Qazaxın sərhəd kəndlərində əhalinin pulsuz tibbi müayinəsi aparılıb
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb.
Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında aparılır. Aksiyanın bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün istər mərkəzdə, istərsə də poliklinikada hər cür şərait yaradılıb. Səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 №li Əmri ilə müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılıb. Həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur, həmçinin, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinədən keçirirlər. Lazım olan halda briqadalar şəhid ailələri və qocaları da müayinə etmək üçün evlərə aktiv gedişlər edirlər. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.
Sərhəddə yerləşən kənd tibb məntəqələrindən Aslanbəyli kənd sakinlərinin müayinəsi zamanı Aprel şəhidinin ailə üzvləri Əliyev Məmməd Sozalı oğlu, Əliyeva Şəfiqə Musa qızı, şəhid ailə üzvləri Məmmədov Əhməd Həmzə oğlu, Məmmədova Badisafa Məcid qızı ambulator müalicəyə cəlb olunub. 21 nəfər kənd sakininə lazım olan məsləhətlər verilib.
Lazımi avadanlıqlarla tam təchiz olunmuş həmin həkim briqadasının növbəti ünvanı rayonun sərhəd kəndi olan Quşçu Ayrım kəndi olub. Tibb məntəqəsində aparılan müayinə zamanı 35 nəfər kənd sakini tibbi müayinədən keçirilib. Kənd sakinləri Bayramova Ruhiyyə Nəsib qızı, Nuriyev Cavad Qasım oğlu, Nuruyeva Nabat Allahverən oğlu, Namazov Rəşad Sağtər oğlu, Əliyeva Vüsalə Bayram qızı və bir neçə ailələrdə briqada tərəfindən evlərdə müayinələr aparılaraq vətəndaşlara bəzi məsləhətlər tövsiyə olunub.
Məlumat üçün bildirək ki, bu xeyirxah aksiya rayonumuzda da uğurla həyata keçirilir. Sakinlər tibb müəssisələrinə gələrək müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak edirlər.
Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada bu günədək artıq 19301 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 17714 nəfər sağlam hesab edilmiş, 77 nəfər stasionar, 1479 nəfər ambulator, 31 nəfər isə istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 32 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.
Hər il ənənə şəklini almış əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasını yüksək qiymətləndirən vətəndaşlar dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər. İstər mərkəzdə, istərsə də poliklinikada tibbi müayinə olunan rayon sakinləri yaradılan şəraitdən razı qaldıqlarını bildirirlər.
Bu cür aksiyanın keçirilməsində isə məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş