Əsas Səhifə > Mədəniyyət > Qazaxda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Dövlət quruculuğunun əsası” mövzusunda dəyirmi masa təşkil olunub

Qazaxda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Dövlət quruculuğunun əsası” mövzusunda dəyirmi masa təşkil olunub


12-11-2019, 16:53


Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da 12 Noyabr – Konstitusiya Günü silsilə tədbirlərlə qeyd edilib.

Növbəti tədbir bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin  2019-cu ilin noyabr ayı üçün təsdiqlədiyi  Tədbirlər Planına əsasən keçirilib. Belə ki, Qazax  Dövlət Sosial-İqtisadi Kollecində "Dövlət quruculuğunun əsası”  mövzusunda dəyirmi masa təşkil olunub.

Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil edilən dəyirmi masada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Qazax Dövlət  Sosial-İqtisadi Kollecinin direktor müavini Vüqar Eyyubov, Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, Kollecin tələbələri və Mərkəzin kollektivi iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, noyabr ayının Azərbaycan dövləti və xalqımızın şərəfli tarixində ən keşməkeşli tarixi əlamətdar günlərlə dolu olan bir ay olduğunu bildirib. Qeyd edib ki, 5 minillik dövlətçilik tarixinə malik dövlətimizin XX əsr tarixinin 50 ildən çox bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun parlaq siyasi zəkası sayəsində 2 əsrin və 2 minilliyin qovuşuğundakı Azərbaycan III minilliyə inamla qədəm qoyub. Onun fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin ölkəmizə münasibəti  formalaşıb və dəyişib. Bütün dünya dövlətləri tərəfindən tanınıb və onlarla siyasi iqtisadi əlaqələr qurulub. Azərbaycan xalqının tarixi və milli sərvəti olan Azərbaycançılıq ideologiyasını Azərbaycana geri gətirib və müasir tariximizdə Konstitusiya, Əsrin müqaviləsi, Atəşkəs, Bələdiyyə İnstitutları kimi dövlət əhəmiyyətli hadisələrə imzasını ataraq Azərbaycan kimi möhtəşəm bir şah əsəri yaradıb. Bildirib ki, Azərbaycanın Konstitusiyasından danışarkən mübaliğəsiz demək olar ki, bu müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin əsəridir. Onun titanik əməyinin nəticəsidir. XX əsrdə II dəfə müstəqilliyimizi yenidən bərpa edəndə qarşıda duran əsas vəzifələrdən biri ölkədə hüquqi demokratik sivil dövlətin əsas qanunu olan Konstitusiya, Dövlət atributlarını yaratmaq oldu. 1995-ci ildə yaradılmış Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Baxmayaraq ki, müstəqil Azərbaycan AXC-nin varisi elan edildi və onun qəbul etmiş olduğu bütün dövlət atributlarını tariximizə sahib çıxaraq yenidən qəbul etdik, amma AXC Konstitusiya qəbul etməmişdi, sadəcə İstiqlal Bəyənnaməsi onu əvəz edirdi. Ona görə də bu Konstitusiya ilk Konstitusiya hesab edilir.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. Qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

K.Cəfərova bildirib ki, bu gün Konstitusiyamız nə qədər güclü kamil və həyati sənəd olduğunu bir daha sübut etmiş və demokratik sənəd kimi özünü doğrultmaqdadır. Ali qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş formada təsbit olunur. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Konstitusiyanın 158 maddəsindən 48-nin insan hüquqları və onların təminatına həsr olunduğunu vurğulayıb. 24-cü maddədə deyilir: - "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır”. Bugünkü Konstitusiyamız insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə uzun sürən totalitar rejimdə doğulub böyümüş ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir azadlığı, söz azadlığı, cəmiyyətin, dövlətin siyasi həyatında iştirak hüququ və s. yararlanmaq şəraiti yaradır.

 

K.Cəfərova ötən 24 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edildiyini də diqqətə çatdırıb. Bildirib ki, 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Qeyd edib ki, ən son Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.


Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov da bu gün dövlətimiz və Prezidentimizin gənclər üçün yaratdığı geniş imkanlardan bəhs edərək bildirib ki, Azərbaycan gəncləri müstəqil dövlətimizin dayağı, sütunudurlar. A.Əmirov çıxışı zamanı Qazax gənclərinin dövlətin və Prezidentin  siyasətini  dəstəklədiyini və Onun ətrafında yumruq kimi sıx birləşdiyini bildirib. Ali qanunumuz olan Dövlət Konstitusiyası ilə bağlı maarifləndirmə tədbirlərindən söz açan gənc bu sahədə görülən işlərdən də danışıb. Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında məktəblilər və tələbələr arasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və adları çəkilən rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları” adlı olimpiadanı nümunə göstərib. Həmin olimpiadada istər məktəblilərimizin, istərsə də tələbələrimizin yüksək bilik nümayiş etdirdiklərini bildirib. Kolleclər arasında Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birinci yerə layiq görüldüyünü və tələbələrdən Şəbnəm Yusifzadənin, Tovuz Heydərovanın və Nəsir Əhmədovun da təhsil aldıqları kollecə Hüquq kubokunu qazandırdıqlarını qeyd edib. 4 rayon üzrə məktəblilər arasında da ən yüksək nəticəni qazaxlı məktəblinin göstərdiyini bildirib. E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin şagirdi Nəcəfova Anarə Vasif qızının dörd rayon üzrə məktəblər arasında keçirilən olimpiadada 98 balla ən yüksək nəticəni göstərək I yeri tutduğunu diqqətə çatdırıb. Gənc olaraq onları təbrik edib və uğurlar arzulayıb.

Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.

 

GOYEZEN.AZ


Geri qayıt