İcra başçısı tikintisi nəzərdə tutulan Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin mövcud vəziyyəti ilə tanış olub
Hər kəsə yaxşı məlumdur ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Ölkəmizdə son illərdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Respublika Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha sübut edir ki, bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına yeni məktəb binalarının tikintisinin salınması, məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması, istər müəllimlərə, istərsə də xüsusi istedadı olan gənclərə göstərilən dövlət qayğısı bu dediklərimizin bariz nümunəsidir.
Sevindirici haldır ki, ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısı respublikamızın bütün bölgələrini əhatə edir. Ziyalılar yurdu sayılan Qazaxda da təhsil sahəsinə olan diqqət və qayğı ən yüksək səviyyədədir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin öz əksini tapması bunu söyləməyə əsas verir. Həmin 5 illik proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Həmin dövlət proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd olunan həmin məktəbin mövcud vəziyyəti ilə maraqlanıb, sinif otaqları ilə tanış olub.
Müəllimlərlə səmimi söhbət edən rayon rəhbəri təhsil sahəsinə olan qayğının Sarıvəlli məktəbindən də yan keçməyəcəyini, digər məktəblər kimi bu məktəbin də tikintisinin nəzərdə tutulduğunu bildirib. Müəllim və şagirdlər üçün hər cür şəraiti olan məktəb binasının yaxın zamanda tikintisinə başlanılacağını qeyd edib.
Məktəb direktoru Məzahir Omarov bu il məktəbi bitirən 13 nəfər məzundan 7 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verdiyini diqqətə çatdırıb. 1 nəfərin ali, 5 nəfərin isə orta ixtisas məktəblərinə daxil olduğunu vurğulayıb.
Məktəbin tədris işləri üzrə direktor müavini Nərminə Kələşova, təlim-tərbiyə işləri üzrə müavin Fəridə Əhmədova çıxış edərək çalışdıqları məktəbin yenidən qurulması xəbərini böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Təhsil sahəsinə göstərilən diqqət və qayğıya, ziyalılara verilən yüksək dəyərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Rayonda digər məktəblər kimi, Sarıvəlli kənd tam orta məktəbin də yenidən qurulmasını təhsil sahəsinə olan qayğının növbəti bariz nümunəsi kimi qiymətləndiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş