Heydər Əliyev Fondu tərəfindən Qazaxda Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni bina inşa olunacaq
Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısı yüksək səviyyədədir. Son illər ölkə Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahə ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına yeni məktəb binalarının tikintisinin salınması, məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması, istər müəllimlərə, istərsə də xüsusi istedadı olan gənclərə göstərilən dövlət qayğısı bu dediklərimizin bariz nümunəsidir.
Ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın bütün bölgələrində birbaşa təhsilin səviyyəsinə təsir edən problemlərin həlli məqsədilə müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və yenidən qurularaq şagirdlərin istifadəsinə verilir.
Sevindirici haldır ki, istər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən təhsil sahəsinə olan dövlət qayğısı ziyalılar yurdu sayılan Qazaxda da hiss olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin öz əksini tapması bunu söyləməyə əsas verir. 2019-cu ildə həmin 5 illik proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulması təhsil sahəsinə olan qayğının göstəricisidir.
Həmin dövlət proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Yenə də Heydər Əliyev Fondu tərəfindən bu məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti üzrə aidiyyatı şəxslərlə birlikdə Sarıvəlli kənd tam orta məktəbində olub. Məktəbin həyətində yeni inşa olunacaq bina üçün ayrılmış əraziyə baxış keçirən icra başçısı tikinti üzrə layihə ilə maraqlanıb.
Məktəbin tədris işləri üzrə direktor müavini Nərminə Kələşova çıxış edərək çalışdıqları məktəbin yenidən qurulması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildirib. Təhsil sahəsinə olan qayğının Sarıvəlli məktəbindən də yan keçmədiyinə, müəllim və şagirdlər üçün hər cür şəraiti olan yeni məktəb binasının inşa olunmasına, ən əsası da ziyalılara verilən yüksək dəyərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Rayonda digər məktəblər kimi, Sarıvəlli kənd tam orta məktəbin də yenidən qurulmasını təhsil sahəsinə olan qayğının növbəti bariz nümunəsi kimi qiymətləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş