BDU Qazax filialının aktiv pedaqoji təcrübə keçən V kurs tələbələrinin nəticələri müzakirə olunub
Son 3 ildir ki,
bütün sahələrdə ilklərə imza atan Qazaxda daha bir ənənənin əsasının qoyulması barədə ötən yazımızda məlumat
vermşdik. Belə ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında yuxarı
kurslarda təhsil alan və orta məktəblərdə aktiv pedaqoji təcrübə keçən
tələbələrin açıq dərslərində rayonun peşəkar ixtisas müəllimlərinin iştirak
etmələri qərara alınmışdı. Bu cür addımın atılmasında isə əsas məqsəd gələcəkdə
müəllim adını alacaq gənclərimizə ixtisasları üzrə peşəkar müəllimlərin
təcrübələrindən yararlanmalarında dəstək olmaq idi. Həmçinin gənclərin
müəllimlik peşəsi ilə bağlı məsuliyyətlərini artırmaqla yanaşı, həm də özlərinə
olan inam hissini artırmaqdan ibarət idi. Bu gün Qazax
Rayon İcra Hakimiyyətində BDU Qazax filialının riyaziyyat və informatika, tarix
və coğrafiya müəllimliyi ixtisasları üzrə təhsil alan V kurs tələbələrinin
M.Hüseyn adına humanitar və təbiət fənlər üzrə məktəb-liseydə keçirilən aktiv
pedaqoji təcrübə zamanı göstərdikləri nəticələr müzakirə olunub. Bununla bağlı növbəti
iclas keçirilib. İclasda icra
aparatının, Təhsil şöbəsinin, BDU Qazax filialının əməkdaşları, rayonda
fəaliyyət göstərən işçi qrupunun üzvləri, şəhər məktəblərinin direktorları
iştirak ediblər. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iclas iştirakçılarını
müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
İcra başçısı qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, müasir dünyada
hər bir ölkənin gələcəyi həmin ölkədəki təhsilin səviyyəsi ilə
ölçülür. Təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib
hissəsini təşkil edir. Heç kəsə sirr deyil ki, Azərbaycan da təhsillə bağlı
siyasəti uğurla həyata keçirən ölkələr sırasındadır. Ölkəmizdə son illərdə
təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki,
Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Ən əsası da
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu
təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm
prinsipləri sırasına daxil edilib. Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil
siyasətinin uğurlu davamının göstəricisidir. Son 3 ildə Qazaxda təhsil sahəsində qazanılan uğurlardan danışan rayon
rəhbəri bunun kökündə dövlətin və dövlət başçısının bölgələrdə təhsil sahəsinə
olan diqqət və qayğısının dayandığını qeyd edib. Təhsilə olan qayğının ilbəil
artdığını diqqətə çatdırıb. Ölkə başçısının qayğısı sayəsində rayonda təhsilin
keyfiyyətinin artırılması, müəllim və şagirdlərin yüksək şəraiti olan
məktəblərdə elmlə məşğul olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib.
Bildirib ki, bu ilin 4 fevralında əsaslı yenidənqurmadan sonra açılışı olan
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb bu dediklərimizin əyani
sübutudur. Məhz təhsilə ayrılan diqqətin, göstərilən qayğının nəticəsidir ki,
rayon məktəbliləri bu sahədə uğurlu nəticələrə imza atırlar. Ötən il qəbul
imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü
sırada dayanması təhsilə olan yüksək qayğının göstəricisidir. İcra başçısı
Qazaxda gənclərə yüksək keyfiyyətli elm, bilik vermək üçün hər bir sahə üzrə
uğurlu addımlar atıldığını qeyd edərək 2018-ci ilin oktyabr ayında Qazax
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılan
işçi qrupunun fəaliyyətindən də söz açıb. İşçi qrupunun yaradılmasında isə əsas
məqsədin təhsil sahəsini inkişaf etdirmək, şagirdlərin dərsə davamiyyətini,
müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri
yüksək qiymətləndirmək olduğunu diqqətə çatdırıb. Eyni zamanda məktəbdə
müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini
formalaşdırmaq məqsədilə yaradılan həmin işçi qrupunun bu gün rayonun təhsil
sahəsində qazanılan uğurlarında böyük payı olduğunu bildirib. Rayon rəhbəri gənc müəllimlərlə bağlı atılan bu
addımın da öz müsbət nəticələrini verdiyini qeyd edib. Sonra aktiv
pedaqoji təcrübələrdə tələbələrin "Açıq dərs”lərini dinləyən işçi qrupunun
üzvlərindən F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin riyaziyyat müəllimi
Amalya Cəfərova, S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin Əməkdar tarix müəllimi
Mustafa Mirzəyev, Əməkdar coğrafiya müəllimi Şadət Carçıyev çıxış edərək "Açıq
dərs”lərində iştirak etdikləri tələbələr haqqında fikirlərini bölüşüblər. Tələbələrin
pedaqoji təcrübədə aktiv iştirak etdiklərini və yaxşı nəticə göstərdiklərini
bildiriblər. Gələcəkdə müəllim adını qazanan gənclərin dərs demək bacarığını
yüksək qiymətləndiriblər.
M.Hüseyn adına
humanitar və təbiət fənlər üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova
çıxış edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, səmimi
münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Pedaqoji
təcrübənin məktəb-liseydə keçirilməsinə görə rəhbərlik etdiyi kollektiv adından
təşəkkürünü çatdırıb. Qeyd edib ki, bu pedaqoji təcrübə tələbələrlə yanaşı
məktəbin müəllim-şagird kollektivi üçün də böyük məsuliyyət idi. Məktəbin
kollektivi olaraq bizim də əsas məqsədimiz gənc müəllimlərə dəstək olmaq,
onlara müəllimlik peşəsinin dərindən öyrənilməsində yardımçı olmaq idi. Çalışdıq
ki, bu işdə gənclərə kömək olaq.
BDU Qazax filialının direktor
müavini, dosent Məmməd Yusifov çıxış edərək bildirib ki, rayon rəhbəri olaraq fəaliyyətə
başladığınız ilk gündən hər zaman Qazaxda yeniliklərə, ilklərə imza atmısınız.
Gənclərlə bağlı atılan bu addım da ilk dəfə olaraq həyata keçirildi və öz müsbət
nəticəsini də verdi. Direktor müavini pedaqoji təcrübə barədə ətraflı məlumat
verərək bütün tələbələrin nizam-intizamlı şəkildə, ən əsası da öz peşəsinə hörmət
hissi ilə yanaşaraq pedaqoji təcrübələrdə aktiv iştirak etdiklərini bildirib.
Qeyd edib ki, bu təcrübənin üstünlüyü onda oldu ki, ali və orta təhsil müəssisələri
arasında qarşılıqlı əlaqələrin qurulmasının mümkünlüyü bir daha nümayiş olundu.
BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək
respublikamızda, eləcə də Qazaxda təhsil sahəsinə göstərilən diqqət və qayğıya
görə başda ölkə başçısı İlham Əliyev olmaqla, rayon rəhbərliyinə rəhbərlik
etdiyi filialın müəllim və tələbə kollektivi adından minnətdarlığını bildirib.
Yuxarı kursda təhsil alan və müəllim adını qazanacaq tələbələrlə bağlı bu cür
təşəbbüsün irəli sürülməsini universitetin kollektivinə və gənclərə verilən
böyük dəyər kimi qiymətləndirib. Peşəkar müəllimlərin "Açıq dərs”lərdə iştirak
etmələrini gənc müəllimlər üçün təqdirəlayiq hal hesab edib. Təcrübə zamanı
dinləmələrdə iştirak edən peşəkar müəllimlərdən tələbələrin ünvanına səslənən
fikirləri, bildirilən rəyləri BDU-nun Qazax filialına, universitetin
kollektivinə verilən qiymət kimi dəyərləndirib. Direktor bu ənənənin növbəti
pedaqoji təcrübələrdə də davam etdiriləcəyini bildirib. Rayon Təhsil
şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə olan bu səmimi
münasibətə və yüksək qayğıya görə bütün təhsil işçiləri adından bir daha rayon
rəhbərliyinə minnətdarlığını ifadə edib. Pedaqoji
təcrübədə iştirak edən BDU Qazax filialını riyaziyyat ixtisası üzrə bitirən V
kurs tələbəsi Şəhla Dəmirova çıxış edərək gələcəyin gənc müəllimləri olaraq bu
cür təşəbbüsün irəli sürülməsini yüksək qiymətləndirdiklərini bildirib. Qeyd
edib ki, orta məktəblərdə keçirilən aktiv pedaqoji təcrübələr hər bir gənc
tələbənin müəllim kimi fəaliyyətə başlamasında böyük əhəmiyyət kəsb edir.
Müəllimlik peşəsinin təməlində dayanan əsas məsələlərdən biridir. Odur ki,
irəli sürülən bu təşəbbüs peşəkar müəllimlərdən müəllimlik peşəsinin sirlərini
öyrənməkdə biz gənclərə böyük yardımçı oldu. Əminik ki, pedaqoji təcrübə zamanı
əldə etdiklərimiz gələcəkdə peşəkar müəllim kimi fəaliyyət göstərməyimizdə bizə
çox kömək olacaq. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq gələcəyin
müəllimləri olan tələbələrə daha yüksək nailiyyətlər qazanmalarını bildirib və
bu yolda onlara uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş