• Təqvim

  • Maraq



İcra başçısı Aprel şəhidi baş leytenant Elvin Namazovun ildönümündə ailəsini ziyarət edib


2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Böyük Zəfərin başlanğıcı hesab edilən şanlı Aprel döyüşlərindən artıq 8 il ötür. Azərbaycan xalqı şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu dövrü bu gün də böyük qürur və sevinc hissləri ilə xatırlayır, qəhrəman şəhidlərimizi dərin ehtiramla anır. Bu gün xalqımız Aprel döyüşlərini, həmin döyüşün tarixi əhəmiyyətini, əldə etdiyimiz qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verilməsini qürurla xatılayır. Bu, o döyüşdür ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Ən əsası da dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış” prosesinə start verildi. Bu gün hər bir azərbaycanlı 8 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi keçirir. Bu gün fəxrlə deyə bilərik ki, 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməli də məhz 8 il əvvəl qoyuldu. Aprel döyüşlərinin təcrübəsi, əldə olunan məlumatlar, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı bizi qazandığımız uğura apardı. Aprel döyüşləri düşmənə, onun havadarlarına həm Azərbaycan Ordusunun gücünü, qələbə əzmini sübut etdi, həm də bütün dünyaya Azərbaycanın tarixi ədaləti bərpa etməklə öz dədə-baba, əzəli torpaqlarından əl çəkməyəcəyini göstərdi. Aprel qələbəsi və yekun Zəfərimiz Azərbaycan Silahlı Qüvvələrinin müasir dövrün ən yaxşı ordularından biri olduğunu nümayiş etdirdi.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu  Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəldilər.


Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun da xatirəsi hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən anım və doğum günlərində dərin ehtiramla yad olunur. 

Aprelin 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov və şəhid ailələri ilə birlikdə şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində olub. Qəhrəman Vətən oğlunun ata ocağı ziyarət olunub, ruhuna dua oxunub. 


İcra başçısı qeyd edib ki, bu gün şəhid Elvin Namazovun uca bir məqama - Şəhidlik zirvəsinə ucalmasından 8 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov elə bir şanlı yol keçib ki, başda ölkə rəhbəri olmaqla, hər bir azərbaycanlı onunla fəxr edib, qürur duyur. Rayon rəhbəri Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı nailiyyətlərdən də söz açıb. Rayon rəhbəri tarixi qələbəmizin əldə olunmasında 2016-cı ilin Aprel döyüşlərinin mühüm əhəmiyyəti olduğunu, "Dəmir yumruğ”un ilk zərbəsinin məhz həmin döyüş zamanı vurulduğunu qeyd edib. İcra başçısı illər ötsə belə xalqımızın bizi Qarabağda böyük qələbəmizə aparan şanlı Aprel döyüşlərini, İyul döyüşlərini, Vətən müharibəsini və həmin döyüşləri tarixə yazdıran Elvin Namazov kimi oğulları unutmayacağını bildirib. Elvin kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunun böyüməkdə olan gənclərimizə hər zaman örnək olduğunu vurğulayıb. Rayon rəhbəri istər Birinci Qarabağ müharibəsində, istər Aprel döyüşlərində, istər İyul döyüşlərində, istər Vətən müharibəsində, istər 2022-ci ilin sentyabr hadisələrində, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəman oğullarımızın göstərdiyi igidliklərin gələcək nəsillərə örnək və nümunə olacağını söyləyib. 


Şəhid atası Məmməd Namazov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi qələbədən söz açan şəhid atası oğlu Elvinin, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhunun şad olduğunu bildirib. 

Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir.

Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.



Facebook-da paylaş