• Təqvim

  • Unutma

  • Maraq



Sərhəd kəndi Fərəhlidə hesabat yığıncağı keçirilib

 

Bu gün rayonun düşmənlə sərhəddə yerləşən Fərəhli kəndində də hesabat yığıncağı keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının Fərəhli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabatında 2019-cu ilin ölkəmiz, eləcə də rayonumuz üçün uğurlu bir il olmasından söz açılıb, qazanılan nailiyyətlərdən danışılıb.

K.Kərimov adına Fərəhli kənd ümumi orta məktəbində keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında giriş sözü ilə çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb. Yola saldığımız 2019-cu ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edərək yeni ildə daha böyük nailiyyətlər qazanmalarını arzu edib. Müavin bu gün Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın gündən-günə inkişaf etdiyini, Ümummilli Liderin dövlət siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, bu gün respublikamızın bütün bölgələri kimi, Qazax rayonunun inkişafına da ölkə prezidenti İlham Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Qeyd edib ki, son 3 ildə isə rayon rəhbərliyinin qayğısı sayəsində dinamik inkişaf yolunda olan Qazaxın siması tamamilə dəyişib, rayon respublikanın abad, gözəl bölgələrindən birinə çevrilib.


Müavin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçiridiyini vurğulayıb. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların da məhz bu məqsədə xidmət etdiyini söyləyib. Ölkə başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə, Sərəncamlara uyğun olaraq Qazaxda bu sahədə məqsədyönlü işlərin görüldüyünü qeyd edən müavin rayonda olan təmirli yollardan söz açıb. Bildirib ki, bu gün rayonda olan yüksək keyfiyyətli yollara misal olaraq Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, CəfərliDaş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərində çəkilən yeni asfalt yolları göstərə bilərik. Qeyd edib ki, bir neçə kəndin yolunun təmir olunmasına ehtiyac var ki, həmin kəndlərdən biri də Fərəhli kəndidir. Bu kəndin yolunda da işlərin görülməsi nəzərdə tutulub.

Fərəhli kənd İƏD-si üzrə nümayəndə Nəsimi Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, yola saldığımız 2019-cu il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 2019-cu il bir çox hadisələrlə yadda qaldı. Rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırıldı. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir.

Qeyd edib ki, Fərəhli kənd İƏD-si üzrə nümayəndəlik iki kəndi, Fərəhli və Qızılhacılı kəndlərini əhatə edir. Nümayəndəlik ərazisində 1 ümumi orta məktəb, 1 feldşer-mama məntəqəsi, 1 diyarşunaslıq kulubu, 1 kitabxana və poçt fəaliyyət göstərir. Nümayəndəliyin ərazisi dövlət mülkiyyətli 109 hektar, bələdiyyə mülkiyyətli 1600 hektar, xüsusi mülkiyyətli 645 hektar olmaqla, ümumi ərazisi 2354 hektardır. Bundan 2075 hektarı kənd təsərrüfatına  yararlı torpaq sahəsidir. 01.01.2020-ci il tarixə Fərəhli kəndi üzrə 921 nəfər, 235 təsərrüfat, Qızılhacılı kəndi üzrə isə 315 nəfər, 83 təsərrüfat olmaqla, iki kəndin birlikdə 1236 nəfər əhalisi, 318 təsərrüfatı olmuşdur. Qızılhacılı kəndinin əhalisi 11 may 1992-ci il tarixdən məcburi köçkün kimi qeydə alınıb. Bunlardan məcburi köçkün kimi qeydə alınmış 164 nəfər Qızılhacılı kənd sakini Qazax şəhərində və rayonun kəndlərində məskunlaşıblar. Hazırda nümayəndəlik üzrə Azərbaycan Milli Ordu sıralarında 3 zabit, 3 gizir və 37 nəfər müddətdən artıq hərbiçi xidmət edir.                                                                                                                                  

2020-ci ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş, görülücək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

Fərəhli kənd ümumi orta məktəbi şəhid Kamran Kərimovun adını daşıyır. Nümayəndəlik kənddə yerləşən məktəblə daim əlaqə saxlayır, əmək intizamının, dərsə davamiyyətin təmin edilməsində və zəruri ehtiyaclarının ödənilməsində məktəb rəhbərliyinə yaxından köməklik göstərir.2019-2020-ci tədris ilində məktəbdə 63 şagird təhsil alır. 20 nəfər pedaqoji heyət təlim-tərbiyə işləri ilə məşğul olur. 9 nəfər texniki heyət fəaliyyət göstərir. Məktəbdə yeni bina kombi sistemi ilə, köhnə binalar isə odun yanacağı ilə qızdırılır. Hazırda məktəbdə istilik normal vəziyyətdədir. Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Fərəhli kənd feldşer-mama məntəqəsinin kollektivi daşıyır. Kollektivdə 3 nəfər işçi işləyir. Xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması və ilkin tibbi yardım günün tələblərinə  cavab verir. Kitabxana binasında səliqə-sahman işləri aparılmış, kitabxana yeni kitablarla təmin edilmişdir. Fərəhli kəndində fəaliyyət göstərən Poçt şöbəsi əhalidən kommunal xərclərin pullarını qəbul edir. Müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam və xidmət səviyyəsi qənaətbəxşdir. Nümayəndəliyin ərazisində rayon Baytarlıq İdarəsinin bir nəfər işçisi çalışır. Kənddə mal-qara və quşlarda baş verə biləcək xəstəliklərin qarşısını almaq üçün baytar həkim həmişə əhali arasında olur, vaxtında profilaktik tədbirlər aparır və peyvəndlər edir.

 

Hesabat dövründə nümayəndəliyə qeydiyyata daxil olan 5 nəfər, qeydiyyatdan çıxan 8 nəfər olmuşdur. 8 nəfərin ölümü qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır.

2019-cu ildə icra nümayəndəliyinə təşkilatlardan 16 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 23 məktub göndərilmişdir. Vətəndaşlara 501 ədəd müxtəlif məzmunlu (yaşayış, ailə tərkibi və s.) arayışlar verilmiş, 1 ədəd rəsmi müraciət daxil olmuş, müraciətlərin hamısı müsbət həll edilmişdir. 37 şifahi müraciətə baxılıb nəticələri barədə həmin vətəndaşlara məlumar verilmişdir.

Hesabat dövründə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərəhli  kəndində sakinlərlə 2 dəfə səyyar görüş keçirmiş, qaldırılmış problemlərlə bağlı aidiyyatı  üzrə tapşırıqlarını vermişdir. Rayon rəhbərliyi tərəfindən Fərəhli və Qızılhacılı kəndlərindən olan şəhid ailələrinə bayram günlərində sovqatlar paylanılmışdır.

Fərəhli və Qızılhacılı kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2019-cu ildə kənd əhalisi tərəfindən 350 hektar buğda, 100 hektar arpa olmaqla, 450 hektarda payızlıq taxıl, 8 hektarda yonca, 10 hektarda qarğıdalı, 8 hektarda tərəvəz, 80 hektarda kartof, 4 hektarda tütün əkilib becərilmişdir. Fərəhli və Qızılhacılı kəndlərində ümumilikdə 2020-ci ilin məhsulu üçün 460 hektar yer şumlanmış, 350 hektar buğda, 110 hektar arpa səpini aparılmışdır. Sahələrin əkilib becərilməsi üçün Respublika Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının 158 nəfər istehsalçısına 23868,90 pul vəsaiti ödənilmişdir. Nümayəndəlik üzrə 01.01.2020-ci il tarixə əhalidə olan 680 baş iribuynuzlu mal-qara, 1580 baş  xırdabuynuzlu qoyun–keçi, 1321 baş ev quşları qeydə alınmış və Statistika İdarəsinə hesabat verilmişdir.

Kənd əhalisi içməli suya olan tələbatlarını bulaqlardan təmin edirlər. Havaların quraqlıq keçməsinə baxmayaraq daim içməli su xətləri nəzarətdə saxlanılmış, təmirə ehtiyacı olan hissələr təmir edilmişdir. Kənd qəbiristanlığında, yol kənarlarında və kəndarası yollarda müntəzəm olaraq iməciliklər keçirilmiş, kəndin təmizliyini saxlamaq üçün əhalini maarifləndirmə məqsədilə kəndin giriş-çıxışında elan lövhələri vurulmuş, kəndin mərkəzinə 3 ədəd zibil qutusu quraşdırılmışdır. Hesabat dövründə əhaliyə elektrik enerjisinin verilməsində 5 ədəd elektrik transformatoru xidmət göstərib. Fərəhli kəndində 2019-cu ildə elektrik enerjisinin verilməsində heç bir ciddi nöqsan yaranmamışdır. Güc transformatorlarında hər hansı nasazlıq baş verdikdə dərhal Rayon Elektrik Şəbəkəsinin köməkliyi ilə aradan qaldırılmışdır. Kənddə elektrik təchizatı sistemində artıq yeniləşmə işlərinə başlanılmışdır. Qazax Elektirik Şəbəkəsi tərəfindən kəndin ərazisində olan yararsız dirəklər yenisi ilə əvəz edilmiş, elektrik xətləri SİP kabellə əvəz edilmişdir. Hazırda işlər davam etdirilir.

Şəmkir  Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən qaz xətlərində və qaz paylayıcı qurğularda təmir işləri aparılmışdır. Təbii qaz yanacağının verilməsində heç bir ciddi nöqsan yaranmamışdır.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağı tərəfindən Fərəhli kəndi ərazisində olan 30 ədəd köhnə rabitə dayaqları dəyişdirilərək yenisi ilə əvəz olunmuş və rabitə xətləri tarımlanaraq səliqəyə salınmışdır.                                  

Kənd sakinlərinin marşrutlarla bağlı təminatı yaxşı təşkil edilmişdir. Kənddə 2 ədəd kiçik həcmli mikroavtobus əhaliyə xidmət göstərir. Bu işlərə də tərəfimizdən ciddi nəzarət edilir. Əhalinin rayon mərkəzinə, eləcə də digər yerlərə gedib gəlmələrini yaxşılaşdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə əlavə olaraq yeni reys açılmışdır ki, bu da əhalinin rayon mərkəzinə  və digər yerlərə gedib-gəlmələrini daha da asanlaşdırmışdır.

Kənd sakinləri 2019-cu ilin bütün sahələrdə nailiyyətlərlə yola salınmasından danışıblar. Bütün bu uğurların əldə edilməsinə görə Prezident İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Minnətdarlıq dolu ürək sözləini çatdıran sakinlər qeyd ediblər ki, bu gün biz sevinirik ki, kənddə həlli vacib olan məsələlərdən biri – kənd yolunun təmir olunması sahəsində də məqsədyönlü işlər görülüb, aidiyyatı üzrə danışıqlar aparılıb. 2020-ci ildə Qazax–Quşçu Ayrım magistral yolundan Fərəhli kəndinə olan yolun yenidən qurulması da plana salınıb. Sakinlər buna görə də ölkə başçısına və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıblar.



GOYEZEN.AZ



Facebook-da paylaş