Vətən sənə oğul dedi... » Göyəzən internet portalı


Vətən sənə oğul dedi...

Vətən sənə oğul dedi...
Hardan başlanır Vətən? Bu sualın cavabı sadə, çətin, həm də məsuliyyətlidir. Bütün halları nəzərə alaraq deyə bilərik ki, Vətən doğulduğumuz torpaqdan, onun əhatələndiyi sərhəddən başlayır. O sərhəddən ki, bir tərəfində dost var, bir tərəfində isə düşmən.

Dostla qonşuluq etmək asandır. Düşmənlə qonşuluq etmək isə çətin və məsuliyyətlidir. O ki, qala erməni kimi bir düşmənlə. Bu qaniçənlərlə qonşuluq etmək üçün gərək hər an, hər dəqiqə ayıq-sayıq olasan, silahını bir an olsun belə əlindən yerə qoymayasan.

Çünki qarşıdakı düşmən çox məkrli və hiyləgər, tökülən qanlardan doymayan bir canidir. Ona görə də Ana Vətəni qorumaq üçün lazım gələndə canından belə keçməlisən. Necə ki, indiyə qədər neçə-neçə igid oğullarımız öz canlarını bu yolda qurban veriblər. Neçə illərdir ki, sərhədlərimizi qoruyan igid oğullarımız məkrli düşmənlə üz-üzə, göz-gözə dayanıblar.

Azərbaycan-Ermənistan sərhədlərində döyüşlərin baş verməsi nəticəsində bir neçə Azərbaycan gənci öz canından keçərək Vətən uğrunda şəhid oldular. Bu döyüşlər zamanı igid Azərbaycan ordusu bir neçə strateji əhəməiyyətli yüksəklikləri, həmçinin itirilmiş bir sıra torpaqlarımızı düşməndən geri aldı. Gedən döyüşlərdə ordumuz düşmənin layiqli cavabını verdi. Ermənilərin xeyli sayda canlı qüvvəsini, ağır texnikasını sıradan çıxartdı.

Bununla belə ordumuz şəhidlər də verdi. Şəhidlər hər bir azərbaycanlı üçün Ananın və Vətənin müqəddəs olduğunu öz igidlikləri ilə bir daha sübut etdilər. Belə igidlərdən biri də Əliyev Orxan Məhəmməd oğludur.

Bu gün Orxan Əliyevin şəhidlik adlı zirvəyə ucaldığı gündən 1 il keçir. Onun yoxluğundan bir il keçməsinə baxmayaraq dostları, yaxınları, doğmaları Orxanı mərdliyi, cəsurluğu, qorxmazlığı və göstərdiyi şücaətlərlə xatırlayır.

Orxanın doğulub boya-başa çatdığı Aslənbəyli kəndində evlərində olan zaman eşitdiyim söhbətlərdən bir daha əmin oldum ki, o, öz Vətənini qorumaq, torpaqları uğrunda şəhid olmaq üçün dünyaya göz açıbmış.

Şəhidin atası Məhəmməd Əliyev da elə söhbətə oğlunun arzuları ilə başladı:

- Bu gün Orxan bir ildir ki, bizimlə deyil. Onun yoxluğu ilə barışa bilmirəm. Mənə elə gəlir ki, o arzularla dolu olan, canında hər zaman döyüş ruhu olan oğlan şəhid olmayıb. Bir gün gəlib yenə mənə öz arzularından danışacaq. Axı, oğlum polis peşəsini çox sevirdi. Arzusu da yol polisi olmaq idi. Elə bu istəklə də IX sinfi qurtarandan sonra Bakı Texniki Kollecinə daxil oldu. Burada yol hərəkətinin təşkili fakültəsində oxuyurdu. Təhsilni başa vurduqdan sonra hərbi xidmətə yola düşdü. Heç diplomunu da ala bilmədi. “Sağlıq olsun əsgərlikdən qayıdanda alaram” - deyirdi.

Gözləri yaşla dolan, səsi qəhərdən tutulan şəhid atası bir qədər susduqdan sonra söhbətinə davam etdi.

- Təhsilini bitirən kimi də hərbi xidmətə yollandı. 27 iyul 2015-ci ildə əsgərliyə getdi. Bu, onun evdən axrıncı gedişi idi. Hərbi xidmətini

Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə edirdi. Xidmətindən çox razı idi. “Burada hər şey yaxşıdı. Məndən nigaran olmayın”, – deyirdi.

Məhəmməd kişi başını yerə tikib yavaş-yavaş danışırdı. Oğlunun xarakteri haqqında söz düşəndə isə dedi:

- Orxan xaraktercə çox prinsipial idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün əlindən gələni edərdi. Mən həmişə ona tapşırırdım ki, düşmənlə üzbəüz mövqelərdəsən, ehtiyatlı ol, özünü qoru. Cavabında mənə deyirdi ki, güllə bir dəfə atılır ata, onu da bilmək olmaz. Həm də gərək güllədən qorxmayasan. Bir də ki, qismətdə nə varsa, o da olacaq. Axı, necə biləsən ki, ölüm hardadır...

Sözün bu yerində şəhidin anası Şəfiqə xanım gözləri dolmuş halda bizə yaxınlaşdı, lakin kədərli olduğundan heç nə danışa bilmədi. Elə mən də ürək edib ondan heç nə soruşmadım.

Yaranmış sükutu yenə də atası pozdu. Orxan haqqında bildiyi sonuncu sözləri danışdı. Bu, həm də mənim verəcəyim sualın cavabı idi.

- Oğlumla sonuncu dəfə ölümündən bir gün, daha doğrusu bir neçə saat qabaq danışdım. Onu serjant olmaq üçün kursa aparmışdılar. Həmin gün kursdan qayıtmışdı. Aprelin 1-də axşamüstü axrıncı dəfə mənə zəng elədi. Ata, mən öz yerimə, Tərtərə gəldim. Narahat olma hər şey yaxşıdır. Bu, onun mənə dediyi sonuncu sözlər idi. Bir daha oğlumun səsini eşitmədim. Ertəsi gün isə ölüm xəbəri gəldi.

Bu yerdə Məhəmməd kişinin sözləri qırıldı. Danışığını göz yaşları əvəz elədi. Amma nə qədər kədərli olsa da, nə qədər ağlasa da qəlbində Vətən sevgisi, torpaq məhəbbəti onun bu qəminə üstün gəldi.
- Təki Vətən sağ olsun, - dedi.

Söhbətin bu yerində həyətdə gənc bir oğlan gördüm. Şəhidin qardaşı Sərxandır, - dedilər. O, qardaşının şəklini gətirib mənə təqdim elədi. Bu yeniyetmənin gözlərində kədər qarışıq bir qürur hissi də vardı. Qardaşının şəklini qucağına bərk-bərk sıxmışdı. Bu onun sonuncu təsəllisi idi. Şəkilin surətini çəkmək istəyəndə:

- Elə mənim şəklimi də qardaşımla bərabər çəkin, - dedi. Bu, onun qardaş məhəbbətindən, qardaş istəyindən irəli gəlirdi. Sərxanın istəyini dediyi kimi də yerinə yetirdim.

Növbəti sualım nə qədər ağır olsa da atasından soruşdum:

- Orxan hansı şəraitdə həlak olub?

- Oğlum sərrast atıcı idi. Həlak olan günü ermənilər bizim mövqelərimzə atəş açmağa başlayıblar. Komandirin dediyinə görə Orxan 5 erməni öldürüb. Amma özü də elə döyüşdə, səngərdə yaralanıb. Tank mərmisindən aldığı qəlpə yarası çox ağır olduğundan elə səngərdəcə keçinib.

- Bəs, bu ağır xəbəri kimdən eşitdiniz?

- Aprelin 2-də günortadan sonra kənd icra nümayəndəliyindən zəng edib mənə dedilər. Onlara da komissarlıqdan məlumat veriblərmiş. Eşidən kimi dünya başıma hərləndi.

Söhbət zamanı M.Əliyev ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinə, eləcə də rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova minnətdarlıq etməyi də unutmadı.

Sağ olsunlar, - dedi. - Bizə hər cür dəstək göstərirlər. Oğlum Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Rayon rəhbərliyi də hər zaman bizimlə maraqlanır, daim diqqət və qayğı göstərir. Bu gün şəhərin mərkəzində oğlumun adını daşıyan bulaq abidə kompleksi tikilib. Oğlumun doğum günü yüksək səviyyədə qeyd olunub.

Söhbətimiz uzandıqca uzanırdı. Sanki Orxandan danışmaqla təsəlli tapır, onun nə vaxtsa geri dönəcəyinə ümid yaranırdı. Hər sözdə, hər söhbətdə zaman qazanırmış kimi...

Elçin İSMAYIL


Facebook-da paylaş