İcra başçısı əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub
Respublika Prezidenti
cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısı Qazax rayonunda da daim
hiss olunur. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəbin
əsaslı təmirinin və ya tikintisinin salınması da bunun əyani sübutudur. Bu, eyni
zamanda dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan böyük diqqət və
qayğının Qazaxın timsalında daha bir bariz nümunəsidir. Dövlət Proqramında təmiri nəzərdə tutulan
məktəblərdən biri də Xalq yazıçısı
İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta
məktəbidir ki, artıq həmin məktəb Heydər Əliyev Fondu tərəfindən
əsaslı şəkildə yenidən qurulub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov əsaslı təmiri yekunlaşan Kosalar kənd
tam orta məktəbində olub, görülən son tamamlanma işləri ilə maraqlanıb. 3 mərtəbədən ibarət olan məktəbdə istər binanın
daxilində, istərsə də xarici fasadında bütün işlər başa çatıb. Hazırda məktəbin
həyətində asfalt örtüyün vurulmasına başlanılıb. Bundan əlavə, yaşıllaşdırma və
abadlıq işləri yekunlaşmaq üzrədir. Məlumat üçün bildirək ki, məktəbdə futbol, basketbol
və voleybol meydançası yaradılıb. Yardımçı binalar inşa olunub. Bundan başqa,
məktəb binasının arxa hissəsində tikilən hər birinin həcmi 154 kubmetr
olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxana
da tam hazırdır. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin
istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq güləş zalı
da tikilib. Ötən il Xalq yazıçısı İsmayıl
Şıxlının 100 illik yubileyi münasibətilə onun adını daşıyan Kosalar məktəbinin
təmir olunması xəbərini müəllim və şagirdlər bu gün də böyük minnətdarlıq hissi
ilə qarşılayırlar. Kənd sakinləri məktəbin yenidən qurulmasına görə ölkə
başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər. Onu da qeyd edək ki, Qazaxda daha iki məktəb - Heydər
Əliyev Fondu tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb
üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə Aydın Məmmədov adına
Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binalar inşa olunur.
Facebook-da paylaş