BDU-nun Qazax filialında “Bilik Günü” qeyd olunub
Bu gün Bakı Dövlət Universitetinin
Qazax filialında 15 sentyabr "Bilik Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, müəllim-tələbə
kollektivi, valideynlər və KİV nümayəndələri iştirak edib. Tədbir
iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialın binasında yerləşən
büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər. Sonra filialın həyətində
müəllim və tələbələr üçün yaradılmış yeməkxananın açılışı olub. Rəmzi açılışı
bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yeməkxanada yaradılan şəraitlə
tanış olublar. Dövlət Himni səsləndikdən
sonra BDU
Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev tədbiri
giriş sözü ilə açaraq müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə
təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil
alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar
arzulayıb. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini
yaşamaqdadır. Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax
filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Ulu öndərin
əsasını qoyduğu və bu gün də Respublika Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində görülən
işlərdən danışıb. Yeni tədris ilində filialın tədris binasının əsaslı şəkildə təmir
olunmasını, müəllim və tələbələr üçün bütün auditoriyalarda, laboratoriya
otaqlarında yüksək şəraitin yaradılmasını, bir sözlə, tələbələrə yüksək keyfiyyətli
təhsil vermək üçün geniş imkanların açılmasını bu sahədə görülən işlərin əyani
sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu gün istər yüksək peşəkar müəllim-professor
heyətinin olması, istər filialda yaradılan şərait onu deməyə əsas verir ki, siz
tələbələr gələcəkdə tam formalaşmış bir kadr kimi cəmiyyət üçün yararlı vətəndaş
olacaqsınız. V.Əfəndiyev bu tədris ilinin əlamətdar
günlərlə zəngin olduğunu qeyd edərək ilk ali təhsil ocağı olan Bakı Dövlət
Universitetinin yaranmasının 100 illik yubileyinin, eləcə də, Qori Müəllimlər
Seminariyasının Qazaxda fəaliyyətə başlamasının 100 illiyinin tamam olmasının böyük
təntənə ilə qeyd olunacağını bildirib. V.Əfəndiyev filialın
imkanlarının gündən-günə genişləndiyini qeyd edərək filiala magistraturaya qəbul
verilməsini həm rayon təhsilinin, həm də BDU Qazax filialının uğuru olduğunu
bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə
tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik
edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda
daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, "Təhsil millətin gələcəyidir”
ifadəsini şüar səviyyəsinə yüksəldən ulu öndər respublikanın gələcək
inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün
dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər
Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə
təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına
çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir.
Rayon rəhbəri
bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə prezidenti
İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlətçilik strategiyası və onun
ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədi Azərbaycan
Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı,
yüksək ixtisaslı mütəxəssis vətəndaşlar hazırlamaqdan ibarətdir. Ali təhsil müəssisələrində
bu konsepsiyanın reallaşması üçün kifayət qədər uğurlu addımlar atılır. Filialın
göstəriciləri haqqında ürək sözlərini çatdıran rayon rəhbəri bildirib ki, hazırda
BDU-nun Qazax filialında 47 nəfər professor-müəllim heyəti tədrisə cəlb olunub
ki, bunlardan 3-ü elmlər doktoru, professor, 18-i elmlər namizədi, dosentdir. Qeyd edib ki, ötən tədris ilində professor-müəllim
heyətinin sayı 24 olmuşdur. Ölkənin ən nüfuzlu universitetinin – BDU-nun Qazax
filialının regional ali təhsil müəssisəsi kimi oynadığı rol və fəaliyyət göstərdiyi
2 il ərzində əldə etdiyi uğurlar bu tədris ilində filiala 17 ixtisas üzrə 600-ə
yaxın tələbə qəbulunun gerçəkləşməsinə gətirib çıxardı. Müqayisə üçün
2016/2017-ci tədris ilində 6 ixtisas üzrə respublikanın 32 rayonundan 140 tələbə
qəbulu (ümumi say 351 tələbə), 2017/2018-ci tədris ilində 13 ixtisas üzrə 54
rayondan 389 tələbə (ümumi say 628) olmuşdursa, 2018/2019-cu tədris ili üçün bu
rəqəm 17 ixtisas üzrə 63 rayondan 562 tələbə (ümumi say 1132 nəfər) olmuşdur.
Daha
bir müsbət müqayisə ondan ibarətdir ki, 2017/2018-ci tədris ilində 7 tələbə
400-dən yuxarı, 94 tələbə 300-dən yuxarı bal toplamışdırsa, 2018/2019-cu tədris
ilində bu rəqəm ciddi şəkildə dəyişmişdir. Belə ki, Ağstafa rayonundan olan 1 tələbə
Məmmədova Turanə Lətif qızı 640 balla filialın riyaziyyat və informatika müəllimliyi
ixtisasını seçib. Sevndirici hal isə odur ki, bu tələbənin iki bacısı da riyaziyyat
və informatika müəllimliyi ixtisasına müvafiq olaraq 421 və 576 balla qəbul
olunmuşlar. Hazırda onlar həmin ixtisasın II və V kurslarında təhsil alırlar. Bundan
əlavə, 4 tələbə 500-dən yuxarı (İsmayılova Ceyran Heydər qızı-549 bal, riyaziyyat
və informatika müəllimliyi ixtisası, Qazax rayonu; İsmayıllı Nigar Elşad
qızı-546 bal, tarix müəllimliyi ixtisası, Ağstafa rayonu;
Qəribova Əfsanə Şahin qızı-515 bal, ibtidai sinif müəllimliyi ixtisası, Qazax
rayonu; Əliyeva Nərmin Cavid qızı-504 bal, ibtidai sinif müəllimliyi ixtisası,
Qazax rayonu), 16 tələbə 400-dən, 172 tələbə isə 300-dən yuxarı bal
toplamışdır. Qeyd edək ki, 300-dən yuxarı bal toplayan 172 tələbədən 104-ü,
başqa sözlə 61% respublikanın digər rayonlarından olan tələbələrdir. Əvvəlki tədris
illərində rast gəlinməyən daha bir ilk ondan ibarətdir ki, "Azərbaycan dili və ədəbiyyat
müəllimliyi”, "Tarix müəllimliyi”,
"İbtidai sinif müəllimliyi və tarix ixtisasları üzrə orta keçid balları 300-dən
yüksək olmuşdur. Bildirib
ki, bu ilin daha bir statistikası maraq doğurur. Qəbul olunan tələbələrdən 100-ə
yaxını məhz 1-ci olaraq Qazax filialını, 300-ə yaxın tələbə isə ilk 5-likdə
filialı seçmişdir və bu seçimlərdə digər rayonlardan olan tələbələr üstünlük təşkil
etmişdir. Bu da mahiyyət etibarı ilə o deməkdir ki, filialın son dövrlərdəki
müsbət fəaliyyəti və tədris göstəriciləri yalnız ərazi formatı ilə məhdudlaşmır,
daha geniş spektri əhatə etməkdədir. Bu vəziyyət Dövlət İmtahan Mərkəzinin qəbulunun
nəticələrinə dair hesabatında da özünü göstərdi. Mən əminəm ki,
siz gənclər də dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək
öz bilik və bacarıqlarınızı, əldə etdiyiniz nailiyyətləri hər zaman artıracaqsınız.
Bu işdə hər birinizə uğurlar arzu edirəm.
Sonra filialın
tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun yeni dərs ilinin
başlanması münasibətilə filialın kollektivinə göndərdiyi təbrik məktubunu oxuyaraq
bütün tələbələri təbrik edib. Filialın baş müəllimi Heyran Vəkilova çıxış
edərək müəllim həmkarlarını, valideynləri, təbrik edib. Tələbələrə ən xoş ürək
sözlərini çatdıraraq müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcəkdə
layiqli vətəndaş və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyi arzulayıb.
Riyaziyyat və informatka müəllimliyi
ixtisasının 640 bal toplamış I kurs tələbəsi Təranə Məmmədovanın valideyni Cəmilə
Məmmədova çıxış edərək təhsil sahəsinə dövlət tərəfindən göstərilən diqqət və
qayğıdan söz açıb. Övladının yüksək bal toplayaraq BDU-nun Qazax filialını seçməsini
və burada olan peşəkar müəllim-professor heyətinin olmasını, keyfiyyətli təhsilin
tədris edilməsini yüksək qiymətləndirib.
Tarix müəllimliyi ixtisasının 546 bal
toplamış I kurs tələbəsi Nigar İsmayıllı çıxış edərək göstərilən diqqət və qayğıya görə tələbə yoldaşları adından ölkə
başçısına öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu filialı
seçməklə düzgün addım atdım. Çünki filialda təhsilin və müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksək səviyyədə olması, burada yaradılan gözəl şərait onu deməyə əsas
verir ki, mən bu təhsil ocağından savadlı, yüksək ixtisaslı peşəkar kadr kimi
ayrılacağam. Çalışacam ki, burada aldığım təhsillə BDU-nun Qazax filialının bir
tələbəsi kimi hər zaman filialımızın adını uca tutum. Müəllimlərimin mənə olan
etimadını doğruldum.
Sonda yüksək bal toplamış tələbələr Qazax Rayon
İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və gül dəstələri ilə
mükafatlandırılıb. Tədbirdə hər ixtisas üzrə I
kursa ən yüksək balla daxil olan tələbələrə tələbə biletləri də təqdim
olunub. GOYEZEN.AZ
Facebook-da paylaş