“Dini maarifləndirmə işinin təşkili: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Qazaxda həftə ərzində rayonun ümumtəhsil
məktəblərində keçirilən maarifləndirici tədbirlər uğurla davam etdirilib. Növbəti
belə tədbirlər Bakı Dövlət Universitetinin Qazax filialında, Qazax Dövlət
Sosial-İqtisadi Kollecində, rayonun Kosalar kənd tam orta və Qarapapaq kənd əsas
məktəblərində təşkil olunub. Qazax Rayon İcra Hakimiyyətinin
tədbirlər planına uyğun olaraq keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin,
hüquq-mühafizə orqanlarının, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Qafqaz
Müsəlmanları İdarəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər, tələbələr
və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə açan RİHB
Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini
qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov radikal dini cərəyanlar, dövlət-din
münasibətlərinin düzgün tənzimlənməsi sahəsində ölkəmizdə görülmüş işlər və həyata
keçirilmiş tədbirlərdən danışıb, Azərbaycanın tolerant, multikultural dəyərlərə
sadiq ölkə olmasını bildirib. Bu sahədə qarşıda duran vəzifələr haqqında söhbət
açan natiq rayonda bununla bağlı görülən işlər barədə toplantı iştirakçılarına ətraflı
məlumat verib. Mövzu ətrafında rayon prokurorunun
köməkçisi Tərlan Kərimov, Polis şöbəsinin sahə rəisləri Murad Hüseynzadə və
İlham Rəhimov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, RTŞ-nin aparıcı
məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı İlham Süleymanov, BDU-nun
Qazax filialında ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Kosalar
kənd tam orta məktəbin direktoru Samir Hüseynov və başqaları çıxış ediblər. Çıxışlar zamanı ölkəmizdə, eləcə
də rayonumuzda dövlət-din münasibətlərinin düzgün qurulması, bu münasibətlərin
dövlətimizin balanslaşdırılmış siyasəti əsasında tənzimləndiyi qeyd olunub. Tədbirlərdə dini radikalizmə və
ekstremizmə qarşı mübarizə sahəsində görülmüş işlərdən də danışılıb. Bu istiqamətdə
əsas vasitənin maarifləndirici və inzibati metod olduğu bildirilib. Bununla
bağlı gənc və yeniyetmələrin elmi və düzgün dini biliklərə yiyələnməsinin vacib
olduğu diqqətə çatdırılıb. Həmçinin, hər bir azərbaycanlı
müsəlmanın təhsilli, elmli və Vətəninə sadiq olan, böyüyə hörmət edən, kiçiyə mərhəmət
göstərən, eyni zamanda, ailəsinə, qadına və başqa dinlərin nümayəndələrinə hörmət
edən insan olması qeyd olunub. Tədbir iştirakçılarına dini radikalizmin təbliğat
metodları, onlara qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin çox güclü vasitə
olması barədə də geniş məlumat verilib. Sonda tədbir iştirakçılarını
maraqlandıran suallar da cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş