• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda gənclərlə görüş keçirilmişdir

REFERENDUM – 2016 ----------------------------------------


Qazaxda gənclərlə görüş keçirilmişdir
Respublikamızda 26 sentyabr tarixində keçiriləcək referendumla bağlı ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da geniş hazırlıq işləri görülür. Bununla əlaqədar seçkilərdə iştirak edəcək seçicilərin siyahıları dəqiqləşdirilmiş, rayondakı bütün məntəqələrdən lövhələr asılmışdır. Bir sözlə, məntəqələrin hamısı seçkilərə tam hazırdır.

Referendumla əlaqədar rayonda təbliğat, təşviqat işləri də görülür. Bu gün Qazaxda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun gənc seçicilərlə görüşü keçirilmişdir. Rayon mədəniyyət sarayında keçirilən görüşdə rayonda çalışan, təhsil alan gənclər iştirak etmişdir.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov görüşü giriş sözü ilə açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Ümidvar olduğunu bildirmişdir ki, həmişə və bütün sahələrdə olduğu kimi seçkilərdə də qazaxlı gənclər fəal iştirak edəcəkdir.

“İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə tədbirdə çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat vermişdir. Qeyd etmişdir ki, bu dəyişikliklər bütün ölkə vətəndaşlarının, xüsusən də gənclərin maraqlarına uyğundur. V.Rəhimzadə gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırmışdır.
Qazaxda gənclərlə görüş keçirilmişdir
Görüşdə çıxış edən Milli Məclisin deputatı Kamran Nəbizadə qeyd etmişdir ki, 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Millət vəkili vurğulamışdır ki, bu əlavə və dəyişikliklərin hər biri milli maraqlarımıza uyğun olmaqla yanaşı, bilavasitə hüquq və azadlıqların genişlənməsinə xidmət edir.

Sərbəst güləş üzrə Azərbaycan Yığma Komandasının böyük məşqçisi Firdovsi Umudov öz çıxışında gənclərimizin idman sahəsində olduğu kimi siyasi sahədə də fəal olduqlarından söz açaraq əlavə və dəyişikliklərin gənclərin həyatında oynayacaq rolundan danışmışdır.

“Bələdiyyə” təşviqat qrupunun vəkili Nihat Allahyarlı öz çıxışında Konstitusiyaya ediləcək dəyişiklik və əlavələrin məqsəd və əhəmiyyətindən danışaraq qarşıdakı siyasi kampaniyada gəncləri daha fəal olmağa çağırmışdır. Əmin olduğunu bildirmişdir ki, cəmiyyətimizin əsas aparıcı qüvvələrindən biri olan gənclər seçkilərdə də öz sözünü deyəcəkdir.

Görüşdə çıxış edən gənclər sentyabrın 26-da referendumda fəal iştirak edəcəklərini, əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bəyan ediblər.

Elçin İSMAYIL


Facebook-da paylaş