Qazaxda tütün dəriminə başlanılıb
Bu gün tikinti-quruculuq
işlərinin geniş vüsət aldığı Qazax rayonunda kənd təsərrüfatının inkişafına da böyük
önəm verilir. Son illər Respublika Prezidenti İlham
Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirdiyi məqsədyönlü tədbirlər Qazaxda da uğurla icra olunur. Neft sektoru ilə
yanaşı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf
etdirilməsi, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması nəzərə alınaraq bu
sahəyə xüsusi diqqət və qayğı göstərilir. Respublikamızda bu sahənin sürətlə
inkişaf etməsində ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qəbul olunmuş Dövlət
Proqramları da əsas götürülərək kənd təsərrüfatı ildən-ilə daha sürətlə inkişaf
etdirilir. Son 3 ildə
Qazaxda ölkə rəhbəri İlham Əliyevin 10
avqust 2017-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş "Azərbaycan
Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət
Proqramı”ı da uğurla icra olunur. Kənd təsərrüfatında böyük potensiala
malik, iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan bu sahə həm də rayonda yeni iş yerlərinin açılması baxımından böyük
əhəmiyyət kəsb edir. Bu il artıq dördüncü ildir ki, Qazaxda tütün
becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri
2017-ci ildə bu rəqəmi 50 hektara çatdırıb, aqrotexniki tədbirləri vaxtında
həyata keçirməklə 80 tondan çox məhsul götürüblər. 2018-ci ildə isə tütünçülər
əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Həmin sahədən toplanmış
98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib. Cari ildə isə
Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci
Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli,
Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi
65 hektar sahədə tütün əkilib. Tütünçülər bu il də keçən ildəkindən daha çox məhsul
götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq xeyli vaxtdır ki, tütün dəriminə start verilib. Kəndlilər tütün dərimini vaxtında və
itkisiz başa çatdırmaq üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə
düzərək qurudurlar. Bu günə kimi isə 7 ton
yaş tütün tədarük olunub. GOYEZEN.AZ
Facebook-da paylaş