• Təqvim

  • Unutma

  • Maraq



Əhali ilə görüşlər səmərə verir

Əhali ilə görüşlər səmərə verir
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhər və kəndlərdə sakinlərlə görüşlər keçirir. Görüşlər zamanı əhalini narahat edən problemlər və qayğılar yerindəcə öyrənilir və həlli istiqamətində konkret tapşırıqlar verilir.

Avqust ayının 22-də rayonun Aslanbəyli, Qaymaqlı, Kəmərli və Yuxarı Salahlı kənd sakinləri ilə görüşdən sonra rayon rəhbərliyi növbəti görüşlərini avqust ayının 24-də Orta Salahlı, Aşağı Salahlı, Qazaxbəyli və Kosalar kəndlərində keçirmiş, əhalini narahat edən problemlər və görülmüş işlər barədə yerindəcə məlumatlar öyrənmişdir.

Orta Salahlı kəndində əhali ilə keçirilən görüşdə Rəcəb Babaşov kənd camaatını salamlamış və bildirmişdir ki, sizinlə görüşməkdə əsas məqsədimiz kənd təsərrüfatında aparılan işlərin, texnikanın, əkinin vəziyyəti və təsərrüfat ilinin yekunu ilə tanış olmaqdır.

Əhali ilə görüşlər səmərə verir
Sonra Rəcəb Babaşov Qazax şəhərində və kəndlərdə aparılan tikinti, quruculuq və abadlıq işləri barədə görüş iştirakçılarına məlumat verərək bildirmişdir ki, hazırda “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam edir. Qarabağ və şəhid ailələri üçün tikilən 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evlərinin tikintisi yaxın vaxtlarda başa çatdırılacaqdır.
Qazax Tarix Diyarşünaslıq Muzeyinin müasir tələblərə cavab verən yeni binasının tikintisi yekunlaşmaq üzrədir. Qazax rayonunun girişindəki “Obelisk”-də və ətrafında geniş abadlıq işləri aparılmış, yeni yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır. Həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır.
Əhali ilə görüşlər səmərə verir
Bayraq meydanında, N.Nərimanov yaşayış massivində hündürlüyü 14,3 metr olan qüllənin ətrafında, Qazax şəhərindəki və rayonun Yuxarı Salahlı kəndindəki Şəhidlər Xiyabanlarında, Daş Salahlı kəndindəki şəhidlər qəbiristanlığında əsaslı təmir və geniş abadlıq–quruculuq işləri aparılmışdır.
Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində abadlıq işləri aparılmış, yeni ağac və gül kolları əkilmişdir.
Qazax şəhərində küçələrin təmiri və məhəllədaxili yollar asfaltlanmış, H.Əliyev prospekti boyunca və Bakı küçəsində yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, evlərin fasad hissəsində və hasarlarda abadlıq işləri aparılmış, yol kənarı yaşayış evlərinin giriş hissəsində darvazalar quraşdırılmışdır.

Qazax şəhərində və kəndlərdə sipləşmə işləri davam edir. Daş Salahlı kədində 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyanın tikintisi işləri gedir. Qazax şəhərində mərkəzi bazarın ətrafında–H.Əliyev prospekti, Azadlıq, M.Carçıyev və M.V.Vidadi küçələrində antisanitariya və natəmizlik yaradan, əhalinin hərəkətinə mane olan və məhdudlaşdıran küçə ticarəti aradan qaldırılmışdır. Bu məqsədlə mərkəzi kolxoz bazarında lazımi şərait yaradılmış, ticarətlə məşğul olan insanlar bazarın içərisinə köçürülmüşdür.

Bundan başqa, “Çinar dibi” adlanan yaşayış massivində yeni alternativ bazar yaradılaraq fəaliyyətə başlamışdır. Hazırda kənd təsərrüfatı yarmarkasının keçirilməsi üçün hazırlıq işləri gedir. Ağköynək kəndi ərazisində 1,5 hektar sahədə məişət tullantıları üçün ərazi ayrılmış, orada təmizlik işləri aparılmış və ətrafı dəmir torla hasarlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2016-cı il tarixli sərəncamı ilə 6000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-

Əhali ilə görüşlər səmərə verir
Kosalar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılmış və işlər başa çatmaq üzrədir. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işlərinə başlanılmışdır. Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbində bərpa-gücləndirmə və əsaslı təmir işləri, Çaylı kənd 1 saylı tam orta məktəbində isə əsaslı təmir işləri aparılır. Rayonun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodlarının, Birinci Şıxlı kəndində "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-nin tikintisi işləri davam edir. Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi, lizinq yolu ilə gətirilmiş 75 baş cins mal-qaranın sayının 100 baş artırılması məqsədilə Qaymaqlı kəndində fəaliyyət göstərən fermada genişləndirmə işləri aparılmışdır. Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermasının tikintisi işləri davam etdirilir. Rayonun Ermənistanla ən yaxın məsafədə yerləşən sərhəd kəndlərinin (Bala Cəfərli və Məzəm) əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd boyu 3 metr hündürlükdə 1300 p/m istinad divarları çəkilmişdir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir. Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır. Quşçu Ayrım və Ürkməzli kəndlərinin hər birində bir şəhid ailəsi və Dəmirçilər kəndində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işlərinə başlanılmışdır. Hazırda işlər davam etdirilir.

Sonra kənd təsərrüfatında aparılan işlərlə bağlı Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Ramin Nəsibova söz verilmişdir. O, bildirmişdir ki, Orta Salahlı kəndinin 1768 nəfər əhalisi, 458 təsərrüfatı vardır. Şəhid ailələri 2, Qarabağ əlilləri 1 nəfərdir. Kənddə 7 traktor, 2 kotan, 4 mala, 3 dırmıq, 2 toxumsəpən, 3 otbiçən və 1 otbağlayan texnika vardır. Kənddə 320 hektar sahədə buğda əkilmiş, hər hektardan 33,3 sentner məhsul götürülmüşdür. İribuynuzlu mal-qaranın baş sayı 1405, xırdabuynuzlular isə 5600 baş olmuşdur. Son 3 ayda enerji, qaz, su təminatı yaxşı olmuşdur. XI sinfi 4 nəfər bitirmiş, 2 nəfər ali məktəbə sənəd vermiş və 1 nəfər qəbul olmuşdur.

Bu il taxıl sahələri şəxsi kombaynlar vasitəsilə hər hektarı 35-40 manata biçilmişdir. Kənd əhalisinin problemlərinin həllinə kömək məqsədilə işçi qrupu yaradılmışdır.
Sonra Rəcəb Babaşov çıxışını davam etdirmiş və bildirmişdir ki, bu gün Qazax rayonuna 80 adda maşın-mexanizm lazımdır. Təəssüf ki, bu gün rayonda cəmi 40 adda texnika vardır ki, onun da 19-u tam yararsızdır. Qalır 11-I, onun da 4-ü tam gücü ilə işləmir. Bu məsələ respublikanın aidiyyatı qurumlarının rəhbərləri tərəfindən rayonda araşdırılmış və həqiqətən də 80 adda maşın-mexanizmə ehtiyac olduğu müəyyən edilmişdir. Odur ki, oktyabr ayının əvvəllərinədək aqrolizinq xəttilə rayona 80 adda maşın-mexanizm veriləcəkdir və biz bu problemi birdəfəlik həll edəcəyik. Lizinq yolu ilə kombayn almaq istəyənlər təklif verib ala bilərlər.

Bizi hər addımda narahat edən əsas məsələlərdən biri də toxumun düzgün seçilməməsidir. Bu il bu işlərə də diqqət artırılacaqdır. Keyfiyyətli toxumla bağlı müəyyən əlaqələr yaratmışıq və bu məsələ ilə bağlı müxtəlif yerlərə adam göndərmişik. Bazarda meyvə-tərəvəz satışında da heç bir problem olmayacaqdır. Bunun üçün də bir sıra qurumlarla əlaqələr yaratmışıq, kartof, soğan, kələm əkənlərə bu sahədə heç bir çətinlik yaranmayacaqdır. Bazarlarda məhsulun əldən-ələ keçməməsi üçün həm təzə, həm də köhnə bazarlarda lazımi işlər aparılmışdır. Sərəncamla yaradılmış işçi qruplarının fəaliyyəti nəticəsində bazar ətrafı ərazidə küçə ticarəti ləğv edilmişdir.

Həmin ərazilərə asfalt örtüyü qoyulmuş, yeni işıq sistemi qurulmuşdur. Bazarın içində abadlıq, səliqə-sahman işləri aparılmış, yeni daxıllar qoyulmuşdur. Biz köhnə bazarın ətrafında səliqə-sahman yarada bildik, ona görə ki, bizim burada heç bir məqsədimiz yox idi. Məqsədimiz yalnız insanların əziyyət çəkməməyi, şəhərimizin təmiz olması idi. Biz indi kənd təsərrüfatı yarmarkası keçirməyə hazırlaşırıq. Köhnə bazara alternativ yaratdığımız təzə bazarda da hər cür şərait yaradılmışdır.
Din məsələlərində diqqətli olmaq lazımdır. Məscidlər dindaraların deyil, xalqın istifadəsində olmalıdır. Məscid Allahın evidir. Oraya gəlir mənbəyi kimi baxılmamalıdır.

Rayonda təhsil sahəsində də uğurlarımız olmuşdur. Ali məktəblərə iş verən məzunlardan 58 nəfəri 500-dən yuxarı və 1 nəfər məzunumuz isə 700 bal toplamışdır. Lakin bəzi kəndlərimizdə vəziyyət yaxşı deyildir. Məsələn, Orta Salahlı, Aşağı Salahlı, Qazaxbəyli kənd orta məktəblərində ali məktəblərə qəbulun səviyyəsi qənaətbəxş olmamışdır. Odur ki, bu sahəyə diqqət daha da artırılmalıdır və dərslərə davamiyyət 100 faiz olmalıdır. Uşaq bağçalarına diqqəti artırmalıyıq. Balaca körpələrin yeməyinə uzanan əllər kəsilməlidir. Səhiyyə xidmətinin səviyyəsi yüksəlməlidir. Narkomaniya tam aradan qaldırılmalıdır. Çalışaq gənclərimizi bu və digər bəlalardan qoruyaq. Bu sahədə rayonda ardıcıl tədbirlər həyata keçirilir.
Biz çıxışları da dinləmək istəyirik. Kənddə olan vəziyyət, edilmiş müraciətlər, qəbula gəlmiş vətəndaşlar, onları narahat edən məsələləri onların özlərindən eşitmək istəyirik.

Kənd sakinlərindən Nəbi Babacanov, Firdovsi Xiyalov və başqaları öz çıxışlarında kənddə elə bir ciddi problem olmadığını bildirdilər. Söylədilər ki, işıq, qaz, su, yol problemləri yoxdur. Lalə Xasayeva isə kürəkəninin işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdi.

Aşağı Salahlı kəndində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bildirdi ki, bu mənim sizinlə üçüncü görüşümdür. Kəndinizdəki problemlərin həlli üçün tədbirlər görülür və biz bu prosesi davam etdirəcəyik. Görüşdə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yaşar Əfəndiyev kənd təsərrüfatı və kənddəki vəziyyətlə bağlı məlumat verərək bildirdi ki, kəndin əhalisi 1889 nəfər, təsərrüfatların sayı 453-dür. Kənddə 6 şəhid ailəsi, 1 nəfər Qarabağ əlili yaşayır. Ümumi torpaq sahəsi 2448, əkinə yaralı sahə 2019 hektardır. Kənddə 13 traktor, 4 kotan, 5 dırmıq, 4 otbiçən və 5 otbağlayan vardır. 2016-cı ildə 200 hektar sahədə buğda əkilmiş, məhsuldarlıq 35,7 sentner, taxıl biçini hər hektar üçün 30-35 manat olmuşdur. İribuynuzlu mal-qaranın sayı 1848 baş, xırdabuynuzlular isə 9135 baş olmuşdur. Kənddə enerji, qaz, su təminatı ilə bağlı heç bir problem yoxdur. Əhali suvarma suyu ilə tam təmin olunmuşdur. Bu il kənddə XI sinfi 19 nəfər bitirmiş, 6 nəfər ali məktəbə sənəd vermiş, 2 nəfər qəbul olmuşdur.

Kənd sakini İlham Nəbiyev çıxışında bildirdi ki, artezianlarımız balansa götürülərək istifadəyə verilmişdir. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə yaradılmış təyyarə şəhərimizin ən yaxşı yerlərindən birində ucaldılmışdır.
İlham Nəbiyev bütün bunlara görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova kənd əhalisi adından öz dərin minnətdarlığını bildirmişdir.
Kənd əhalisi ilə görüşdən sonra rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kənddəki körpələr evi-uşaq bağçasına baxmışdır.

Günün üçüncü görüşü Qazaxbəyli kənd sakinləri ilə oldu. Kənd sakinləri rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovu böyük sevgi və mehribanlıqla qarşıladılar.
İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirdi ki, görüşünüzə gəlməkdə məqsədimiz kənd təsərrüfatı və digər sahələrdəki vəziyyəti öyrənməkdir.

Məsələ ilə bağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ramin Nəsibov məlumat verərək bildirdi ki, kəndin əhalisi 1267 nəfər, təsərrüfatların sayı 370-dir. Kənddə 1 şəhid ailəsi, 7 nəfər Qarabağ əlili yaşayır. Ümumi torpaq sahəsi 729, əkin sahəsi 559 hektardır. Kənddə 6 traktor, 2 kotan, 2 mala, 3 dırmıq və 3 otbiçən vardır. Şumun 1 hektarı dəmyə torpaqlarda 35, suvarılan torpaqlarda isə 40 manata aparılır. Buğda sahəsi 145 hektardır və məhsuldarlıq 33,3 sentner olmuşdur. İribuynuzlu mal-qara 720 baş, xırdabuynuzlular 1490 baş olmuşdur. Kənddə işıq, qaz, içməli su, suvarma suyu ilə bağlı problem yoxdur. XI sinfi 6 nəfər bitirib. 2 nəfər ali məktəbə sənəd verib, 1 nəfər qəbul olub.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov son üç ayda rayonda gedən tikinti, abadlıq və quruculuq işlərindən danışdı. Sonra rayonda kənd təsərrüfatının maşın-mexanizmlərlə tam təmin olunması, yeni, yüksək reproduksiyalı toxum əldə edilməsi, yeni iş yerlərinin yaradılması, əldə olunmuş kənd təsərrüfatı məhsullarının satışının təşkil edilməsi, bu məqsədlə soyuducu kameraların qurulması və digər məsələlərlə bağlı geniş məlumat verdi.

Kənd sakinlərindən Yasin Abayev, Fəxrəddin Qasımov və başqaları çıxış edərək onlar üçün yaradılmış şəraitə görə Ölkə Prezidenti İlham Əliyevə və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova minnətdarlıqlarını bildirdilər.
Kosalar kəndində keçirilən görüş də çox işgüzar və səmərəli oldu. Kənd sakinləri tərəfindən yüksək səmimiyyət və böyük hörmətlə qarşılanan Rəcəb Babaşov görüşə gəlmiş kənd sakinlərinə üzünü tutaraq bildirdi ki, mən öz doğma kəndimə gəlmişəm. Sizin bütün uğurlarınız, rahat yaşamağınız məni sevindirir. Siz bunların hamısına layiqsiniz. Bu gün sizinlə görüşməkdə məqsədimiz kənd təsərrüfatındakı vəziyyəti öyrənmək, sizə lazım olan köməyi göstərməkdir. Biz bilirik ki, rayonun kənd təsərrüfatı maşın-mexanizmlərinə ciddi ehtiyacı var. Hazırda onların sayı azdır. Olanlar isə nasaz vəziyyətdədir. Yeni buğda sortlarının alınmasına ehtiyac var. Biz bunların hamısını həll edəcəyik.

Bu il kəndinizdə 190 hektar sahədə buğda əkilib. Məhsuldarlıq 47,4 sentner olub. İndiyədək 2017-ci ilin məhsulu üçün 11,5 hektar sahədə şum aparılıb. Mal-qaranın baş sayı 1456, xırdabuynuzlu davarların sayı isə 4520 baş olmuşdur. Enerji, qaz, su təminatında və eləcə də digər sahələrdə problemlər yoxdur. Ən böyük probleminiz isə Ölkə Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində artıq həll olunmuşdur. Uzunluğu 11 km olan Qazax-Kosalar avtomobil yolunun yüksək keyfiyyətlə yenidən tikilməsi artıq başa çatmaq üzrədir. Hazırda kənd təsərrüfatında aparılan işlər sürətləndirilməlidir. Payızlıq şum əkini az aparılmışdır. Hər iş optimal müddətdə başa çatdırılmalıdır.

Təhsilin, səhiyyənin səviyyəsi yüksəldilməli və bağçalara nəzarət gücləndirilməlidir. Bu il Kosalar kənd orta məktəbini bitirmiş 33 nəfər məzundan 17 nəfəri ali məktəblərə iş vermişdir. Onlardan isə cəmi 9 nəfər ali məktəbə qəbul olunmuşdur. Bu göstərici qənaətbəxş deyildir. Kənd sakinlərindən Rəfiqə Məmmədova, Barat Alıyev, Cavanşir Rüstəmov, Tariyel Nəsibov və başqaları çıxış edərək kənddə heç bir problem olmadıqlarını bildirdilər. Bütün problemlərin son 3 ayda aradan qaldırıldığını söylədilər. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə və rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirdilər.
Kosalar kənd sakinləri Rəcəb Babaşovu kəndin fəxri vətəndaşı seçdiklərini söylədilər.

Sonda Rəcəb Babaşov söylədi ki, xalqın, əli qabarlı zəhmətkeş insanların bütün müraciətlərinə həssaslıqla yanaşmaq lazımdır. Möhtərəm Prezident İlham Əliyev cənablarının dəfələrlə söylədiyi kimi, biz hamımız xalqın xidmətçiləriyik.


Facebook-da paylaş