Əhalinin tibbi müayinəsi aksiyası Qazaxda da mütəşəkkil qaydada davam edir
Son illər ölkəmizdə əhalinin
sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. "Azərbaycan
Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə başçısı
İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər il fevralın 12-dən may ayının
12-dək təşkil olunan əhalinin tibbi müayinəsi aksiyası həmin məqsədyönlü
tədbirlərin bariz nümunəsidir.
Bu cür aksiyanın keçirilməsində isə əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Həmçinin, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.
Xəbər verdiyimiz kimi, Qazaxda da fevralın 11-dən etibarən əhalinin tibbi müayinəsinə başlanılıb. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən aksiyanın bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması məqsədilə Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında hər cür şərait yaradılıb.
Artıq ardıcıl olaraq altıncı ildir ki, həyata keçirilən bu xeyirxah aksiya rayonumuzda da uğurla həyata keçirilir. Rayon sakinləri tibb müəssisələrinə gələrək müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak edirlər.
Bundan əlavə, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 № li Əmri ilə 3 həkim briqadası da yaradılıb. Müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur, həmçinin, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinədən keçirirlər. Lazım olan halda briqadalar şəhid ailələri və qocaları müayinə etmək üçün evlərə aktiv gedişlər edirlər. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Bu həftə səyyar həkim briqadaları rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərində olublar. Müayinə zamanı Kəmərli kənd sakinlərindən Mahmud Kərimov ambulator müalicəyə cəlb olunub, Dilbər Alcanova, Gövhər Dərgahquluyeva, Moşu Bəxtiyarova isə lazım olan məsləhətlər verilib.
Daş Salahlı kənd sakinləri şəhid anası Ayna Haqverdiyeva, şəhidin həyat yoldaşı Qaratel Eyvazova və bir neçə ailələrdə də briqada tərəfindən müayinələr aparılıb.
Məlumat üçün onu da qeyd edək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada bu günədək artıq 13035 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 11962 nəfər sağlam hesab edilmiş, 41 nəfər stasionar, 1015 nəfər ambulator, 17 nəfər isə istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur.
İstər mərkəzdə, istərsə də poliklinikada tibbi müayinə olunan rayon sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanın təşkil olunmasını yüksək qiymətləndirirlər. Sakinlər ölkəmizdə, eləcə də bölgələrimizdə səhiyyə sahəsinə olan diqqət və qayğıya, xüsusilə də hər il ənənə şəklini almış əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasına görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş