Qazaxda əkin işləri sürətlə davam edir » Göyəzən internet portalı


Qazaxda əkin işləri sürətlə davam edir

Qazaxda əkin işləri sürətlə davam edir
Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil.

Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.

Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir.

Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.

Rayonumuzda da Respublika Prezidenti İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatlarına yararlı əkin sahələrinin genişləndirilməsi, keyfiyyətli şum, əkin-səpin işlərinin aparılması və məhsuldar toxum sortlarının əldə olunması sahəsində tapşırıq və tövsiyələri uğurla həyata keçirilir.

Belə ki, hal-hazırda əkinə yararlı olan torpaq sahələrində bu istiqamətdə xeyli işlər görülüb. 2017-ci il üçün rayonumuzda 8558 hektar sahədə taxıl, o cümlədən 6138 hektar buğda, 2420 hektar arpa əkilməsi nəzərdə tutulub.

Rayon Kənd Təsərrüfatı İdarəsindən GOYEZEN.AZ saytına verilən məlumata əsasən dekabr ayının 8-dək 9446 hektar sahədə taxıl səpini aparılıb. O cümlədən 7207 hektar sahədə buğda, 2259 hektar sahədə arpa səpini işləri həyata keçirilib.

Bu isə ötən ilə nisbətən xeyli çoxdur. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

İdarədən verilən məlumata görə bundan başqa taxıl səpini aparılmış sahələrdə suvarma və ziyanvericilərə qarşı mübarizə tədbirləri də həyata keçirilir.


Facebook-da paylaş