Qazaxda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Dövlət quruculuğunun əsası” mövzusunda dəyirmi masa təşkil olunub
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsindən 24 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də
keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin
Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da
12 Noyabr – Konstitusiya Günü silsilə tədbirlərlə qeyd edilib. Növbəti tədbir bu gün Qazax Rayon Heydər Əliyev
Mərkəzinin 2019-cu ilin noyabr ayı üçün
təsdiqlədiyi Tədbirlər Planına əsasən keçirilib. Belə ki,
Qazax Dövlət Sosial-İqtisadi Kollecində "Dövlət quruculuğunun
əsası” mövzusunda dəyirmi masa təşkil olunub. Kollecin
Heydər Əliyev adına ideoloji mərkəzində təşkil edilən dəyirmi masada Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu
Kəmalə Cəfərova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, Qazax Gənclərin İnkişaf
və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin direktor müavini Vüqar Eyyubov, Qiymətləndirmə və Monitorinq şöbəsinin
müdiri Elvira Əfəndiyeva, Kollecin tələbələri və Mərkəzin kollektivi iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş
sözü ilə açaraq 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir
iştirakçılarını təbrik edib, noyabr ayının Azərbaycan dövləti və xalqımızın
şərəfli tarixində ən keşməkeşli tarixi əlamətdar günlərlə dolu olan bir ay
olduğunu bildirib. Qeyd edib ki, 5 minillik dövlətçilik tarixinə malik
dövlətimizin XX əsr tarixinin 50 ildən çox bir dövrü Ulu Öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz onun parlaq siyasi zəkası sayəsində 2 əsrin və 2
minilliyin qovuşuğundakı Azərbaycan III minilliyə inamla qədəm qoyub. Onun fəal
diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin ölkəmizə
münasibəti formalaşıb və dəyişib. Bütün dünya dövlətləri tərəfindən
tanınıb və onlarla siyasi iqtisadi əlaqələr qurulub. Azərbaycan xalqının tarixi
və milli sərvəti olan Azərbaycançılıq ideologiyasını Azərbaycana geri gətirib
və müasir tariximizdə Konstitusiya, Əsrin müqaviləsi, Atəşkəs, Bələdiyyə
İnstitutları kimi dövlət əhəmiyyətli hadisələrə imzasını ataraq Azərbaycan kimi
möhtəşəm bir şah əsəri yaradıb. Bildirib
ki, Azərbaycanın Konstitusiyasından danışarkən mübaliğəsiz demək olar ki, bu
müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin əsəridir. Onun titanik əməyinin
nəticəsidir. XX əsrdə II dəfə müstəqilliyimizi yenidən bərpa edəndə qarşıda
duran əsas vəzifələrdən biri ölkədə hüquqi demokratik sivil dövlətin əsas
qanunu olan Konstitusiya, Dövlət atributlarını yaratmaq oldu. 1995-ci ildə
yaradılmış Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.
Baxmayaraq ki, müstəqil Azərbaycan AXC-nin varisi elan edildi və onun qəbul
etmiş olduğu bütün dövlət atributlarını tariximizə sahib çıxaraq yenidən qəbul
etdik, amma AXC Konstitusiya qəbul etməmişdi, sadəcə İstiqlal Bəyənnaməsi onu
əvəz edirdi. Ona görə də bu Konstitusiya ilk Konstitusiya hesab edilir.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova
çıxış edərək əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıb. Qeyd edib
ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil
Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü
Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə
təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ
Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də
qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da,
əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. Qeyd
edib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və
onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın
12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik
seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna
əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il
noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. K.Cəfərova bildirib ki, bu gün Konstitusiyamız nə qədər güclü kamil və
həyati sənəd olduğunu bir daha sübut etmiş və demokratik sənəd kimi özünü
doğrultmaqdadır. Ali qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən
asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları
geniş formada təsbit olunur. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət
Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin
demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Konstitusiyanın 158 maddəsindən
48-nin insan hüquqları və onların təminatına həsr olunduğunu vurğulayıb. 24-cü
maddədə deyilir: - "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları
və azadlıqları vardır”. Bugünkü Konstitusiyamız insan və vətəndaş hüquq və
azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə uzun sürən totalitar
rejimdə doğulub böyümüş ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından əmək,
istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir azadlığı, söz
azadlığı, cəmiyyətin, dövlətin siyasi həyatında iştirak hüququ və s.
yararlanmaq şəraiti yaradır.
K.Cəfərova ötən 24 ildə ölkəmizin sürətli inkişafı
nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan
Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edildiyini
də diqqətə çatdırıb. Bildirib ki, 2002-ci il avqustun 24-də referendum yolu ilə
Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan
artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin
sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və
azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini
təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Qeyd edib ki,
ən son Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın
26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və
dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və
dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə
hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan
hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların
müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə,
Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər
nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə
uyğunlaşdırılıb.
Azərbaycan Rəssamlar İttifaqının
üzvü Akif Əmirov da bu gün dövlətimiz və Prezidentimizin gənclər üçün yaratdığı
geniş imkanlardan bəhs edərək bildirib ki, Azərbaycan gəncləri müstəqil dövlətimizin
dayağı, sütunudurlar. A.Əmirov çıxışı zamanı Qazax gənclərinin dövlətin və
Prezidentin siyasətini dəstəklədiyini və Onun ətrafında
yumruq kimi sıx birləşdiyini bildirib. Ali qanunumuz olan Dövlət Konstitusiyası
ilə bağlı maarifləndirmə tədbirlərindən söz açan gənc bu sahədə görülən işlərdən
də danışıb. Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında məktəblilər və tələbələr
arasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil
Nazirliyi və adları çəkilən rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə
keçirilən 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları”
adlı olimpiadanı nümunə göstərib. Həmin olimpiadada istər məktəblilərimizin,
istərsə də tələbələrimizin yüksək bilik nümayiş etdirdiklərini bildirib.
Kolleclər arasında Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birinci yerə layiq
görüldüyünü və tələbələrdən Şəbnəm Yusifzadənin, Tovuz Heydərovanın və Nəsir
Əhmədovun da təhsil aldıqları kollecə Hüquq kubokunu qazandırdıqlarını qeyd edib.
4 rayon üzrə məktəblilər arasında da ən yüksək nəticəni qazaxlı məktəblinin
göstərdiyini bildirib. E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin
şagirdi Nəcəfova Anarə Vasif qızının dörd rayon üzrə məktəblər arasında keçirilən
olimpiadada 98 balla ən yüksək nəticəni göstərək I yeri tutduğunu diqqətə
çatdırıb. Gənc olaraq onları təbrik edib və uğurlar arzulayıb. Tədbirin sonunda Heydər Əliyev
Mərkəzinin kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş
kitablardan ibarət sərgiyə baxış keçirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş