Əsas Səhifə > Səhiyyə > Qazaxda əhalinin pulsuz tibbi müayinəsi davam edir

Qazaxda əhalinin pulsuz tibbi müayinəsi davam edir


8-03-2019, 11:21


Respublikamızın hər yerində olduğu kimi, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən etibarən start götürən əhalinin pulsuz tibbi müayinəsi Qazaxda da uğurla aparılır.

Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən həyata keçirilən aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunub. Aksiyanın bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Belə ki, səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub. Bundan başqa, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 №li Əmri ilə müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılıb. Həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur, həmçinin, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinədən keçirirlər. Lazım olan halda briqadalar şəhid ailələri və qocaları da müayinə etmək üçün evlərə aktiv gedişlər edirlər. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.

Qeyd etdiyimiz kimi, bu xeyirxah aksiya rayonumuzda çox böyük ruh yüksəkliyi ilə qarşılanır. Bunun nəticəsidir ki, sakinlər tibb müəssisələrinə gələrək müayinədən keçir, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak edirlər.

Məlumat üçün bildirək ki, Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada bu günə kimi 25067 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 23177 nəfər sağlam hesab edilmiş, 113 nəfər stasionar, 1732 nəfər ambulator, 45 nəfər isə istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 42 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.

Artıq bir aya yaxındır ki, aparılan əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasını sakinlər də yüksək qiymətləndirirlər. Hər bir rayon sakini dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər.

Bu cür aksiyanın keçirilməsində isə məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. 

GOYEZEN.AZ

 

 


Geri qayıt