Qazaxda əhalinin pulsuz tibbi müayinəsi davam edir
Respublikamızın hər yerində olduğu kimi, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən etibarən start götürən əhalinin pulsuz tibbi müayinəsi Qazaxda da uğurla aparılır. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən aksiya
Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, kənd həkim və
tibb məntəqələrində təşkil olunub. Aksiyanın bütün rayon ərazisində yüksək
səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Belə ki, səhiyyə
müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub. Bundan başqa, rayon
Mərkəzi Xəstəxanasının baş həkiminin 14 №li Əmri ilə müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası
da yaradılıb. Həmin səyyar həkim
briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur,
həmçinin, ucqar kəndlərdə yaşayan və
xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinədən
keçirirlər. Lazım olan halda briqadalar şəhid ailələri və qocaları
da müayinə etmək üçün evlərə aktiv gedişlər edirlər. Xəstəliklər aşkar
olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə
məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən
ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Qeyd etdiyimiz kimi, bu xeyirxah aksiya rayonumuzda çox böyük ruh
yüksəkliyi ilə qarşılanır. Bunun nəticəsidir ki, sakinlər tibb müəssisələrinə
gələrək müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən
yararlanaraq aksiyada fəal iştirak edirlər. Məlumat üçün bildirək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər
Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada
bu günə kimi 25067 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 23177 nəfər
sağlam hesab edilmiş, 113 nəfər stasionar, 1732 nəfər ambulator, 45 nəfər isə
istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 42
nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır. Artıq bir aya yaxındır ki, aparılan
əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasını sakinlər də
yüksək qiymətləndirirlər. Hər bir rayon sakini dövlətin onların sağlamlığına
göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər. Bu cür aksiyanın keçirilməsində isə məqsəd vətəndaşlarda yaranmış
xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi
yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar
edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və
bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə
müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin
həyata keçirilməsini təşkil etməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş