Qazaxlı fermerlər 33 tondan çox qurudulmuş tütün təhvil veriblər
Son illər ölkə Prezidenti
İlham Əliyevin 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş
"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci
illər üçün Dövlət Proqramı”na əsasən respublikamızın bütün bölgələrində
tütünçülüyün inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.
Ölkə rəhbərinin tütünçülüyün
inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri uğurla həyata keçirən
rayonlardan biri də Qazax rayonudur. Belə ki, bu il artıq dördüncü
ildir ki, rayonda tütün becərilir. Kənd təsərrüfatında iqtisadi cəhətdən
gəlirli sahə hesab edilən, çəkisinə görə böyük potensiala malik olan tütünçülüyün inkişaf etdirilməsi rayonda yeni iş
yerlərinin açılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan cari
ildə rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı,
Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı,
Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65 hektar sahədə tütün əkilib. Əvvəlki illərdə yüksək
nəticə əldə edən tütünçülər bu il də daha çox məhsul götürmək üçün bütün
aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq bir neçə aydır ki, tütün
dərimi davam edir. Tütün dəriminin vaxtında və itkisiz başa çatdırılması üçün
dərilmiş məhsul əkin sahələrinin yaxınlığında hazırlanmış xüsusi yerlərdə ipə
düzülərək qurudulur. Vaxtında
göstərilən qulluğun nəticəsidir ki, kənd sakinləri sahələrdən istədikləri
tütünü yığırlar. Bu günədək 421 ton yaş tütün tədarük edilib. 33 tondan
çox qurudulmuş tütün isə "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi
sürətlə davam edir.
Məlumat üçün qeyd edək ki, 2016-cı
ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara
çatdırılıb. Aqrotexniki tədbirlər vaxtında həyata keçirən təsərrüfat sahibləri
həmin sahələrdən 80 tondan çox məhsul götürüb. 2018-ci ildə isə tütünçülər əkin
sahələrini daha 10 hektar genişləndirərək 60 hektara çatdırıblar. Həmin il
sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil
verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş