• Təqvim

  • Maraq



Sən özün, nə edibsən?

BAŞ REDAKTORDAN


Sən özün, nə edibsən?
Bu gün rayonumuzun bütün sahələrində başlanmış tikinti–quruculuq və abadlıq işlərində hər bir rayon sakini öz əməyini əsirgəməməlidir
Qazax respublikamızın ən sayılıb seçilən rayonlarından biridir. Qədim tarixə malik olan, şair və yazıçıları, elm xadimləri ilə tanınan rayonumuzun adı həmişə hörmətlə çəkilmişdir və bu gün də belədir. İllərdən bəri öz təsdiqini tapmış bu həqiqəti yaşatmaq və daha da inkişaf etdirmək isə hər bir qazaxlının borcudur.

Hal-hazırda rayonumuzda genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılmışdır. Həyatın bütün sahələrində inkişaf prosesi getməkdədir. Bu gün istər rayon mərkəzində, istərsə də kəndlərdə tikinti və quruculuq işlərinə start verilmişdir. Abadlıq istiqamətində aparılan tədbirlər artıq öz bəhrəsini verməkdədir. Qazax bu gün, sözün əsl mənasında böyük bir tikinti meydançasına bənzəyir. Hər yerdə qızğın iş gedir. Bütün bunlar isə son nəticədə rayonumuzun simasının yaxşı mənada dəyişməsinə, onun daha da abad və yaraşıqlı olmasına gətirib çıxarır.

Bu gün şəhərdəki Bayraq Meydanında, Qüllənin ətrafındakı dairədə, rayonumuzun ünvanını bildirən Obeliskdə bərpa və abadlıq işləri görülür, həmin yerlər yeni bir formaya salınır, görkəmi daha da yaxşılaşır. Prospektdə yerləşən yaşayış evlərinin dam örtükləri sökülərək yeniləri ilə əvəz olunur, yeni görkəmə salınır. Rayonumuzda aparılan quruculuq işlərini saymaqla qurtaran deyil. Bu gün qətiyyətlə bildirmək olar ki, Qazax özünün quruculuq və inkişaf dövrünü yaşayır.

Bu gün rayonumuzda demək olar ki, bütün sahələrdə tikinti-quruculuq işləri həyata keçirilir. Qazax simasını sözün yaxşı mənasında gündən-günə dəyişir. Lakin təəssüf ki, bu ümumxalq işindən kənarda qalanlar da var. Bu gün necə deyərlər, quruculuq işlərində seyrçi mövqe tutan, öz potensial qüvvəsini bu istiqamətə yönəltməyən adamlar da az deyildir. Biz isə belə insanları nədənsə sadəcə olaraq kənardan seyr edir, öz münasibətimizi bildirmirik. Belə adamlarla biz ünsiyyət qurmalı, yaşadığın cəmiyyət, üzərində gəzdiyin torpaq üçün nə isə faydalı bir iş görməsini onların nəzərinə çatdırmalıyıq. “Doğulduğun, boya-başa çatdığın bu şəhər üçün sən özün nə etmisən?” - deyə soruşmalıyıq. Əgər baş verən yeniliklərə, gedən quruculuq işlərinə belə insanlar öz əməyini vermirsə və biz belə hallarda sadəcə olaraq seyrçi mövqe tuturuqsa, deməli bizim də həmin kəsdən elə bir fərqimiz yoxdur.

İctimai qınaq. Bu gün cəmiyyətimiz inkişaf edib həyatımız gözəlləşdikcə bu quruculuq və abadlıq işlərindən kənarda duran insanları adam başa düşə bilmir. Məhz belə məqamlarda biz ictimai qınaq formalarından istifadə etməliyik. Təcrübələr göstərir ki, yerində deyilən söz, yerində bildirilən münasibət daha kəsərli, daha effektiv olur və müsbət təsir göstərir. Ona görə də hər bir fəal insan, bu ölkənin vətəndaşı seyrçi mövqe tutmamalı, inkişafımıza, tərəqqimizə öz əməyini verməyənlərin layiqli cavablarını verməlidir. Bunun üçün isə deməyə sözümüz, verməyə cavabımız da var. Sadəcə laqeyd olmamaq, münasibət bildirmək lazım gəlir hər birimizdən. Çünki ictimai yerdə deyilən hər bir sözün və yaxud fikrin öz çəkisi, öz xüsusi təsiri vardır.

Rayonumuz gündən-günə inkişaf edir, şəhərimiz yaxşı mənada öz görkəmini dəyişərək tədricən respublikamızın ən abad şəhərlərindən birinə çevrilir. Aparılan bu məqsədyönlü işlər sənin, mənim, hamımız üçündür. Rayonumuza gələn qonaqlar əgər şəhərimizə baxıb razı qalırlarsa, yaşlı nəsil aparılan abadlıq işləri ilə fəxr edirsə, yeniyetmə və gənclərimiz öz gələcək həyatlarını hər cür şəraitdə keçirəcəklərinə əmindirlərsə, burada pis nə var ki?

Böyük əminliklə demək olar ki, yaxın bir-iki il ərzində şəhərimizin siması köklü şəkildə dəyişəcək, Qazaxın şöhrətli adının üstünə daha bir şöhrət əlavə olacaqdır. Vaxt gələcək bu gün başlanan tikinti-quruculuq işləri başa çatdırılacaq, yeni-yeni binalar, asudə vaxt mərkəzləri inşa ediləcək, şəhərimiz başdan-başa gözəlləşəcəkdir.

Biz son aylar ərzində rayonumuzda start götürmüş quruculuq işləri barədə rayon sakinlərinin fikirlərini öyrənmək məqsədilə həm kəndlərdə, həm də rayon mərkəzində yaşayan, müxtəlif təbəqələri təmsil edən insanlar arasında rəy sorğusu apardıq. Sorğuda münasibəti soruşulan respodentlər yüksək fikirlər söylədilər.

“Göyəzən” qəzeti tərəfindən sakinlər arasında aparılan rəy sorğusunun nəticələri göstərir ki, rayon sakinləri həyata keçirilən tikinti-quruculuq işlərini razılıq hissləri ilə qarşılayır, öz minnətdarlıqlarını bildirirlər. Fikri soruşulan adamların böyük əksəriyyəti özünün müsbət fikrini bildirmiş, görülən işləri dəstəkləmişdir. Bu da rayonda aparılan tikinti-quruculuq işlərinin sakinlərin ürəyincə olduğundan xəbər verir.

Rayonumuzda həyat öz coşqunluğu, öz axarı ilə davam edir. Yaşayış tərzimiz, şəraitimiz gündən-günə daha da yaxşılaşır, daha ürək açan olur. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun rəhbərliyi altında qazaxlılar yeni-yeni xarüqələr yaradır, bu ümumxalq işindən öz qüvvələrini əsirgəmirlər. Bu xeyirxah fəaliyyətdə seyrçi mövqe tutan insanlara isə demək istəyirəm:
“SƏN ÖZÜN, QAZAX RAYONU ÜÇÜN NƏ EDİBSƏN?”

Elçin İSMAYIL


Facebook-da paylaş