Qazaxda qışa hazırlıqla bağlı müşavirə keçirilib » Göyəzən internet portalı


Qazaxda qışa hazırlıqla bağlı müşavirə keçirilib

Ölkədə son günlər müşahidə olunan soyuq hava şəraiti kommunal sektorda, eləcə də digər sahələrdə qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradıb.
Qazaxda qışa hazırlıqla bağlı müşavirə keçirilib
Qış mövsümünə hazırlıqla əlaqədar rayonumuzda geniş müşavirə keçirilib. Gənclər Mərkəzində keçirilən müşavirədə idarə, müəssisə, təşkilat rəhbərləri, icra və bələdiyyə nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyətinin Başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq bildirib ki, müşavirəni keçirməkdə məqsəd qış mövsümünə hazırlıqla əlaqədar görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Qeyd edib ki, bütün sahələrdə qışa ciddi hazırlıq işləri görülməlidir. Elə etmək, elə hazırlaşmaq lazımdır ki, sonradan problemlər yaranmasın.
Qazaxda qışa hazırlıqla bağlı müşavirə keçirilib
Bunun üçün lazım gələn bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirilməli, qarşıda yarana biləcək hər hansı problem əvvəlcədən nəzərə alınmalıdır. Eyni zamanda bununla bağlı lazımi orqanların rəhbərlərinə müvafiq göstərişlər veriləcək, qarşıya konkret vəzifələr qoyulacaqdır.

Məqsədimiz qarşıda duran problemləri yerindəcə həll etməkdir. Çalışmalıyıq ki, mövsümlə bağlı heç bir problemimiz olmasın.

Sonra rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Mərkəzi Xəstəxananın baş həkimi Arzu Novruzov, Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov, Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov, Paylayıcı Elektrik Şəbəkənin rəisi Elşad Məmmədov, Qaz İstismar İdarəsinin rəis müavini Anar Qaçayev, 28 saylı MMC-nin rəisi Kərəm Məmmədrzayev, Yanğın Mühafizə İdarəsinin rəisi Abdal Aşurov çıxış edərək rəhbərlik etdikləri sahə üzrə qışa hazırlıqla bağlı görülən işlərdən danışıblar.

Qeyd ediblər ki, əvvəlcədən lazım gələn bütün tədbirlər görülüb, gələcəkdə heç bir problemin yaranmaması üçün lazımi işlər həyata keçirilib. Elektrik transformatorları, qaz paylayıcı xətlər yoxlanılıb, qış rejiminə hazır vəziyyətə gətirilib.

Məktəb və bağçaların lazım gələn binalarında dam örtükləri təmir edilib, qapı və pəncərələrdə olan çatışmazlıqlar aradan qaldırılıb. Çıxış edən idarə və müəssisə rəhbərləri qışa tam hazır olduqlarını bildiriblər.
Qazaxda qışa hazırlıqla bağlı müşavirə keçirilib
Qazax rayon İcra Hakimiyətinin Başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq qeyd edib ki, qış mövsümünə hazırlıqla bağlı işlər görülür, amma mövcud problemlər də var. Ona görə də səylərimizi artırmalıyıq ki, problemlər lazımi vaxtda öz həllini tapsın.

Çünki həyat var, problem də var. Qış mövsümündə isə problemlər çoxalır. Müraciətlərin sayı artır. Qarşımızda çox mühüm vəzifələr durur. Ona görə də hər bir idarə və müəssisə rəhbəri diqqətli olmalıdır.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov aidiyyatı üzrə ayrı-ayrı müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.


Facebook-da paylaş