Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur
Bütün
yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın
qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik
zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Azərbaycanın bütövlüyü uğrunda,
torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu
gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını
tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi,
elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq,
tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq
borcudur. Minlərlə şəhid olan həmvətənlərimiz
içərisində Qazax rayonu da 285 nəfər şəhid verib. 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin
atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında
olan Qazax rayonunda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş
şəhidlərimizin əziz xatirəsi hər zaman yüksəkdə tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksəkdə dayanıb. Rayon
rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırır,
onların ailə üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı
şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində
yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin
adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli
işlərin bariz nümunəsidir. Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu
müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla
yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin
öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq
xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə
Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin
ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan
şəhidlərimizdən – Əli Əhmədovun, Kamran Kərimovun, Araz Əmilovun, İnayət Alisgəndərovun, Aydın Məmmədovun, Rizvan Məmmədovun, Hürnisə Mustafayevanın, Şəmisdan
Əmiraslanovun, Əhməd Əhmədovun, Adil Sadiqinin, İlqar Əliyevin, Bəkir Həsənovun əziz xatirəsini yad edir. Əhmədov Əli Əlövsət oğlu Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun
Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə
daxil olmuş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Sonra
isə 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə
olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında
olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə
gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin
1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi,
Bala və Böyük Cəfərlinin müdafiəsi uğurunda gedən döyüşlərdə o, mərdliklə
iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə
mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbi onun adına verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur. Kərimov Kamran Nüsrəddin oğlu Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli
kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci
sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini
bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə
məktəbini bitirərək mexanizator
ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir.
8 iyun 1992-ci il tarixdə Fərəhli kəndində gedən döyüşlərdə
qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid
olmuşdur. Qazax şəhərində Şəhidlər qəbiristanlığında
dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi Kərimov Kamran Nüsrəddin oğlunun adını
daşıyır. Evli idi. Bir qız övladı var. Əmilov Araz Laçın oğlu Əmilov Araz Laçın oğlu 11
aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə
təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi
xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində
təhsil almışdır. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə
getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələkənd uğrunda gedən döyüşdə qəhrəmancasına
şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni təcavüzkarlarında qalmışdır. Şəhid
Əmilov Araz Laçın oğlu 1993-cü il fevral ayının 10-da dəfn olunmuşdur. Alisgəndərov İnayət Mustafa oğlu Alisgəndərov İnayət Mustafa
oğlu 1930-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna
daxil olmuş, 1954-cü ildə həmin institutu bitirərək fizika-riyaziyyat müəllimi
ixtisasına yiyələnmişdir. Onun təhsilimizdəki xidmətləri daim yüksək qiymətləndirilmişdir.
İnayət müəllim 1971-ci ildə "Maarif xadimi” medalına, 1978-ci ildə isə "Şərəf
Nişanı” ordeninə layiq görülmüşdür. 1992-ci il dekabr ayının 29-da ermənilərin
tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid
olmuşdur. Məmmədov Aydın Musa oğlu Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun
Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd orta məktəbinin
birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci
ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna
çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun
adını daşıyır. Məmmədov Rizvan Zəkəriyyə oğlu Məmmədov Rizvan Zəkəriyyə oğlu 24 dekabr 1977-ci ildə Qazax rayonunun
Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1984-cü ildə həmin kənddə orta məktəbin birinci
sinfinə getmiş və səkkizinci sinfi bitirdikdən sonra məktəbdən çıxmışdır. 1995-ci ildə Qazax rayon hərbi
komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 mart 1999-cu ildə Füzuli döyüş bölgəsində şəhid
olmuşdur. 7 mart 1999-cu ildə Aslanbəyli
kənd qəbiristanlığında dəfn olunmuşdur. Mustafayeva
Hürnisə Hüseyn qızı Mustafayeva Hürnisə Hüseyn qızı 1928-ci ildə Qazax rayonunun Cəfərli
kəndində anadan olmuşdur. 1935-ci ildə Cəfərli kənd 7 illik məktəbin birinci
sinfinə daxil olmuş və 1942-сi ildə həmin məktəbin yeddinci sinfini
bitirmişdir. "Pravda” kolxozunda və "Qazax Tinglik” sovxozunda fəhlə işləmişdir.
1978-ci ildə təqaüdə çıxmışdır. 25 dekabr 1993-cü ildə öz həyətinin kənarında
mal-qarasını gətirərkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur. Əmiraslanov Şəmisdan Əmiraslan
oğlu Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax
rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd
orta məktəbinin birinci sinfinə getmiş, 1982-ci
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə
olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak
etmişdir. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid
olmuşdur. Əhmədov Əhməd Nuru oğlu Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun
Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbinin
birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax
rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Sadiqi Adil Rza oğlu Sadiqi Adil Rza oğlu 18 oktyabr 1964–cü
ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Hüseynbəyli
kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin
səkkizinci sinfini bitirmişdir. 1980-81-ci illərdə Kosalar kənd tam orta məktəbin
onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrılmışdır.
29 dekabr 1992-ci ildə Lələkənddə şəhid olmuşdur. Ailəlidir, iki övladı var. Əliyev İlqar Nəbi oğlu Əliyev İlqar Nəbi oğlu 6 aprel
1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu
illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil
almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə
olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il
dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Həsənov Bəkir Oruc oğlu Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı
Əskipara kəndində anadan olmuşdur.
1958-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin
birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi
uğrunda gedən döyüşlərdə iştirak
etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur. Əzizov Vilayət Abdulla oğlu Əzizov Vilayət Abdulla oğlu 27
mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü
ildə Qazaxbəyli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin
məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə getmişdir. 24
dekabr 1994-cü ildə Qazax rayonunun Qızılhacılı kəndi uğrunda gedən döyüşlərdə
şəhid olmuşdur. Hüseynov Ədalət
Teymur oğlu Hüseynov Ədalət Teymur oğlu 1
mart 1969-cu ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1976-cı
ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1984-cü
ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-86-cı illərdə M.Hüseyn
adına məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet
ordusu sıralarında xidmət etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun
Qızılhacılı kəndinin müdafiəsi zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü
ildə Ağstafa rayon Yanğından Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü
ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay
idi.
Facebook-da paylaş