• Təqvim

  • Maraq



Mən sizinlə bir yerdəyəm

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun Aşağı Salahlı və Ürkməzli kəndlərində sakinlərlə keçirdiyi görüşlərdə bu fikir səslənmişdir


Mən sizinlə bir yerdəyəm
Xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun keçirdiyi görüşlər artıq ənənə şəklini alıb. İcra başçısı mütəmadi olaraq kəndlərə gedir, mövcud çatışmazlıqları yerindəcə öyrənərək lazımi tapşırıqlar verir.

Oktyabr ayının 26-da Aşağı Salahlı və Ürkməzli kəndlərində keçirilən görüşlər bu dediklərimizin əyani sübutudur.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Aşağı Salahlıda keçirilən görüşdə əhalini salamladıqdan sonra bu günlərdə möhtərəm cənab Prezident İlham Əliyevin rayonumuza səfəri barədə ətraflı söhbət açdı. Qeyd etdi ki, ölkə başçısının rayonumuza səfəri olduqca uğurlu oldu.
Mən sizinlə bir yerdəyəm
Möhtərəm cənab Prezident rayonumuzda olaraq bildiyiniz kimi 4 açılış mərasimində iştirak etdi. Qazaxda görülən işlərə öz razılığını bildirdi. Ölkə başçısı səfər zamanı rayonumuzda görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini də verdi.

Rəcəb Babaşov bildirdi ki, görülən işlərdən biz qətiyyətlə arxayınlaşmamalı, əksinə bundan sonra daha böyük səylə çalışmalıyıq.

İşlər görülür, problemlər həll olunur, ancaq bununla yanaşı hələ görüləcək işlər də çoxdur. Artıq 2016-cı il başa çatır. Bu qalan qısa müddət ərzində biz elə etməliyik ki, qarşıdan gələn yeni ilə problem keçməsin.

Biz bu gün desək ki, hər şey qaydasındadır, yalnış olar. Düzdür, ötən 5 ay ərzində rayonumuzda illərlə yığılıb qalmış problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Amma yenə də bir sıra çatışmazlıqlar var ki, biz onları aradan qaldırmalıyıq. Mən sizinlə bir yerdəyəm.

Bunu dildə yox, əməldə etmək lazımdır. Elə etmək lazımdır ki, xalqın istədiyi kimi olsun. Mən bu gün sizinlə görüşə real vəziyyəti öyrənmək, çatışmazlıqları sizin dilinizdən eşitmək üçün gəlmişəm.
Mən sizinlə bir yerdəyəm
Bugünkü görüşümüzün məqsədi qışa hazırlıqla bağlı real vəziyyəti öyrənməkdir. Eyni zamanda, kənd təsərrüfatı ilə bağlı sizinlə fikir mübadiləsi aparmaqdır.

Rəcəb Babaşov bildirdi ki, rayonumuzun bütün kənd torpaqlarından nümunələr götürülmüş və analiz olunmaq üçün Türkiyəyə göndərilib. Məqsədimiz bizim torpaqların hansı bitkilər üçün daha yararlı olmasını, hansı gübrələrdən istifadə edilməsinin münasib olmasını öyrənməkdir.

Aldığımız rəylərdən belə nəticəyə gəlmişik ki, Qazaxda şəkər çuğunduru əkilməsi daha vacib və gəlirlidir. Bununla əlaqədar lazım olan bütün hazırlıq işləri görülüb. İlk növbədə çuğundur əkininin və becərilməsinin aqrotexniki qaydada aparılması üçün Türkiyədən mütəxəssis dəvət olunub.
Mən sizinlə bir yerdəyəm
O, yenicə istifadəyə verilmiş Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatında yaradılmış tədris mərkəzində bizim mütəxəssisləri öyrədəcəkdir. Eyni zamanda, çuğundurun əkilməsi və becərilməsi üçün Azərsun Holdinqlə və digər şirkətlərlə müqavilələr bağlanıb.

Onlar çuğundur əkmək istəyən hər bir vətəndaşı toxum, texnika və digər avadanlıqlarla təmin edəcəklər. İcra başçısı bildirdi ki, çuğundur əkini, becərilməsi və onun təhvil verilməsi ilə əlaqədar heç bir problem olmayacaq.

Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov çıxış edərək çuğundur əkini və becərilməsi barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, şəkər çuğunduru bizim ənənəvi əkinlərimiz olan üzümdən və taxıl əkinindən olduqca gəlirli və səmərəlidir.

O, çuğundurun səmərəliliyini müqayisəli rəqəmlərlə görüş iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki, taxılın hər hektarına 500-550 manat xərc çəkilir. Bunun əvəzində isə cəmi 750-800 manat qazanc götürülür. Xalis gəlir təxminən 200-250 manat civarında olur.

Şəkər çuğundurunda isə hər hektara təxminən 800 manat xərc çəkilir və hektardan aşağısı 40-50 ton məhsul götürülür. Bu da təqribən 2400-2800 manat gəlir əldə edilməsi deməkdir. Beləliklə, şəkər çuğundurunun hər hektarından ən azı 1500-2000 manat gəlir götürmək mümkündür.

Ən yaxşı cəhət isə odur ki, çuğundurun bazarı var, yəni çuğundur yığılan kimi aidiyyatı yerlərə təhvil veriləcəkdir.
Mən sizinlə bir yerdəyəm
Görüşdə kənd sakinlərindən Eyvaz Osmanov çıxış edərək qeyd etdi ki, mən özüm sahibkaram. Şəkər çuğunduru da çox məhsuladar bitkidir. Ona görə də mən istifadəmdə olan torpağın hamısında şəkər çuğunduru əkəcəyəm.

Mirzə Nuriyev dedi ki, Kür çayı daşan zaman təhlükə yaradır və əkin sahələrimizi yuyur. Bizim əkin sahələrinin çox hissəsi də Kür qırağında yerləşir. Ona görə də bu təhlükənin qarşısnı əvvəlcədən almaq üçün tədbirlər görülməsini xahiş etdi.

Qarabağ müharibəsi veteranı Aydın Mirzəyev isə söz alaraq dedi ki, dövlət tərəfindən ona yaşayış evi tikilib. Amma neçə aydır ki, qazı, işığı çəkilməyib. İcra başçısı veteranın evinə qaz və işıq çəkilməsi barədə yerindəcə tapşırıq verdi.

Daha sonra sakinlərdən Cahangir Alnaqov, Fatma Vəliyeva, Vaqif İsmayılov və başqaları söz alaraq rayon Icra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova onlarla mütəmadi olaraq görüş keçirdiyinə görə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, biz də istifadəmizdə olan torpaqlarda çuğundur əkəcəyik.

Günün ikinci görüşü rayonun Ürkməzli kənd sakinləri ilə keçirildi. Burada da rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sakinləri salamladıqdan sonra qışa hazırlıqla bağlı məsələlərdən söz açdı. Qeyd etdi ki, vəziyyət barədə mənə tam məlumat verilib. Lakin mən vəziyyəti sizin dilinizdən eşitmək istəyirəm.
Mən sizinlə bir yerdəyəm
Ona görə də bu gün sizinlə görüşə gəlmişəm. Görüşdə qeyd olundu ki, qaz, su və işıq sarıdan kənddə heç bir problem yoxdur. Yalnız işığın gərginliyində müəyyən çatışmazlıqlar vardır.

Tezliklə o da aradan qaldırılacaqdır. Əgər vətəndaş işığın, qazın dəyərini ödəyirsə, deməli təminatı da tam olmalıdır.
Mən sizinlə bir yerdəyəm
Sonra kənd təsərrüfatı ilə bağlı məsələlərdən söhbət açıldı. Rəcəb Babaşov şəkər çuğundurunun əhəmiyyətindən danışaraq onun gəlirli və səmərəli olduğunu qeyd etdi. Bildirdi ki, əlaqədar şirkətlərlə bu barədə danışıqlar aparılıb və razılıq əldə olunub.

Məqsəd Qazaxda şəkər çuğundurunun istehsalını artırmaqdır. Qeyd olundu ki, çuğundurun əkin, becərilmə və tədarükü işlərinin 70 faizini texnika görür. Satış bazarı da məlumdur. Bütün bunlara əsasən demək olar ki, çuğundur əkini həm gəlirli, həm də təminatlı sahədir.
Mən sizinlə bir yerdəyəm
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov çıxış edərək çuğundur əkini barədə tədbir iştirakçılarına daha ətraflı məlumat verdi. Çuğundura çəkilən xərc və götürülən gəlir barədə müqayisəli izahat verdi.

Sakinlərdən Nüsrət Yusifov, Gülnar Osmanova, İradə Qurbanova çıxış edərək onlarla görüşə gəldiyinə görə Rəcəb Babaşova kənd sakinləri adından öz minnətdarlıqlarını bildirdilər.

Mən sizinlə bir yerdəyəm
Eyni zamanda istifadələrində olan torpaqlarda çuğundur əkəcəklərini qeyd etdilər. Qarabağ əlili Nüsrət Musayev isə çıxış edərək onun yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərdiyi köməyə görə icra başçısına ailəsi adından minnətdarlığını bildirdi.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hər iki görüşdə kənd sakinləri ilə mütəmadi olaraq görüşəcəyini deyərək bildirdi ki, mən sizinlə bir yerdəyəm.

Elçin İSMAYIL


Facebook-da paylaş