Əsas Səhifə > Şəhidlər > Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


30-12-2018, 11:19


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq borcudur.

Minlərlə şəhid olan həmvətənlərimiz içərisində Qazax rayonu da 285 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi hər zaman yüksəkdə tutulur.

Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksəkdə dayanıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.

Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytı Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Əli Əhmədovun, Kamran Kərimovun, Araz Əmilovun, İnayət Alisgəndərovun, Aydın Məmmədovun, Rizvan  Məmmədovun, Hürnisə Mustafayevanın, Şəmisdan Əmiraslanovun, Əhməd Əhmədovun, Adil Sadiqinin, İlqar Əliyevin, Bəkir Həsənovun əziz xatirəsini yad edir.

Əhmədov Əli Əlövsət oğlu


Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Sonra isə 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir.

1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş, Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala və Böyük Cəfərlinin müdafiəsi uğurunda gedən döyüşlərdə o, mərdliklə iştirak etmişdir.

1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbi onun adına verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.

Kərimov Kamran Nüsrəddin oğlu


Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək  mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü Azərbaycan Milli Ordu  sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8  iyun 1992-ci  il  tarixdə Fərəhli  kəndində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə   Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhərində Şəhidlər  qəbiristanlığında dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi  Kərimov Kamran  Nüsrəddin oğlunun adını daşıyır.  Evli idi. Bir qız övladı var.

Əmilov Araz Laçın oğlu


Əmilov Araz Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələkənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni təcavüzkarlarında qalmışdır. Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevral ayının 10-da dəfn olunmuşdur.

Alisgəndərov İnayət Mustafa oğlu


Alisgəndərov İnayət Mustafa oğlu 1930-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.  1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1954-cü ildə həmin institutu bitirərək fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Onun təhsilimizdəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. İnayət müəllim 1971-ci ildə "Maarif xadimi” medalına, 1978-ci ildə isə "Şərəf Nişanı” ordeninə layiq görülmüşdür. 1992-ci il dekabr ayının 29-da ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur.

Məmmədov Aydın Musa oğlu


Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır.

Məmmədov Rizvan Zəkəriyyə oğlu


Məmmədov Rizvan Zəkəriyyə oğlu 24 dekabr 1977-ci ildə Qazax rayonunun Əli  Bayramlı (hazırki  Aslanbəyli) kəndində anadan olmuşdur. 1984-cü ildə həmin kənddə orta məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfi bitirdikdən sonra məktəbdən  çıxmışdır. 1995-ci ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 mart 1999-cu ildə Füzuli döyüş bölgəsində şəhid olmuşdur.  7 mart 1999-cu ildə Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Mustafayeva Hürnisə Hüseyn qızı


Mustafayeva Hürnisə Hüseyn qızı 1928-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1935-ci ildə Cəfərli kənd 7 illik məktəbin birinci sinfinə daxil olmuş və 1942-сi ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir. "Pravda” kolxozunda və "Qazax Tinglik” sovxozunda fəhlə işləmişdir. 1978-ci ildə təqaüdə çıxmışdır. 25 dekabr 1993-cü ildə öz həyətinin kənarında mal-qarasını gətirərkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.

Əmiraslanov Şəmisdan Əmiraslan oğlu


Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin  birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid olmuşdur.

Əhmədov Əhməd Nuru oğlu


Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Sadiqi Adil Rza oğlu


Sadiqi Adil Rza oğlu 18 oktyabr 1964–cü ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1980-81-ci illərdə Kosalar kənd tam orta məktəbin onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənddə şəhid olmuşdur. Ailəlidir, iki övladı var.

      Əliyev İlqar Nəbi oğlu


Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Həsənov Bəkir Oruc oğlu


Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara  kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı Əskipara  kənd orta məktəbinin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən  döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur.


 Əzizov Vilayət Abdulla oğlu


Əzizov Vilayət Abdulla oğlu 27 mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Qazaxbəyli kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə getmişdir. 24 dekabr 1994-cü ildə Qazax rayonunun Qızılhacılı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

 Hüseynov Ədalət Teymur oğlu


Hüseynov Ədalət Teymur oğlu 1 mart 1969-cu ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1976-cı ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-86-cı illərdə M.Hüseyn adına məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun Qızılhacılı kəndinin müdafiəsi zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü ildə Ağstafa rayon Yanğından Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay idi. 


Geri qayıt