmüş işlərlə yanaşı, aparılan yoxlamalar və keçirilən tədbirlər zamanı mövcud çatışmazlıqlar vardır ki, bunun üçün rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların - mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətlə icra olunmasına, mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına, əhalinin və işçilərin ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmasına və fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə, "Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mülki müdafiənin təmin еdilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinеtinin 193 nömrəli 25 sеntyabr 1998-ci il tariхli Qərarının tələblərinin yerinə yetirilməsinə diqqət və məsuliyyət artırılmalıdır.

Odur ki, 2019-cu ildə qarşıda duran əsas məqsədə - mülki müdafiə idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, mülki müdafiə qərargahlarının rolunun artırılmasına, əhalinin və işçilərin mülki müdafiəyə hazırlanmasına, fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinə və hadisələrin nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə nail olmaq üçün hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.


Qazax rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək rayonun bütün ümumtəhsil məktəblərində mülki müdafiə işinin lazımi səviyyədə təşkil olunduğunu, şöbə tərəfindən təsdiqlənmiş tədbirlər planına uyğun olaraq istər müəllimlərin, istərsə də şagirdlərin maarifləndirilməsi sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib.


Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxışı zamanı rayonda, eləcə də tibb müəssisələrində mülki müdafiə sahəsində görülmüş işlərdən danışaraq bu sahənin daim diqqət mərkəzində olduğunu bildirib.

Qazax Dövlət Yanğın Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant Abdal Aşurov çıxış edərək bildirib ki, bu gün rayonda vaxtından əvvəl görülmüş tədbirlərin nəticəsidir ki, son iki il yarımda rayonda yanğın hadisəsi 2 dəfə azalmışdır. Bundan əlavə, rayonda baş verə biləcək hər hansı bir hadisənin qarşısı operativ şəkildə alınır və bunun üçün bu sahəyə rayon rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır.


Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov da müşavirədə çıxış edərək rəhbərlik etdiyi təşkilatda görülmüş işlər barədə məlumat verib. Bu gün rayonda baş verə biləcək hər hansı bir fövqəladə hadisə zamanı əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində məqsədyönlü işlər görüldüyünü, qovşaqda olan çağrı qurğularının işlək vəziyyətə gətirildiyini və şəhərin 3 yerində bu qurğuların yerləşdirildiyini bildirib.


Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik Məhəmməd Tağıyev çıxış edərək dövlətimiz və dövlət başçımız tərəfindən əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində görülmüş işlərdən və bu sahəyə xüsusi diqqət göstərilməsindən söz açıb. Bu gün mülki müdafiə sahəsində görülmüş işlərin qanunla da tənzimləndiyini bildirib. Rayonda görülmüş işləri yüksək qiymətləndirən M.Tağıyev qarşıda duran vəzifələrdən də danışıb. Növbəti ildə də bu sahədə tədbirlər planının hazırlanmasının, işləməyən əhalinin mülki müdafiə sahəsində məlumatlandırılması ilə bağlı məlumat guşlərinin yaradılmasının, bu sahənin daha da təkmilləşdirilməsi üçün müvafiq kursların təşkil olunmasının vacibliyini vurğulayıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev müşavirəyə yekun vuraraq iştirakçılara qarşıdan gələn növbəti ildə də səmərəli fəaliyyət arzulayıb.


GOYEZEN.AZ

 



Facebook-da paylaş