• Təqvim

  • Maraq



Qazaxda görülmüş işlərə heç kim kölgə sala bilməz

Qazaxda görülmüş işlərə heç kim kölgə sala bilməz
Mənim 90-dan artıq yaşım var. Uzun müddət rayonda məsul vəzifələrdə işləmişəm və həm də rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişəm. Son illər rayonumuzun inkişafdan geri qalması, tikinti abadlıq işlərinin həddən artıq zəif getməsi bütün rayon ictimaiyyəti kimi məni də narahat edirdi və düşündürürdü. Bəzən özüm-özümə sual verirdim ki, bu vəziyyət beləmi davam edəcək, yoxsa bunun bir sonu olacaqmı?

Çox şükürlər olsun ki, Rəcəb Babaşov Qazaxa icra başçısı təyin olunduqdan sonra qısa müddətdə bütün sahələrdə dönüş yarandı, tikinti-abadlıq işləri genişləndi və rayonumuz sürətlə inkişaf etməyə başladı.

Bu gün rayonda aparılan bütün işlər bizim gözümüzün qabağında həyata keçirilir, biz hamımız bunun canlı şahidləriyik və hətta biz özümüz də bu proseslərdə iştirak edirik. Beləliklə, mən bir daha təkrar demək istəyirəm ki, Qazax rayonu bu gün sürətlə inkişaf edir və heç kim bu inkişafa kölgə sala bilməz.

Hər tərəfdə tikib, qurub yaradırlar. Elə mənim evimin bir addımlığında 3-4 aya böyük bir muzey tikildi - Tarix Diyarşünaslıq Muzeyi. Qazaxın adına, sanına layiq bir şəkildə. O günü baxmışam ürəyim dağa dönüb.

İşıqlarımız indiyə kimi tez-tez sönürdü, həm də zəif idi. Onun da çarəsi tapıldı. Çox sağ olsunlar. Daş Salahlı kədində yarımstansiya tikib bizi bu çətinlikdən də qurtardılar. Üstəlik köhnə transfiormatorları da götürüb yerinə yenilərini qoyurlar.

O günü veteran yoldaşlarımdan birinin nəvəsini görmüşəm. Çoxdan idi özünə iş axtarırdı. Deyir ki, axır mən də özümə iş tapdım. Birinci Şıxlı kəndində yenicə istifadəyə verilən kəndli fermer təsərrüfatında məni də işə götürdülər.

Yollarımız yaxşıdı. Amma Canallıya, Kosalara gedəndə hər dəfə əziyyət çəkirdim. Mənim kimi hamı da elə idi. O günü Kosalara bir yas yerinə getmişdim. Vallah inana bilmədim. Elə bil Kosalara yox, Bakıya gedirsən, yol o qədər rahatdı.

Məzəm kəndinin problemi bir müharibə veteranı kimi məni yaman narahat edirdi. Bu haqda dəfələrlə desəm də, sözümü eşidən yox idi. Sağ olsun təzə icra başçısını camaatı ermənilərin açdığı atəşlərdən qorunmaq üçün bütün evlərin həyətinin qabağından 3 metr hündürlükdə, 800 metr uzunluğunda istinad divarları çəkdirib özü də heç kimi gözləmədən.

Hər kəsə məlumdur ki, Quşçu Ayrım kəndi çox dağlıq yerdə yerləşib. Hər an düşmən gülləsinə tuş gələ bilər. Kənd sakinləri hər an narahatçılıq hissi keçirirdilər. Bu gün isə öz ev-eşiklərində tam rahat şəkildə yaşayırlar.

Belə ki, orada da əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilib. Üstəlik hər iki kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə alternativ yol da çəkilib.

Bunlar kəndlərdə görülən işlərdi. Bir ağsaqqal kimi Qazax şəhərində aparılan işləri isə deməyə söz tapmıram. Şəhərdə gəzərkən küçələrə yeni düzülmüş bardürləri, böyük bir əraziyə döşənmiş tamet plitələri, eləcə də küçələr və məhəllədaxili yollara qoyulmuş asfalt örtükləri görəndə qəlbim fərəh hissi ilə dolub daşır. Və bir daha sevinirəm ki, bu istiqamətdə işlər hələ də davam etdirilir.

Gəzinti zamanı diqqətimi çəkən işlərdən biri də o oldu ki, evlərin dam örtükləri çox bərbad idi. Sovet illərindən qalma, kirəmit dam örtükləri şəhərimizin gözəlliyinə xələl gətirirdi. Bu gün isə həmin mənzərənin şahidi olmadım.

Tam əksini gördüm. Şəhərin prospekt və küçələrində yaşayış evlərinin dam örtüyü dəyişdirilmiş, yeni hasar hörülmüş, evlərin fasad hissələrində və hasarlarda suvaq işləri və rənglənmə işləri aparılmış, yaşayış evlərinə və məhəllələrə 20 ədəd yeni giriş qapıları düzəldilmiş, digər giriş qapılarında isə təmir və rənglənmə işləri aparılıb.

Böyük Vətən Müharibəsi iştirakçısı kimi Qazaxın tarixi keçmişini gənc nəsillərə ötürmək üçün görülən hər bir işi dəstəkləmişəm. Çalışmışam ki, gənc və yeniyetmələrimiz dövlət atributlarını, öz tarixi keçmişlərini, ölkəsinə aid nə varsa tanısınlar.

Bu gün Bayraq Meydanında, N.Nərimanov yaşayış massivindəki qüllənin ətrafında, şəhərin girişində, rayonun ünvanını bildirən “Obelisk” və onun ətrafında aparılan geniş abadlıq-quruculuq işlərini bu istiqamətdə görülən işlərdən sayıram. Çünki həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə Təyyarə Abidə Kompleksi ucaldılıb.

Bir el ağsaqqalı kimi həmişə öz fikrimi bildirirdim ki, abidə öz layiqli yerini tapsın, şəhərin ən görməli yerində qoyulsun. Bu gün çox şad oldum ki, cənab başçı mənim, eləcə də biz ağsaqqalların sözünü yerə salmadı. Əksinə daha hündür postament üzərində rayonun ünvanını bildirən Obeliskin yaxınlığında yerləşdirdi.

İndi rayonumuza gələn hər bir qonaq tariximizə adı qızıl hərflərlə yazılmış, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış Təyyarə Abidə Kompleksi ilə tanış olurlar.

Məni sevindirən məsələlərdən biri də odur ki, rayonumuzda təkcə abadlıq işləri aparılmır. Eyni zamanda rayonumuzun gözəl təbiətini qorumaq üçün onun yaşıllaşması istiqamətində də işlər görülür.

Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində, Qazax şəhərinin Heydər Əliyev prospekti boyunca və mərkəzi küçələrdə aparılmış abadlıq işləri, yeni əkilmiş ağac, gül kolları və qazon otu, həmçinin quraşdırılmış yeni işıqlanma sistemi bunun ən bariz nümunəsidir.

Şəhərimizin təmiz saxlanması üçün görülən işlər də təqdirəlayiqdir. Bu gün istər şəhər mərkəzi yollar, istər küçələr, səkilər, istərsə də parklar vaxtlı-vaxtında təmizlənir. Zibil qabları vaxtında boşaldılır. Hətta toplanan zibillərin atıldığı, rayonunun Ağköynək kəndi ərazisində məişət tullantıları üçün ayrılmış sahə təmizlənib və dəmir torla hasarlanıb.

Müharibədə döyüşmüş bir insan kimi hər zaman Qazaxın qəhrəman oğullarının olması ilə fəxr etmişəm. Sevinmişəm ki, Qazaxımın igid, mərd oğulları olub. Vətən uğrunda canlarından keçərək müqəddəs bir zirvəyə – şəhidlik zirvəsinə ucalıblar. İstər yaşlı, istərsə də gənc nəsil olsun, onları tanımaq, yad etmək bizim ən ümdə vəzifəmizdir.

Onların ruhuna hörmətlə yanaşmaq bizim ən vacib işlərimizdən biridir. Bir ağsaqqal kimi diqqətimdən yayınmadı. Bəli, İcra Başçısı Rəcəb Babaşovun şəhidlərimizin ruhuna olan ehtiramı, onların ailə üzvlərinə olan diqqət və qayğısı.

Fəaliyyətə başladığı ilk gündən hər zaman şəhidlərimizin adlarını uca tutdu. Belə ki, icra başçısının tapşırığına əsasən Qazax şəhərindəki, eləcə də rayonun Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər Xiyabanlarında əsaslı təmir və geniş abadlıq–quruculuq işləri aparıldı. Bundan başqa Bala Cəfərli, Quşçu Ayrım, Xanlıqlar kəndlərində imkansız və şəhid ailələrinin evində əsaslı təmir işləri aparılıb, yaşayış evləri tikilib.

Xanlıqlar, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir Şəhid ailəsi, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində isə bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılıb, Xanlıqlar kəndində isə şəhid ailəsinin evinin döşəməsi dəyişdirilib. Bala Cəfərli kəndində 17 yaşayış evinin dam örtüyü qismən, 6 yaşayış evinin dam örtüyü isə tamamilə dəyişdirilib.

Bu ilin aprel döyüşlərində şəhid olmuş kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin adlarının əbədiləşdirilməsi üçün tikilən bulaq abidə kopmleksləri isə İcra Başçısı Rəcəb Babaşovun şəhidlərimizin ruhuna olan ehtiramının ən böyük göstəricisidir.

Onu da qeyd edim ki, görülən işləri saymaqla bitməz. Qısa zaman ərzində görülən saysız-hesabsız işləri görməmək mümkün deyil. Və bütün bu işlər şəhər mərkəzi ilə yanaşı kəndlərdə də həyata keçirilir. Rayonun kənd yaşayış məntəqələrində 80 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənib, bu istiqamətdə işlər davam edir.

Hər kəsə məlumdur ki, rayon məktəblərinin əksəriyyəti yararsız haldadır. Şagirdlərin yaxşı şəraitdə təhsil alması mümkün deyil. Cənab başçı rayonumuza rəhbər təyin olunduqdan sonra bu sahə ilə də yaxından maraqlandı.

Şagirdlərimizn daha yaxşı şəraitdə oxumaları üçün məktəblərin tikintisinə, əsaslı şəkildə təmir olunmasına göstəriş verdi. Yuxarı Salahlı kənd tam orta məktəbdə bərpa gücləndirmə və əsaslı təmir işləri aparıldı. 504 şagird yerlik Çaylı kənd 1 saylı tam orta məktəb binası əsaslı təmir olundu və bu istiqamətdə işlər davam etdirilir.

Son vaxtlar aldığım yaxşı xəbərlərdən biri də odur ki, rayonun su problemi də öz həllini tapıb. İstər suvarma suyu olsun, istərsə də içməli su olsun hər zaman rayonumuzda bu məsələ ilə bağlı problemlər yaranırdı. Bu gün isə bu problem öz həllini tapıb. Cənab başçının dediyi kimi hər bir problem zamanla öz həllini tapır.

Bir ağsaqqal kimi bu da məni sevindirir. Sevindirir ki, aldığım məlumata görə rayonda 29 yeni subartezian quyusu qazılıb. Eyni zamanda 2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Daş Salahlı, Xanlıqlar, Kosalar və Çaylı kəndlərində subartezian quyularının qazıntısı işləri davam etdirilir.

Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılıb. Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Ürkməzli və Dəmirçilər kəndlərinə içməli su xətti çəkilib. Aslanbəyli kəndində isə 1 ədəd 5 tonluq su çəni quraşdırılıb və 350 metr uzunluğunda içməli su xətti çəkilib.

Bu gün əminliklə deyə bilərəm ki, rayonumuzda aparılan bu qədər böyük miqyaslı tikinti-quruculuq işlərini görməmək mümkün deyil. Bunu yalnız kor adamlar görməyə bilər. Çox təəssüflər olsun ki, bu gün bizim aramızda hələ də belələri vardır.

Aldığım məlumatlardan, oxuduğum bəzi dırnaqarası yazılardan belə qənaətə gəldim ki, rayonumuzda olan bu cür inkişafı istəməyənlər də var. Görülən işlərə kölgə salanlar, abadlıq və quruculuq işləri ilə məşğul olan insanlara ləkə yaxmaq istəyənlər də var. Demək istəyirəm ki, onlar nə qədər çalışsalar da Qazaxda görülən işlərin üstünə heç bir zaman kölgə sala bilməzlər. Çünki elin gözü tərəzidir.

Xanqulu SÜLEYMANOV,
Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və
Əmək Veteranları İctimai Birliyi Qazax rayon şurasının sədri


Facebook-da paylaş