• Təqvim

  • Maraq



Rayonun ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər davam edir

 

Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq həftə ərzində rayonun ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlər davam edib. Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı və Qaymaqlı kənd tam orta məktəblərində "Dini maarifləndirmə işinin təşkili: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş tədbirlərdə Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, Təhsil şöbəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq radikal dini cərəyanlar, dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi sahəsində ölkəmizdə görülmüş işlər və həyata keçirilmiş tədbirlər, Azərbaycanın tolerant, multikultural dəyərlərə sadiq ölkə olması və bu sahədə qarşıda duran vəzifələr haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib.

Mövzu ətrafında rayon prokurorunun müavini Qasım Ağayev, prokuror köməkçisi Tərlan Kərimov, RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı İlham Süleymanov, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, İkinci Şıxlı kənd tam orta məktəbin direktor müavini Zakir Rəhimov, Yuxarı Salahlı kənd tam orta məktəbin direktoru Məhəmməd Qocayev və başqaları çıxış ediblər.

Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə, eləcə də rayonumuzda dövlət-din münasibətləri düzgün qurulmuşdur. Bu münasibətlər dövlətimizin balanslaşdırılmış siyasəti əsasında tənzimlənir.

Sonra dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülmüş işlər barədə məlumat verilib. Bu istiqamətdə əsas vasitənin maarifləndirici və inzibati metod olduğu bildirilib. Bununla bağlı gənclərin və yeniyetmələrin elmi və düzgün dini biliklərə yiyələnməsinin vacib olduğu diqqətə çatdırılıb

Həmçinin, qeyd olunub ki, azərbaycanlı müsəlman təhsilli, elmli və Vətəninə sadiq olan, böyüyə hörmət edib, kiçiyə mərhəmət göstərən, eyni zamanda, ailəsinə, qadına və başqa dinlərin nümayəndələrinə hörmət edən insandır.

Tədbir iştirakçılarına dini radikalizmin təbliğat metodları, onlara qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin çox güclü vasitə olması barədə də geniş məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.











GOYEZEN.AZ

 


 



Facebook-da paylaş