• Təqvim

  • Maraq



“Sahibkarın özü işləməsə...”

“Sahibkarın özü işləməsə...”
Dünya təcrübəsi göstərir ki, azad bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti olmadan heç bir cəmiyyətin gələcəyə inkişafı ola bilməz. Ümummilli lider Heydər Əliyevin “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” fikrini rəhbər tutaraq,

Azərbaycan dövləti sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit vasitəsi ilə tənzimləyir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 610 nömrəli fərmanı ilə təsdiq etmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi Proqramı” tətbiq edilməyə başlamışdır. Bu proqramda qeyd edildiyi kimi Azərbaycan Respublikası sahibkarlarına kömək milli fondu, kiçik və orta sahibkarlığın inkişafına böyük dəstək verilir. Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişaf etməsi üçün fərman və sərəncamlar verilmişdir. Bütün bunların nəticəsidir ki, sahibkarlığın inkişafı üçün respublikamızda münbit və gözəl şərait yaradılmışdır. Odur ki, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən sahibkarlıq ildən-ilə inkişaf edir.

Rayonumuzun I Şıxlı kənd sakini Natiq Məmmədova da sahibkarlıqla məşğul olmaq istəyən yüzlərlə insan kimi bu qanunlar, respublikamızda sahibkarlığın inkişafı üçün yaradılmış bu münbit şərait necə deyərlər, qol-qanad vermişdir. Bütün bunlardan ruhlanan və fəaliyyətini bu istiqamətdə qurmaq istəyən gənc sahibkar, sözün əsl mənasında qolunu çirməyib işə başlamışdır.

Natiq Məmmədovla görüşmək üçün onun yaratdığı I Şıxlı fermer təsərrüfatına getdim. Özünü tapmadım. Soruşanda işçiləri “Bu vaxtlar Natiqi tapmaq çox çətindir. Bir yerdə dayanmır ha. Gah fermada olur, gah ot biçinində, gah da qış üçün yem bazası yaratmaq üçün ora-bura qaçır ” dedilər. Təəssüflənsəm də, bu, çox uzun sürmədi.

Bir az keçmişdi ki, bir traktorun fermaya yaxınlaşdığını gördüm. Dayananda içindən Natiq düşdü. Görüşdük və elə ayaq üstəcə söhbətə başladıq.
- Heyvandarlıqla 23 ildir ki, məşğul oluram, dedi -- Natiq Məmmədov. – Öz evimin həyətində maldarlıqla məşğul idim. Heyvanların kökəldilməsi və satışı idi əsas məşğuliyyətim bir vaxtlar. Son illər sahibkarlıq üçün respublikamızda yaradılmış münbit şəraitdən bəhrələnərək öz fəaliyyətimi genişləndirmək qərarına gəldim. Bu məqsədlə ilkin olaraq kəndimizdə kökəltmə kompleksi yaratdım. Hal-hazırda kompleksimizdə 170 baş mal saxlanılır.

Maldarlığın inkişaf etdirilməsi üçün möhkəm yem bazasının olması əsas şərtdir. Texnikanın olması da mühüm amillərdən biridir. Bu barədə söz düşəndə N.Məmmədov dedi:
- Mən elə ilk gündən yem bazasının möhkəm və keyfiyyətli olmasını nəzərə almışam. Bu məqsədlə öhdəmizdə olan 10 hektar yerdə taxıl və yonca əkmişik. Bu sahələrdən bu il yüksək səviyyədə məhsul götürdük. Nəticədə heyvanların qışlaması üçün yaxşı yem bazası yarada bilmişik. Bir sözlə, özümüz özümüzü yemlə təmin edirik.

Texnika sarıdan da korluq çəkmirik. Lizinq yolu ilə 1 ədəd traktor götürmüşəm. Hələlik bütün işlərimizi onunla görürük. Lakin bu, azlıq edir. Gələcəkdə daha bir neçə texnika almağı qarşıma məqsəd qoymuşam.

Sahibkarlığın inkişafında bazar məsələsi əsas rol oynayır. İstehsal edilən məhsulun dayanıqlı və gəlirli bazarı olmalıdır. Əks halda müəssisə tez bir zamanda iflasa uğraya bilər.

Bu haqda söz düşəndə N.Məmmədov optimist fikirlər söylədi. Dedi ki, hələlik bazar sarıdan korluq çəkmirik. Kökəldilmiş mallar əsasən rayonumuzda xeyir işlərinə verilir. Kəndimizdə ət satışı ilə də məşğul oluruq. Qoyduğumuz qiymətlər sərfəlidir. Ona görə də satış sarıdan problemimiz yoxdur.
Kökəltmə kompleksi barədə danışanda isə N.Məmmədov bildirdi ki, əl əməyini getdikcə azaltmağa çalışırıq. Hələlik yemləmə traktorla aparılır. Kompleks, eləcə də mallar su sistemi ilə təmizlənir. Gələcəkdə bütün işlərin texnika ilə görülməsi nəzərdə tutulmuşdur.

Bütün sahibkarlar kimi N.Məmmədovun da öz perspektiv inkişaf planları vardır.
- Hal-hazırda kompleksdə olan heyvanlar yerli cinslərdir. Düzdür, bu, hələlik necə deyərlər bizə əl verir. Pis deyil. Amma biz də xaricdən lizinq yolu ilə cins mallar almağı qarşımıza məqsəd qoymuşuq. Gələcəkdə cins südlük heyvanları lizinq yolu ilə almağı planlaşdırmışıq. İnanıram ki, yaxın vaxtlarda bu planı reallaşdıracağam. Ümidvaram ki, yüksək göstəricilər əldə edəcəyəm. Buna tam əminəm.

Söhbətimizin sonunda mən kompleksdə çalışanlardan da söz saldım. Bu sualıma N.Məmmədov özünəməxsus şəkildə cavab verdi:
- Düzdür, fermada hal-hazırda 8 nəfər çalışır. Hərənin də öz işi-gücü var. Amma sizə bir həqiqəti deyim. Sahibkar özü işləməsə heç nə alınan deyil. Ona görə də mən öz doğma işimdən bir an belə olsun ayrılmıram.

Elçin İSMAYIL


Facebook-da paylaş