Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Birinci Şıxlı kəndində olub
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını bütün sahələrdə görmək olur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının dekabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Birinci Şıxlı kəndində yaşayan sakinlərlə olub.
Dekabrın 12-də Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, siyasi fəaliyyətindən geniş söhbət açıb. Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider kimi qəlblərdə əbədi yaşayacağını söyləyib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçməsinə baxmayaraq bu illər ərzində Azərbaycanın Ulu Öndərin ideyalarının işıqlandırdığı yolla irəliləyərək əsrə bərabər inkişaf yolu qət etdiyini vurğulayıb. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Vətən müharibəsi və uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib.
Görüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad ediblər.
Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Birinci Şıxlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 7 nəfər şəhid verdiyini bildirib. 2 nəfər Birinci Qarabağ müharibəsi, 2 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Birinci Şıxlı kəndindən 71 nəfərin iştirak etdiyini, onlardan 42 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Birinci Şıxlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Birinci Şıxlı kəndində əkin sahəsinin 534,2 hektardan 1383,6 hektara çatdırıldığını söyləyib. Rayonun bütün kəndlərində olduğu kimi, Birinci Şıxlı kəndində də subartezian quyusunun qazıldığını, hazırda 5 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Birinci Şıxlı kəndində içməli su probleminin aradan qaldırılacağını bildirib. Rayon rəhbəri hazırda ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin - Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırıldığını vurğulayıb. Birinci Şıxlı, eləcə də digər kəndlərdə zamanla içməli su təchizatının yaxşılaşdırılacağını söyləyib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 22 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 5 nəfərin şəhid ailəsi, 9 nəfərin Vətən müharibəsi əlili, 8 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib. İcra başçısı bütün kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşdə qaldırılan məsələlərin müsbət həllini tapdığını qeyd edib. Bununla yanaşı, kənddə Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdıran icra başçısı bu sahədə lazımi addımların atıldığını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Birinci Şıxlı kəndində kəndarası yolların asfaltlanması məsələsinin gündəmdə olduğunu və çəkilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Birinci Şıxlı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.
İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icrası edilməsi sayəsində respublikamızın bölgələrində olduğu kimi, Qazaxda aparılan quruculuq işlərinin də geniş miqyas aldığını bildirib. Bu gün Dövlət Proqramında icrası nəzərdə tutulan məsələlərin böyük əksəriyyətinin müsbət həll olunduğunu qeyd edib.
Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdikləri qayğıdan söz açıb, təhsil işçilərinin həmin qayğını əməli işləri ilə doğrultduqlarını söyləyib. 2023-2024-cü tədris ilində Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin məzunları Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Eynalova Turanə Elçin qızı 539.6 bal və İbrahimov Şəmşəd Namiq oğlu 527.2 bal topladıqlarına görə məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini.Nəsibov Səməd Məhəmməd oğlu, məzun Turanə Eynalovanın sinif rəhbəri Yusifova Elnarə Nurəddin qızı, məzun Şəmşəd İbrahimovun sinif rəhbəri İmişova Sabina Koroğlu qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Uzun illər həmin məktəbin direktoru olmuş Qocayev Məzahir Şahvələd oğlu isə təhsil sahəsində uzun illər səmərəli fəaliyyətinə və rayonun ictimai həyatında fəal iştirak etdiyinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanına layiq görülüb. Fəxri Fərmanla təltif edilənlər onlara göstərilən diqqətə, səmimi münasibətə, əməklərinə verilən qiymətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Özlərinin timsalında məktəbin bütün müəllimlərinin əməyinə verilən qiymət kimi dəyərləndiriblər. Onlara göstərilən etimadı bundan sonra da əməli işləri ilə doğruldacaqlarını söyləyiblər.
Kənd sakinlərindən təqaüddə olan ziyalı Məzahir Qocayev, şəhid atalarından Səməd Nəsibov, Mahmud Pənahov və başqaları Ulu Öndər Heydər Əliyevi ehtiramla anaraq dahi şəxsiyyət haqqında ürək sözlərini səsləndiriblər. Bu gün Ümummilli Liderin vəfatından 21 il keçməsinə baxmayaraq Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi xalqımızın unutmadığını, bundan sonra da hər zaman ehtiramla yad edəcəklərini vurğulayıblar. Çıxış edənlər respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. İkinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli, eləcə də Birinci Şıxlı kəndində aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açan sakinlər bütün işləri razılıqla qarşılayıblar. Kənddə yol kənarında yerləşən evlərin dam örtüyünün yenilənməsinə, fasadda aparılan işlərə, yeni hasarların çəkilməsinə, eləcə də sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə körpələr evi-uşaq bağçasının tikintisi, sipləşmə işlərinin sürətləndirilməsi, içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını bildirib.
Facebook-da paylaş