Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazaxda olmuşdur
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazax rayonunda olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
Sonra komitə sədri Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul etmişdir.
Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə konfrans keçirilmişdir.
Ədəbiyyat Muzeyində keçirilən konfransda idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir. “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” adlı konfransda “Multikulturalizm ili” ilə əlaqədar respublikamızda görülən işlərdən söz açılmışdır.
Konfrans “Fitnə” sənədli filminin nümayişi ilə öz işinə başlamışdır.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açdıqdan sonra məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, bütün dünyada Azərbaycan multikultural ölkə kimi nümunə göstərilir. Eyni zamanda ölkəmiz tolerant ölkə olduğunu bəşəriyyətə bir daha sübut etmişdir. Bu gün Azərbaycan dövlətinin siyasətində multikulturalizm və tolerantlıq mühüm yer tutur. Respublikamızda dilindən və dinindən asılı olmayaraq bütün xalqlar mehriban bir ailə kimi yaşayır. Bu da dövlət başçısının ölkəmizdə sabit və ardıcıl siyasət apardığını bir daha aydın şəkildə göstərir.
Komitə sədri M.Qurbanlı konfransda çıxış edərək dövlət və din münasibətlərindən söz açmışdır. Qeyd etmişdir ki, dini münasibətlərin normal olması üçün ölkəmizdə münbit şərait vardır. Respublikamızda müxtəlif xalqların nümayəndələri öz dini ayinlərini sərbəst şəkildə həyata keçirə bilirlər. Bunun üçün ölkəmizdə hər cür şərait vardır. M.Qurbanlı bildirmişdir ki, lakin ölkəmizdə dindən sui istifadə etmək istəyənlər də vardır. Belə halların qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınır. Respublikamızda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır.
Sonra AYB Qazax zona filialının sədri Barat Vüsal və başqaları çıxış edərək mövzu ətrafında öz fikir və mülahizələrini bildirmişlər.
Elçin İSMAYIL
Facebook-da paylaş