Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır
Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə həkk olunan 2020-ci il hələ uzun illər Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 2020-ci ilin 20 oktyabr günü həm xalqımızın, həm də zəngilanlıların yaddaşına
əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 20-si Zəngilanın Ermənistan silahlı
qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən
1 il ötür. Həmin tarixi günü zəngilanlılar fəxr və qürur hissi ilə
xatırlayırlar. Çünki 27 il davam etmiş
işğala son qoyulub. Artıq zəngilanlılar
rayonun 1993-cü
il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü
deyil, azad olunduğu tarixi qeyd edirlər. Tarixi həqiqətlərə nəzər saldıqda bir daha şahidi
oluruq ki, XIX əsrin
əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi
bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe
edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub.
Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan
ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi
ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur
qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur
Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın
yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə
Azərbaycanın tərkibində qalıb. Rayonun təbii sərvətlərinə gəlincə olduca zəngin
olub. Rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda
çöküntü suxurlarından başqa vulkanik materiallar - yura, təbaşir çöküntüləri
yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı,
qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı
vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Zəngilanın işğalı və dağıdılmış infrastrukturuna nəzər yetirsək aydın şəkildə görərik ki, bu rayon da erməni vandalizminin qurbanı olub. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan
Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və
Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. İşğal zamanı Zəngilanda təkcə infrastruktur deyil, tarixi, dini memarlıq abidələri də dağıdılıb. İşğal nəticəsində dağıdılmış tarixi və dini memarlıq abidələrindən əsər-əlamət belə qalmayıb. Tarixi-dini abidələrdən - İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri. Ziyarətgahlardan- Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında, Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi. Tarixi
memarlıq abidələrindən - Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan
yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər)
– Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər)
– Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi,
Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi,
Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) –
Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi,
Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) –
Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi, Tağlı körpüsü (XVI əsr)
– Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi. Bütün
bu dini və tarixi abidələr Zəngilanda olub, bu gün isə mənfur düşmənimiz tərəfindən
məhv edilib. 2020-ci ildə başladığımız haqq savaşında digər rayonlarımız kimi, Zəngilan
da uzun həsrətdən sonra düşmən tapdağından azad edildi. Zəngilan uğrunda aparılan döyüşlər də sonda qələbə ilə yekunlaşdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan
rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan
Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun
Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin
işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi
və 49 kəndi işğaldan azad edildi. Eyni zamanda, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa
edildi. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilib.
Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri
görülməyə başlamışdır. 44 günlük haqq davamızda, eləcə də Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi
dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Rayonun adını yaşadan həmin medallar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına təqdim olundu. Bu gün şanlı ordumuzun 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 2020-ci il təkcə Zəngilanın azad edilməsi ilə deyil, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad
olunmuş Zəngilana səfərləri ilə də yadda qaldı. 2020-ci il dekabrın 23-də Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna ilk dəfə gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərindəAzərbaycan
bayrağını qaldırdı. Qələbədən
sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa
və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş
rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm
rol oynayacaqdır. Prezident İlham Əliyevin 14 fevral 2021-ci ildə, 26 aprel 2021-ci
ildə Zəngilana səfərləri onu göstərir ki, rayona "Böyük Qayıdış” üçün bütün
mövcud potensiallar səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra
artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. "Böyük Qayıdış”ın
birinci addımı ondan ibarətdir ki, işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi
sürətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci,
3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər "ağıllı” kənd pilot layihəsi çərçivəsində
yenidən qurulacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ
tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikiləcək. Evdaxili
mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında
qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş
yerləri yaradılacaq. Elektron idarəetmə olacaq. Zəngilandakı Ağalı kəndi
Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə
layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial
xidmətlər, "ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Burada inşa
ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ
enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail,
İtaliya şirkətləri iştirak edəcəkdir. Texnologiyalar sahəsində dünyanın ən
inkişaf etmiş kompaniyalarından olan "Huawei-Azərbaycan” şirkəti Qarabağda
"Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və
texnologiyaları bölgədə yerləşdirəcək. "Ağıllı kənd” layihəsinin birinci mərhələsində
Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq "ağıllı tədris”, "ağıllı səhiyyə”
və "ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək. Qarabağın "yaşıl enerji” zonasına çevrilməsi
prosesində Zəngilanın xüsusi rolu vardır. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Zəngilandan keçən loqistik layihələr də əhəmiyyətlidir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın
nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli
imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin
imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd
edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar
Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra
tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı
Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması
yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı
qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə
Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti
olacaqdır. Dini abidələrimizdən
olan Zəngilan məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması Fondun zəngilanlılara
töhfəsidir. Bu gün Zəngilanda həyata
keçirilən önəmli layihələrindən biri məhz Heydər Əliyev Fondu tərəfindən icra
olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur.
İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin
erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir
ediblər. Bu gün fond tərəfindən məscidin bərpa olunması isə bir daha onu sübut
edir ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, bundan sonra da öz milli-mənəvi
dəyərlərinə, dini abidələrinə sahib çıxacaqdır. Qarabağa, Zəngilana "Böyük
Qayıdış” isə elə də uzaqda deyil. GOYEZEN.AZ
Facebook-da paylaş