Şəhidlik qəhrəmanlığın ən uca zirvəsidir
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------
Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etməliyik ki, torpağımıza, yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun. Çünki Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər.
Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur. Yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi həyat yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Qazax rayonu da 285 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazax rayonunda Vətənin müstəqilliyi hər şeydən üstün tutulur.
Vətən sevgisi, vətənpərvərlik duyğusu, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Rayonumuzda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, əziz xatirələrinin yad edilməsi də artıq bir ənənə halını alıb.
GOYEZEN.AZ saytı ənənəsinə sadiq qalaraq Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Mədəd Nəsibovun, Altay Qafarovun, Araz Məmmədovun, Şərifə Talıbovanın əziz xatirələrini yad edir.
Nəsibov Mədəd İsə oğlu
Nəsibov Mədəd İsə oğlu 12 sentyabr 1966-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1972-ci ildə Qaymaqlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1982-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuşdur. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra təhsilini davam etdirmişdir. 1989-cu ildə institutu bitirdikdən sonra Balaxanı Neft-Qazçıxarma idarəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna çağırılmışdır. 14 aprel 1994–cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuşdur.
Qafarov Altay Sadıq oğlu
Qafarov Altay Sadıq oğlu 14 sentyabr 1970-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbində təhsil almışdır. N saylı hərbi hissədə xidmət etmişdir. 7 oktyabr 1995-ci ildə şəhid olmuşdur. Subay idi.
Məmmədov Araz Misir oğlu
Məmmədov Araz Misir oğlu 15 sentyabr 1980-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1987-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1998-ci ildə məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Məzəm kəndinə qayıtmışdır. 12 iyun 2001-ci ildə Məzəm kəndinin ərazisində Coğazçay su anbarında balıq tutarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi.
Talıbova Şərifə Qəfər qızı
Talıbova Şərifə Qəfər qızı 15 sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər qızı 1 may 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.
Facebook-da paylaş